Blog Arşivi

7 Ocak 2014 Salı

Mövsüm Səmədovla bağlı ölkə başçısına müraciət


AİP-in Baş Məclisi adından dövlət başçısı İlham Əliyevə müraciət ünvanlanıb. Müraciətdə bildirilir ki, Baş Məclis üzvləri partiya sədri Hacı Mövsün Səmədovun qanunsuz həbsinin siyasi sifariş olması, ona qarşı qərəzli və böhtan xarakterli ittihamın irəli sürülərək həbs edilməsini əsas gətirərək onun azadlığa buraxılması üçün dövlət başçısına müraciət qəbul etməyi lazım bilib.
 
Müraciətdə Azərbaycan İslam Partiyasının yarandığı gündən müsəlman xalqımızın, bütün vətəndaşlarımızın xoşbəxt gələcəyi uğrunda əzmlə mübarizə apardığını, siyasi fəaliyyəti dövründə Vətən, xalq, dövlət qarşısında öhdəsinə düşən vəzifələrin ləyaqətlə yerinə yetirdiyi vurğulanır. Başda Hacı Mövsüm Səmədov olmaqla din alimlərinin həbsxanalarda günahsız yerə əzab çəkmələri, ailələrindən uzaq düşmələri, çoxminli sosial bazaya malik partiya üzvlərinin, xüsusən ölkədə dini cameənin ciddi narahatlığına səbəb olduğu da söylənilir. 
Müraciətdə bildirilir ki, Hacı Mövsümə qarşı irəli sürülən ittihamlara, onun və digər islamçıların cinayət tərkibli əməl törədə biləcəklərinə onları tanıyan yüz minlərlə insan inanmır və onları günahsız hesab edir və dindarlar günahsız insanların, dinimizin müqəddəs dəyərlərinin daşıyıcılarının məhkum olunduqları 12 illik həbs müddətindən əvvəl azad edilməsini ədalətin təntənəsi kimi dəyərləndirərdi.

29 dekabr məhbuslarının işindən şikayət verilib


Qarabağ döyüşçüsü Zaur Həsənovun ölümü ilə əlaqədar ötən il dekabrın 29-da Bakının Fəvvarələr meydanında keçirilən aksiyada tutulan 6 gəncin işindən apellyasiya şikayətləri verilib.
Səbail Rayon Məhkəməsi dekabrın 29-da bitərəf Samir Poladovu 15 sutkalığa həbs edib. Digər həbs qərarları dekabrın 30-da çıxarılıb. Bitərəf Orxan Eyyubzadə 18 sutka, Müsavat Partiyasının üzvləri Tural Sadıxlı 17 sutka, Cavid Hacıbəyli 16 sutka, AXCP üzvləri Orxan Carçı 16 sutka, Türkel Əlisoy 15 sutka həbs cəzası alıb.
Yanvarın 7-də “Media forum” saytına danışan vəkil Nemət Kərimli deyib ki, 6 gəncin işindən şikayətlər Səbail Rayon Məhkəməsinə təqdim olunub. Şikayətlərə Bakı Apellyasiya Məhkəməsi baxacaq. Vəkillər həbs qərarlarının ləğvini istəyirlər.
Nemət Kərimli əlavə edib ki, inzibati cəzanı Bakı polisinin Binəqədidəki məntəqəsində çəkən gənclərin saxlanma şəraitindən müəyyən narazılıqları var, onlar əsasən yeməyin keyfiyyətindən şikayətlənirlər.
Qarabağ müharibəsinin əlili Zaur Həsənov Həmkarlar İttifaqları Konfederasiyasına etiraz əlaməti olaraq dekabrın 25-də Bakıda özünü yandırıb və üç gün sonra vəfat edib. Dekabrın 29-da aksiya keçirən fəallar onun ölümündə günahkar olanların məsuliyyətə cəlb olunmasını tələb ediblər.

ABŞ-ın keçmiş səfiri: “Azəbaycanda heç bir dəyişiklik olmayacaq”


Riçard Kozlariç: “Azərbaycanın sərvətindən mənfəəti kiçik qruplar götürürlər”

ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Riçard Kozlariç “Azadliq” radiosuna müsahibə verib.

- Əliyev-Sərkisyan görüşündən nə gözləyirsiniz?

- Keçmiş təcrübəyə əsasən deyə bilərəm ki, çox az şey gözləyirəm. Kaş ki, yanılmış olaydım. Ümid etmək istərdim ki, əsl ciddi danışıqlar səhnə arxasında gedir. Minsk Qrupunun yeni amerikalı vasitəçisi təcrübəli, yaradıcı diplomatdır. Buna baxmayaraq, açıq olan informasiyadan görünmür ki, Bakı və ya İrəvan bu münaqişənin Minsk Qrupu prosesi çərçivəsində həllinə doğru ciddi addımlara hazırdırlar.

- Azərbaycanda insan haqlarının vəziyyəti onun ABŞ-la münasibətlərini nə dərəcədə təsirləndirir?

- Yaxın perspektivdə mən bunun münasibətləri təsirləndirəcəyini gözləmirəm. Lakin uzaq perspektivdə, əgər Azərbaycan insan haqları ilə bağlı vəziyyəti yaxşılaşdırmasa, ABŞ-la şərikli dəyərlərə əsaslanan strateji partnyorluq mümkün olmayacaq.

- Seçki müşahidəçisi Anar Məmmədli Yeni il ərəfəsində həbs edilib. 140 siyasi məhbus hələ də həbsxanadadır. ABŞ Anarın azadlığa buraxılması üçün müraciət edib. Bu məsələlərdə Bakıya təsir göstərmək üçün daha nələri etmək olar?

- ABŞ və bir sıra başqa ölkələr Anar Məmmədlinin azad olunmasına çağırıblar. Bakı rejimi bu çağırışları, ən azı ictimaiyyət qarşısında, qulaqardına vurub. Bunun özü göstərir ki, hazırkı rejim öz vətəndaşlarının təməl insan haqlarına hörmət barədə öhdəliklərinə əməl etmir. 10 gün bundan əvvəl Əli Həsənov demişdi ki, hökumət Anar Məmmədlinin həbsi ilə bağlı bəyanatları “öyrənir”. Mən ümid edirdim ki, bu, hakimiyyətin beynəlxalq diqqətdən narahatlığını əks etdirir. Lakin heç nə baş vermədi.

- Azərbaycan tezliklə böyük qaz ixracatçısına çevriləcək. Bu, Bakının beynəlxalq mövqeyini necə möhkəmləndirə bilər?

- Biz hamımız “Şahdəniz-2” müqaviləsinin əhəmiyyətini dəyərləndirərkən ehtiyatlı olmalıyıq. Bu, 3 hissədən ibarət layihənin yalnız birinci hissəsidir. Ən nikbin proqnozlara görə də bu qaz Türkiyə və Avropaya qarşıdan gələn 4-5 ildə hələ axmayacaq. Bunun üçün həm də TAP və TANAP boru kəmərlərinin maliyyələşdirilməsi və tikintisinə vəsait qoyulmalıdır. Bu isə layihənin dəstəkçilərinin istədiyi sürətlə baş verməyə bilər.

Bu miqyasda kəmərlər üçün gecikmələr təbiidir. Burada həmçinin Türkiyə daxili siyasətində baş verənlərin bu ölkənin belə böyük layihələr üçün kreditlər alma qabiliyyətini qeyri-müəyyən şəkildə təsirləndirə biləcəyi nəzərə alınmalıdır.

Bütün bunlar TANAP layihəsi üçün lazım olan xərcləri indi olduğundan daha yüksək səviyyəyə qaldıra bilər və nəticədə tikinti ləngiyər. Bu layihənin Azərbaycanın beynəlxalq mövqeyinə təsirini qiymətləndirmək də hələ tezdir, çünki beynəlxalq enerji bazarlarındakı dəyişikliklər Azərbaycanın enerji ehtiyatlarının mühümlüyünü azaldıb.

- Bakı korrupsiyanın cilovlanması üçün nə edə bilər və ABŞ-ın bu məsələdə köməyi ola bilərmi?

- Türkiyə, Çin və Rusiya həll olunmayıb qalan korrupsiya probleminin zərərini görürlər. Qanunun aliliyinin gücləndirilməsi və Azərbaycanın enerji ehtiyatlarından gələn gəlirlərin necə istifadə edilməsi sahəsində şəffaflığın təmin olunması istiqamətində addımların atılması gecikdirildikcə, sosial təzyiqin artması gözləniləndir, çünki yalnız yaxşı əlaqələrə malik kiçik qruplar Azərbaycanın sərvətindən mənfəət götürürlər.

ABŞ və başqaları (Dünya Bankı da daxil olmaqla) texniki yardım təklifi veriblər, lakin hakimiyyət korrupsiya problemini azaltmağa yönəlmiş zəruri islahatların keçirlməsi üçün həmin köməkdən istifadə etmək istəmir.

Mən inanıram ki, Azərbaycanın Avropa İttifaqı ilə assosiasiya sazişini imzalamaq istəməməsinin bir səbəbi də bu saziş üçün tələb olunan islahatlar qarşısındakı qorxudur.

23 Aprel hərəkatı


23 Aprel hərəkatı ılə tanışlıq:
23 Aprel hərəkatı qeyrətli Azərbaycan xalqının 23 aprel 2012-ci il bazar ertəsi günü geniş və sensasiyalı gecə etirazlarının dəstəkləyicisi olmuşdur və ölkə də baş verən hadisələr və hakimiyyətin qanunsuz işlərinə görə və həmçinin xalqımızın haqqını tələb edən, gənclər vasitəsi ilə yaradılıb.
23Aprel hərəkatı ölkədə öz fəaliyyətini azadlıq ,islahat və bərabər insan hüquqları nail olana qədər davam edəcək.

23 aprel logosı

23 aprel