Blog Arşivi

17 Ocak 2014 Cuma

Əli İnsanovdan iqtidara sərt ittihamlar

Bakı Apelyasiya Məhkəməsi bu bəyanatlarla silkələndi: “Fikrət Məmmədov nəyə arxayındır?; ”Danışanları Sirus Təbrizli kimi zəhərləyib öldürürlər; “Gecə-gündüz məndən əfv yazmaq diləyirlər, yazmıram”...
Yanvarın 17-də Bakı Apelyasiya Məhkəməsində sabiq səhiyyə naziri Əli İnsanovun iki şikayəti üzrə məhkəmə keçirilib. Sonuncu dəfə mətbuatla 2006-cı ildə məhkəməsi zamanı birbaşa təmasda olan və kifayət qədər sərt danışan sabiq nazir təxminən 8 illik fasilədən sonra ilk dəfə məhkəməyə gətirildiyi üçün ona diqqət böyük idi.

Bu səbəbdən də Ə.İnsanov, görünür ki, bu məhkəmələrin sonda onunla bağlı qərarda heç nəyi ciddi dəyişməyəcəyini bildiyindən hakimiyyətə ünvanlı sərt bəyanatlar verərək diqqəti özünə cəlb etmək istəyib və buna nail də olub. Bunu sübut edən yalnız bir faktı diqqətə çatdıraq. Yanvarın 17-də axşama yaxın belə bir məlumat aldıq ki, Ə.İnsanovun məhkəmədə dediklərinin mediada yayılması və videogörüntülər hakimiyyətdə ciddi narahatlıq yaradıb. Mümkündür ki, məhkəmənin sonrakı günlərində mediaya texniki vasitələrlə işləmək qadağan olunsun.

İlk olaraq hakim Sənan Hacıyevin sədrliyi ilə sabiq səhiyyə nazirinin Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinə qarşı şikayətinə baxılıb. Məhkəməyə gətirilən Ə.İnsanov xəstəliyi ilə bağlı deyilənlərə rəğmən şux və şən görünüb. Hələ proses başlamamışdan jurnalistlər uzaqdan Əli İnsanovdan özünü necə hiss etdiyini soruşublar. “Necəsiniz” sualına sabiq səhiyyə naziri “Əla”, cavabını verib.

Onun hüquqlarını isə vəkillər Ağaveyis Şahverdi və Toğrul Babayev müdafiə ediblər.
Prosesdə çıxış edən Ə.İnsanov deyib ki, onun şikayəti birbaşa ədliyyə naziri Fikrət Məmmədova qarşıdır: “O nəyə arxayındır ki, nəinki özü məhkəməyə gəlmir, eyni zamanda heç etibarnamə verib bir nümayəndəsini də məhkəməyə göndərmir”.

Sabiq nazir Fikrət Məmmədovun prezidentlə qohumluğunu xatırladaraq “Fikrət Məmmədovun məhkəməyə gəlməsinin təmin olunması barədə vəsatət verirəm. Tələb edirəm ki, o, məhkəməyə gəlsin, mənim ona çoxlu sualım var” deyib.

Bu zaman Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin nümayəndəsi söz alıb və xatırladıb ki, Penitensiar Xidmət Ədliyyə Nazirliyinin bir strukturudur, Əli İnsanovun şikayəti də nazirliyin məhz bu strukturundandır. Penitensiar Xidmətin nümayəndəsi bildirib ki, bu səbəblərdən məhkəmədə onun iştirak etməsi kifayətdir və işə Ədliyyə Nazirliyindən nümayəndə olmadan baxılması mümkündür.

Ə.İnsanovun vəkilləri buna etiraz ediblər və Ədliyyə Nazirliyindən nümayəndənin məhkəməyə gəlməsini istəyiblər. Əli İnsanov da bu məsələyə reaksiya verib: “Haradadır bu məmləkətin ədaləti ki, ədalətin başında duran adam özü məhkəməni sayıb məhkəməyə gəlmir? Fikrət Məmmədov nə vaxtdan Əli İnsanovu saymır?”

Sabiq nazir iddia edib ki, ona verilən əzab-əziyyətin başında Fikrət Məmmədov durur.
Hakimlər yerində müşavirə keçiriblər. Müşavirə başa çatandan sonra hakim Ə.İnsanovun vəkillərinin iddiasını təmin edərək elan edib ki, məhkəmə cavabdeh Ədliyyə Nazirliyinin nümayəndəsi olmadan işə baxılmasını mümkünsüz sayır, ona görə də proses yanvarın 31-dək təxirə salınıb.

Təxirə salınma barədə qərar Ə.İnsanovun etirazına səbəb olub: “Yəqin siyasi göstəriş belədir ki, proses uzansın. Bunlar məhkəməni uzatmaq üçün bəhanə axtarırlar”.
Günün ikinci yarısında Bakı Apelyasiya Məhkəməsində keçmiş səhiyyə nazirinin şikayəti üzrə ikinci proses keçirilib. Bu dəfə keçmiş nazirin əsas ittiham - 11 il müddətinə azadlıqdan məhrum edilməsi ilə bağlı hökmdən şikayətinə baxılıb.

Ə.İnsanov məhkəmədəki çıxışında siyasi sifarişlə həbs edildiyini bildirib və hakimiyyətə sərt ittihamlar səsləndirib. Əli İnsanov deyib ki, 9 oktyabr seçkilərində xalq İlham Əliyevə səs verməyib və dünya onu prezident kimi tanımır. Sabiq nazir “gecə-gündüz məndən əfv yazmaq diləyirlər, yazmıram” deyib. Sabiq nazir hakimiyyəti “təpədən dırnağa qədər cinayət içində” olmaqda suçlayıb. Ə.İnsanov deyib ki, hakimiyyət haqqı danışan adamları sevmir: “Onları Şahmərdan Cəfərov, Elmar Hüseynov, Ziya Bünyadov kimi güllələyir, Sirus Təbrizli kimi zəhərləyib öldürür, Əli İnsanov kimi həbsə atır. Amma belə getməyəcək...”
“Xalqın iradəsi üzərində Allahdan başqa güc yoxdur. Mən bura susmağa gəlməmişəm, danışmağa gəlmişəm” deyən Ə.İnsanov doqquz ildir işgəncə çəkdiyini söyləyib: “Bircə qəbiristanlıq qalıb...”

O deyib ki, təkrar məhkəmə Avropa Məhkəməsinin qərarı əsasında keçirilir.

“Ali Məhkəmənin sədri Ramiz Rzayev qanunun tələbi yox, prezidentin göstərişi əsasında qərar çıxarır. Məni həbsdə saxlamaq üçün birinci instansiya məhkəməsinin hökmünü ləğv etmədilər. Halbuki Avropa Məhkəməsinin aşkarladığı pozuntular orda baş vermişdi. Ramiz Rzayev Avropa Məhkəməsinin qərarının icrasına imkan vermədi. Ramiz Rzayev deyir ki, biz müstəqil dövlətik, heç bir beynəlxalq təşkilat bizə göstəriş verə bilməz. Nə qədər qüsurlu tezisdir? Otuza yaxın məhkəmə iddiam olub, yüzə yaxın məhkəmə iclası keçirilib. Necə ola bilər ki, bunların birində də vətəndaşın xeyrinə qərar çıxarılmasın?..” deyə, Ə.İnsanov şikayətlənib.

Ə.İnsanov hakimlərin halına acığını söyləyib: “Sizin halınıza acıyıram. Hüqo deyirdi ki, diktatura və inqilab əkiz qardaşdır. Bu ölkədə diktatura var. İnqilabı da NİDA vətəndaş hərəkatı başlayıb və bu proses başa çatacaq...”

Bu iş üzrə də məhkəmə yanvarın 31-də davam edəcək.

Xatırladaq ki, Əli İnsanov 2005-ci ildə tutulub, iqtisadi cinayətlərdə təqsirli bilinərək 11 il müddətinə azadlıqdan məhrum edilib.

0 comments:

23 Aprel hərəkatı


23 Aprel hərəkatı ılə tanışlıq:
23 Aprel hərəkatı qeyrətli Azərbaycan xalqının 23 aprel 2012-ci il bazar ertəsi günü geniş və sensasiyalı gecə etirazlarının dəstəkləyicisi olmuşdur və ölkə də baş verən hadisələr və hakimiyyətin qanunsuz işlərinə görə və həmçinin xalqımızın haqqını tələb edən, gənclər vasitəsi ilə yaradılıb.
23Aprel hərəkatı ölkədə öz fəaliyyətini azadlıq ,islahat və bərabər insan hüquqları nail olana qədər davam edəcək.

23 aprel logosı

23 aprel