Blog Arşivi

21 Aralık 2013 Cumartesi

Azərbaycan İslam Partiyası Allahşükür Paşazadəyə müraciət etdi

Azərbaycan İslam Partiyası keçirdiyi dəyirmi masanın yekunu olaraq Qafqaz Müsaəlmanları İdarəsinin rəhbəri Hacı Allahşükür Paşazadəyə müraciət ünvanlayıb. Müraciətə səbəb bu il bayramın İslam Peyğəmbərinin vəfat günü ilə üst-üstə düşməsidir ki, siyasi qurum buna riayət olunmasını istəyir. Partiyanın mətbuat xidmətinin yaydığı müraciətdə deyilir:

 “Hörmətli Hacı Allahşükür Paşazadə! Sizə məlumdur ki, bu ilin dekabr ayının 31-i əziz İslam Peyğəmbəri Həzrət Muhəmmədin (s) vəfatı, həmçinin İmam Həsənin (ə) şəhadəti günüdür. Eyni zamanda həmin tarix  bildiyiniz kimi miladi təqvimi ilə yeni il axşamı, “yolka şənliyi”, “şaxta baba” bayramıdır.  Əslində ilimiz 365 gün olmaqla bu günlər arasında  öz-özlüyündə fərqli və üstün olan bir gün yoxdur. Zamanın daim hərəkətdə olması və dəyişkənliyi ona əzəmət  verməyi qəbul etməz. Hər bir zamanın və tarixin  yaxşılığı ilə pisliyi  həmin günün baş verən hadisələri ilə qiymətləndirilir, yad edilir. Deməli, zamanın şərəfi həmin tarixin insanları və ümumən bəşəriyyəti üzləşdirdiyi vaqeələrlə bağlı olduğunu dərk ediriksə, o zaman Əziz Peyğəmbərimizin  vəfatı kədərini yaşamağın  hər bir müsəlman üçün necə həssas bir məqam olduğunu bilməliyik.

Bizi narahat edən hal son günlər  cəmiyyətdə, 97 faizi müsəlman olan, Peyğəmbərini (s)  qəbul edən insanların sadaladığımız  hadisələrə mahiyyətsiz yanaşmaları, bəzən isə üstünlüyün tariximizə, milli adət-ənənələrimizə, mental dəyərlərimizə və mənəviyyatımıza uyğun gəlməyən qondarma şənlik və bayramların keçirilməsinə verilməsidir. Biz bunun başlıca səbəblərini uzun onilliklər boyu Allahsız bir rejimin təsiri və təzyiqi altında yaşamaqda görürük. Təəssüflər olsun ki, müsəlman bir məmləkətin bu günündə də əziz Peyğəmbərimizin vəfatı, imamımızın şəhadəti kimi bizi paklaşdıran məqamları  mahiyyətsiz, mənəvi, həm də iqtisadi baxımdan zərərli  bir janqlyorluğa qurban veririk.

Düşünürük ki, bu gün hətta Həzrət İsa Məsih həyatda olsa idi belə, O həzrət  nəinki doğum gününü şənlik edərdi, hələ öz dövründə insanları Muhəmməd  Peyğəmbərin (s) gəlişi ilə müjdələməsi göstərir ki, bu günü matəm edərdi, əza saxlayardı.

Hesab edirik ki, Peyğəmbərin (s) vəfatı gününü ümumxalq anım  günü kimi  keçirmək vacib məsələlərdəndir. Həmin gün televiziya kanallarında bayram şouları  məhdudlaşdırılmalı, ilahiyyatçı alimlərin moizə və söhbətlərinə geniş yer ayrılmalıdır. Ona görə ki, Allahın zati-müqəddəsindən başqa Həzrət Muhəmməddən böyük bir düha aləmdə yoxdur.

Bütöv müsəlman dünyasının  bir parçası sayılan ölkəmizdə xalqımız  və hər bir müsəlman üçün anılması zəruri olan belə günlərin  təsadüf etdiyi qondarma şənlik ənənələri təxirə salınmalıdır. Necə ki, sadə insandan tutmuş dövlət başçısına kimi yaxın, doğma bir  adamı dünyasını dəyişəndə balasının toy şənliyini belə yarımçıq buraxır, və ya dayandırır, təxirə salır. Amma bu günə görə, bütün müsəlmanlar, xalqımız və bütövlükdə bəşəriyyət onlara böyük və ülul-əzm peyğəmbər kimi göndərilən Rəsulun (s)  vəfatı ilə kədərlənməlidirlər.

Vətənimiz hər an zalım düşmənlə üz-üzədir. Torpaqlarımız işğal altındadır. Azərbaycan şəhidlər diyarıdır. Dünyada müsəlman xalq, Peyğəmbər (s) ümməti kimi tanınırıq. Din təəssübkeşliyi, Allah və Peyğəmbər sevgisi, Əhli-beyt aşiqliyi canımızda, qanımızdadır. Bu müqəddəs sərvətlər uğrunda  şəhadətə hazır olmayınca arxayınçılıq, rahatlıq bizlərə haramdır. İnsanlara İslamın  bu kimi əsl mahiyyətini aşılamaq, maarifləndirmək üzərinizə düşən  böyük məsuliyyətdir. Müsəlman xalqı üçün əvəzsiz mahiyyət daşıyan tarixi günlərin hər şeydən öncə anılması  vacib olan addımların  başlanğıcı olmalıdır. Ümid edirik ki, cəmiyyətimizi narahat edən hallarla bağlı müraciətimizdən nəticə çıxaracaq, konkret addımlar atacaqsınız.”

Taleh Bağırovun məhkəmə işindən Ali Məhkəməyə müraciət olunub



Həbsdə olan ilahiyyatçı Taleh Bağırovun məhkəmə işindən Ali Məhkəməyə müraciət olunub
Bu gün Bakı Apellyasiya Məhkəməsində həbsdə olan ilahiyyatçı Taleh Bağırov barəsində olan hökmdən verilən apellyasiya şikayəti əsasında məhkəmə prosesi davam etdirilib.
Vəkil Cavad Cavadlının apa-ya verdiyi məlumata görə, prosesdə müdafiə tərəfi məhkəmənin ilkin baxış iclasından kassasiya şikayəti verdiklərini bildiriblər. Bunun üçün proses qeyri-müəyyən vaxtadək təxirə salınıb. C. Cavadlı bildirib ki, ilkin baxış iclası zamanı müdafiə tərəfinin prosesin istintaqla aparılması barədə verdiyi vəsatət təmin edilməyib. Həmin qərardan kassasiya şikayəti verilib.
Qeyd edək ki, Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin T. Bağırovla bağlı yaydığı məlumatda bildirilirdi ki, həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Taleh Bağırov və Anar Məlikov saxlanılıblar. Baxış zamanı Taleh Bağırovun üzərindən 1,026 qram heroin, Anar Məlikovdan isə “Makarov” tipli tapança, 4 patron və 1 bıçaq götürülüb. Faktla bağlı cinayət işi başlanıb və hər iki şəxs həbs olunublar.
Məlumatda o qeyd olunub ki, aprelin 2-də naməlum şəxslər Nardaran qəsəbəsində yerləşən, xalq artisti Zeynəb Xanlarovaya məxsus bağ evinin qarşısında avtomat silahdan atəş açaraq yandırmaq məqsədilə onun həyətinə içərisinə yandırıcı maye doldurulmuş şüşə qablar atıblar. Daha sonra vətəndaş Rafiq İbrahimovun bağ evinin həyətinə də yandırıcı qablar atılıb birinci mərtəbənin şüşələri sındırılıb və divarına “Taleh Bağırova azadlıq!” sözləri yazılıb. Elə həmin gün, təxminən saat 05.35 radələrində Bakı şəhər İcra Hakimiyyətinin yaxınlığında şübhəli şəxs qismində Bəxtiyar Qurbanov və Röyal Əsgərov saxlanılıb, əllərindəki çantadan 1 ədəd 5 litrlik plastmas su qabında və 4 ədəd 1 litrlik qablarda benzin, daş parçası, pambıq, süngər və köhnə şalvar götürülüb.
Sabunçu Rayon Məhkəməsinin hökmü ilə T. Bağırov 2 il müddətinə azadlıqdan məhrum edilib.

Şərhsız…


Azərbaycan neftini orta hesabla $110,15-dan ixrac edir



Dövlət Gömrük Komitəsinin məlumtına görə, 2013-cü ilin 11 ayında Azərbaycan 31 milyon 370 min 276.4 ton neft ixrac edib.
Hesabat dövründə Bakı-Tbilisi-Ceyhan (BTC) kəməri ilə 25 milyon 240 min 449.2 ton, Bakı-Supsa kəməri ilə 3 milyon 652 min. 874,2 ton, Bakı-Novorossisk kəməri ilə 1 milyon 580 min 428 ton, dəmir yolları vasitəsilə isə 896 min 525 ton neft (ExxonMobil şirkəti “Azəri” və dərinsulu “Günəşli” yataqlarındakı payını Bakı-Batumi marşrutu ilə ixrac edir – Caspian Barrel) ixrac edilib.
Dövlət Gömrük komitəsi xəbər verir ki, yanvar-noyabrda bəyannamə edilmiş neftin həcmi  22 milyon 803,249 ton, dəyəri  isə $18 milyard 587 milyon 892.15 min təşkil edib. İlin əvvəlindən Azərbaycan bir ton nefti  orta hesabla $815.14 və ya hər bareli $110,15-dan ixrac edib.
Həmçinin hesabat dövründə BTC ilə “Şahdəniz” yatağından hasil edilmiş 2 milyon 27,343 min ton kondensat ixrac edilib.

Rusiyaya gələn miqrantlar 2015-ci ildən rus dili, tarix və qanunvericiliklə bağlı imtahan verəcəklər


Rusiya Dövlət Duması RF-də yaşamaq və işləmək hüququ almaq istəyən əcnəbi vətəndaşların rus dili, tarix və qanunvericiliyin əsasları üzrə icbari qaydada imtahan verməsi ilə bağlı qanun layihəsini II və III oxunuşda təsdiq edib.
 «RİA Novosti» agentliyinə istinadən , bu icazənin alınması üçün xarici dövlətlərin vətəndaşları həmin imtahanların verilməsi haqqında müvafiq sertifikat və ya SSRİ dövründə (1 sentyabr 1991-ci ilədək) təhsil alması ilə bağlı sənəd (orta məktəb attestatı və ya ali təhsil məktəbinin diplomu) təqdim etməlidir. Sertifikat verildiyi tarixdən 5 il müddətində qüvvədə olacaq.

Qeyd edək ki, yüksək dərəcəli mütəxəssislər, iş qabiliyyəti olmayan şəxslər, 18 yaşınadək və 60 yaşdan yuxarı olanlar, həmçinin xüsusi dövlət proqramı çərçivəsində RF-yə köçən repatriantlar imtahanlardan azaddır.

Yeni qanun 2015-ci il yanvarın 1-dən qüvvəyə minəcək. Artıq yaşamaq hüququ almış şəxslər isə bu hüququn vaxtının uzadılması zamanı imtahanların verilməsi ilə bağlı sertifikatı təqdim etməli olacaqlar.

Bundan başqa, Dövlət Duması RF-yə vizasız gələn və işləmək icazəsi almaq istəyən şəxslərin narkoman olmaması və onlarda cəmiyyət üçün təhlükəli olan xəstəliklərin olmaması haqqında arayış təqdim etməsi ilə bağlı qanunu təsdiqləyib.

Rəsul Quliyev yeni partiya yaradır



Rəsul Quliyevin Azərbaycandakı nümayəndəsi Ağasif Şakiroğlu Hafta.az-a açıqlamasında yaradılan yeni partiya haqda məlumat verib.

O bildirib ki, partiyanın adı üçün öncə nəzərdə tutulan variantlardan imtina ediblər: “Partiyanın təşkilat komitəsi təsis edilib. Azərbaycan siyasi sahəsində aktiv olan və tanınmış ziyalılar partiyada təmsil olunacaq. İctimai fəallardan Gülanrə Rüstəmli, ziyalılardan Ağa Abdullayev, 199-2009-cu illərdə Binəqədi rayon bələdiyyə üzvü olan Niyaz Sadıqov və digər şəxslər olacaq. Partiyanın adı üçün öncə Yeni Nəfəs, Doğru yol, Demokratik Yol variantları üzərində müzakirə aparırdıq. Biz Yeni Nəfəs Partiyası olmasını istəyirdik. Dünən Yeni Nəfəs gənclər hərəkatından müraciət etdilər ki, ad yeni olduğu üçün bu məsələyə yenidən baxaq. Biz də müzakirə etdik və sonda “Gələcək Azərbaycan” Partiyası adlanmasını qərarlaşdırdıq”.

A.Şakiroğlu struktur forması haqda da məlumat verib: “Partiya kollektiv idarəetmə ilə olacaq. Sədr gənc biri olacaq. İdarə heyətinin 13 üzvü olacaq, biri sədr olacaq. Digər 12 İH üzvündən 4-ünün yaşı 29-a qədər, 4-ü 29-dan 40-a qədər, digər 4-ü isə 40-dan 60 yaşa qədər olacaq. Mənim şəxsi mövqeyim belə idi ki, partiyanın sədri subay olsun və sədrlik dönəmində evlənməsin. Amma digər həmkarlar bu məsələni müsbət qarşılamadı. Bu məhdudiyyət aradan qaldırıldı”.

Ağasif Şakiroğlu bildirib ki, yaxın aylarda partiya elan ediləcək: “Təşkilat Komitəsi hazırda Bakı şəhərində 11 rayon üzrə TK yaradır. Yanvarın sonuna təsis konfrnası və təqdimat, fevralın sonunda isə qurultay keçirməyi planlaşdırırıq. Partiyanın hüquqi ünvanı və əlavə qərargahı da olacaq. Biz hakimiyyətə iddialı bir partiya yaradırıq. Partiyanın Rəsul Quliyevə, Əli İnsanova, Hüseyn Abdullayevə aidiyyatı yoxdu. Bu adamlar sadəcə mənəvi dəstək verəcəklər”.

Sərkisyan İlham Əliyevə səs verəcək



Ölmədik, bu xəbəri də eşitdik. Mən isə onun yerinə olsaydım, ölüb yerə girərdim. Amma çox şükür ki, onun yerində deyiləm və xəcalətdən yerə girəsi bir adam varsa, o da odur. Sərkisyanı demirəm, o zatən canlı ölüdür.
Ermənistan prezidenti Serj Sərkisyanın səlahiyyətləri çərçivəsində olsaydı, İlham Əliyevə səs verərdi.
Xəbərdə deyilir: “Ermənistan üçün Azərbaycandakı prezident seçkilərində İlham Əliyevin qalib gəlməsi sərfəlidir. Ermənistan üçün demokratiya yolunda hərəkət edən qonşuların olması vacibdir. Bu baxımdan bizə, bir qonşu və xüsusilə danışıqlarda tərəfdaş kimi, demokratik Azərbaycan sərfəlidir. Lakin bunu kənara qoysaq, Ermənistan üçün İlham Əliyevin seçilməsi daha məqbuldur. Çünki biz Dağlıq Qarabağla bağlı çətin də olsa, uzun danışıqlar yolu keçmişik. Təxmini də olsa, problemin həlli yolları müəyyənləşib.” – Ukrayna mətbuatı belə yazıb.
Bu sətirləri Azərbaycan müxalifəti qəzetləri – “Azadlıq”, “Yeni Musavat” yazsa idi, YAP asanlıqla deyərdi ki, müxalifətin mitinq keçirtdiyi bir gündə bu da YAP və prezident əleyhinə bir təxribatdır. Lakin, şükürlər olsun ki, Ukrayna mətbuatı yazır. Bəs burda bu qədər şişirdiləsi nə var ki?
O var ki, bir insanı hamı sevə bilməz. Hamının sevdiyi insan isə heç vaxt yaxşı insan ola bilməz. Niyə? Çünki “hamı” dedikdə pislər də, zalımlar da, cındırlar da bura daxildir. Fərz edək ki, bir nəfəri məzlum da sevir, zalım da, dindar da, kafir də, bomj da, məsələn, Müdafiyə naziri də, yaxud, hansısa vicdan məhbusu da, Siyavuş Novruzov da. Bu əlbəttə, ilk növbədə mümkün olan iş deyil. Mümkünlüyünü xəyal etsək belə, deməli, bu sevilən insan yaxşı insan deyil, yaxud da bir gün yaxşıdır, bir üzdədir, sabah pisdir, digər üzünü göstərir. Bu, mümkün deyil.
Yaxşı insan isə odur ki, onu yaxşılar sevsin, məsələn, məzlumlar, müstəzəflər, mücahidlər, kasıblar, haqlı insanlar, neinki ramizmehdiyevlər, siyavuşnovruzovlar, əlihəsənovlar, əliəliyevlər, mübarizqurbanlılar, çingiz qənizadələr, hadırəcəblilər, ziyaməmmədovlar və s.
İlham Əliyevin isə bəxti yoxdur, bütün ölkədə biabır olub. Nə var ki, Serj Sərkisyan İlham Əliyevdən yanadır. Azərbaycan müxalifətinin ən böyük uğuru bəlkə də bu oldu ki, işğalçı, terrorçu, qaniçən Ermənistanın qaniçən başçısı onların (müxalifət) seçilməsini arzulamadı. Hərçənd, YAP özünü biabır etməmək üçün (baxmayaq ki, YAP-ın daha abrı qalmayıb) deyər ki, görürsünüzmü, düşmən də etiraf edir ki, İlham Əliyev iş görür, boş oturmayıb.
Sərkisyan isə İlham Əliyevi diktator, qeyri-demokratik, həm də Azərbaycanı qeyri-demokratik bilməsindən əlavə, ona daha da diktatorluq arzu edir və Azərbaycan xalqını qarğış edir.
Nitqə fikir verin: ” Ermənistan üçün demokratiya yolunda hərəkət edən qonşuların olması vacibdir. Bu baxımdan bizə, bir qonşu və xüsusilə danışıqlarda tərəfdaş kimi, demokratik Azərbaycan sərfəlidir. Lakin bunu kənara qoysaq, Ermənistan üçün İlham Əliyevin seçilməsi daha məqbuldur. ” Deməli, Ermənistana demokratik qonşu lazım olduğu halda, bunu kənara qoyur, bunun kənarında isə İlham Əliyevin seçilməsi var. Bundan başqa İlham Əliyev üçüncü dəfə seçilsə, artıq bu hakimiyyətin diktatorluq olması rəsmləşəcək. Çünki demokrtiyanın kənarında İlham Əliyev var. Ya İlham, ya demokratiya!
Bəlkə də tülkü Serj fikirləşir ki, əşşi, İlham pisdi-yaxşıdı, heç olmazsa bizimlə işi yoxdur, bizə güllə atanları həbs edir, Qarabağda şəhid olmuşların qardaşını türməyə qandallayır, Qarabağ əlillərinə, şahid ailələrinə yaxşı baxmır, bundan yaxşı bizə dost ola bilər? Doğrudan da elədir, qardaşın qardaş üçün etmədiyini İlham Əliyev Ermənistan üçün edir. Bundan yaxşı insan tapmaq olar. Qoy rahatlıqla Ermənistan tərəfi İlham Əliyevin diktatura rejiminin başında durmasından razılıq eləsin.

Azərbaycanlı ailə Almaniyadan vəhşicəsinə qovuldu



İki il yarımdır bu ölkəyə sığınan Həsənovlara əşyalarını toplamaq üçün cəmi yarım saat vaxt veriblər, alman humanitar təşkilatı hakimiyyətin bu addımına cavab olaraq etiraz aksiyalarına çağırır

Azərbaycandan qaçaraq Almaniyaya sığınmış azərbaycanlı ailəsi bu ölkədən xüsusi qəddarlıqla qovulub.

Virtualaz.org Almaniya mediasına istinadən xəbər verir ki, Həsənovlar ailəsi 3-ü azyaşlı uşaqlar olmaqla 5 nəfərdən ibarət olub. Ailə bu ölkənin Kronax əyalətində qaçqınlar üçün düşərgədə qalırmış. Almaniyada fəaliyyət göstərən humanitar təşkilat yerli hakimiyyətin bu qeyri-humanist addımını kəskin pisləyərək etiraz aksiyalarına çağırıb.

“Plassenburg” radiosunun (radio-plassenburg.de) xəbərinə görə, “Çətinliyə düşmüş insanlara humanitar kömək Assosiasiyası” adlı alman təşkilatının rəhbəri Tom Sauer bəyan edib ki, hakimiyyətin qaçqın ailəsinə qarşı siyasətindən və hərəkətlərindən sarsılıb.

“Bu, Yeni il ərəfəsində heç bir normalara sığmayan siyasətdir, hakimiyyətin qeyri-ciddliyini, humanitar normalara əməl etmədiyini göstərir. Cəmi bir gün əvvəl regional yepiskop həmin qaçqın düşərgəsinə baş çəkərək insanlara yardım aparıb. Bundan cəmi bir gün sonra polis bölmələri qaçqın düşərgəsinə basqın edərək həmin insanları götürüb. Bu, hansı insanlığa sığır?” - deyə təşkilat rəhbəri bildirib.

Məlumata görə, Həsənovlar ailəsi Azərbaycandan iki il yarım əvvəl Almaniyaya mühacirət edib və o vaxtdan Kronax əyalətindəki qaçqın düşərgəsində yaşayırdı. Ailənin üç azyaşlı uşağından birinin psixi pozğunluqları var, eyni zamanda Azərbaycanda aldığı kütləvi zədələrin təsirləri ilə yaşayır.

Ailə dekabrın 19-da səhər tezdən deportasiya olunub. Rəsmi orqanlar bu deportasiyanı şərh etmir.

Virtualaz.org saytının araşdırmasına görə, azərbaycanlı ailənin Almaniyadan qovulması bir neçə yerli KİV-də işıqlandırılıb. Belə ki, np-coburg.de saytının yazdığına görə, Kronax əyalətinin miqrasiya və inteqrasiya xidmətinin rəisi Herd Ueykert deyib ki, polislər səhər tezdən düşərgəyə gəliblər və ailəyə əşyalarını toplamaq üçün cəmi yarım saat vaxt veriblər.

“Yeni İlin başlamasına (xristian təqvimi ilə dekabrın 25-nə-red.) cəmi beş gün qalmış üç azyaşlı uşaqla birlikdə ailənin bu cür deportasiya edilməsi mənasızdır və qeyri-insanidir” - deyə Herd Ueykert bildirib.

O da məlum olub ki, alman polisi ailəni deportasiya etmək üçün düşərgəyə gələndə Həsənovlar ailəsinin uşaqlarından biri məktəbdə imiş. Polis 9 yaşlı uşağı hamının gözü qarşısında məktəbdən sürüyüb çıxarıb və maşına oturdaraq ailənin qalan üzvləri ilə birlikdə birbaşa Frankfurt aeroportuna aparıb.

“Çətinliyə düşmüş insanlara humanitar kömək Assosiasiyası”nın rəhbəri Tom Seuer deyib ki, ailə Almaniyaya 2011-ci ildə gəlmişdi və onlara 6 və 2 yaşlarında iki oğlan uşağı ilə birlikdə düşərgədə sığınacaq verilmişdi. 2013-cü ildə ailədə bir qız uşağı da dünyaya gəlib. T.Sauer deyib ki, ailənin böyük uşağı Kronax əyalətinə təzə gələndə ciddi psixoloji problemləri var idi və bu da uşağın Azərbaycanda aldığı travmaların nəticəsi idi. Buna baxmayaraq uşaq yerli həkimlərin və psixoloqların köməyi ilə qismən düzəlib və məktəbə gedirmiş.

“Qəfil deportasiya nəticəsində uşağın davam etməkdə olan müalicəsi də kəsilib. İndi biz narahatıq ki, müalicə nəticəsində əldə edilmiş ilkin müsbət nəticələr də hədər gedəcək” - deyə Tom Sauer bildirib.

Ailənin yerli vəkili dekabrın 19-da məhkəməyə müraciət edərək deportasiyanın qarşısını almağa çalışsa da bu cəhd boşa çıxıb. Ailənin deportasiya olunacağı barədə heç kimə, o cümlədən onların özlərinə də məlumat verilməyib.

H.Ueykert və T.Sauer alman hakimiyyətinin bu cür deportasiya metodunun başqa qaçqın ailələrinə də tətbiq edilə biləcəyini deyir. Onlar bildirir ki, hakimiyyətin insan haqlarını kobud şəkildə pozan bu addımından sarsılıblar.

Azərbaycanlı ailənin deportasiyasına qarşı etiraz aksiyası keçiriləcəyi gözlənilir. Həsənovlar ailəsinin Azərbaycandan hansı motivlərlə mühacirət etdiyi isə məlum deyil.

23 Aprel hərəkatı


23 Aprel hərəkatı ılə tanışlıq:
23 Aprel hərəkatı qeyrətli Azərbaycan xalqının 23 aprel 2012-ci il bazar ertəsi günü geniş və sensasiyalı gecə etirazlarının dəstəkləyicisi olmuşdur və ölkə də baş verən hadisələr və hakimiyyətin qanunsuz işlərinə görə və həmçinin xalqımızın haqqını tələb edən, gənclər vasitəsi ilə yaradılıb.
23Aprel hərəkatı ölkədə öz fəaliyyətini azadlıq ,islahat və bərabər insan hüquqları nail olana qədər davam edəcək.

23 aprel logosı

23 aprel