Blog Arşivi

17 Şubat 2013 Pazar

Baş dəyişməlidir, başçı yox!

Iki rayonun icra başçısı işdən çıxarıldı. O rayonlarda insanların sevinci yəqin ki, aşıb daşır.
Bunu yaxşı başa düşürəm.
Ancaq sevinmək üçün bu hadisələr heç cir ciddi əsas ola bilməz.
Çünki başçılar yox, baş dəyişməlidir. Ölkəni səfalətə, ədalətsizliyin girdabına salan başçı!
Sizi düşünməyə dəvət edirəm; başçılar işdən çıxarıldı, lap yaxşı, bəs buna niyə rəsmi izahat verilmir?
Səbəb niyə göstərilmir?
Bu necə şəffaf idarəetmədir?
Niyə xalqı tapmaca tapmağa vadar edirlər?
Azərbaycan xalqı 15 ilə yaxındır ki, Eldar Namazovun, Vəfa Quluzadənin, Tofiq Zülfüqarovun işdən niyə çıxarıldığının rəsmi səbəbini öyrənməmişkən, əhalini növbəti “istefa” xəbərləri qarşısında çaş-baş qoymaq nəyə xidmət edir?
Bəyəm, işdən çıxarılma sərəncamında göstərilə bilməzdi ki, adamı qabiliyyətsizliyinə, xalqın qayğısına qala bilmədiyinə görə vəzifədən kənarlaşdırılır?
Bu işdən çıxarma mənə Heydər Babayevin nazir postundan uzaqlaşdırılmasını xatırladır. Onu elə bir vaxtda işdən çıxartdılar ki, rəsmi məlumatlarda Azərbaycan iqtisadiyyatı zirvələri fəth edirdi. Ağıllı adamlar o zaman çox təəccübləndilər: iqtisadiyyat belə çiçəklənirsə, bəs iqtisadi inkişaf nazirini niyə cəzalandırırlar?
Indi də başçı çıxarılıbsa, izahat verilməsə də, deməli, o, işinin ödhəsindən gəlməyib, xalqda əsaslı etiraz, narazılıq yaradıb. Çox yaxşı, anladıq.
Bəs bu “işini bacarmayan”, “qudurğan övlad yiyəsi” günahkardırsa, ona qarşı çıxanların günahı nədir?
Niyə başçıya etiraz edən Ismayıllı sakinləri, eləcə də Ilqar Məmmədov, Tofiq Yaqublu həbsə atılır?
Bütün bunlar onu göstərir ki, Ilham Əliyevin atdığı addımlar emosiyalara söykənir, onların arasında xalqın mənafeyini güdən məqsəd axtarmaq sadəlövhlükdür.
Təkrar etməyə məcburam: Ilham Əliyevin iki icra başçısını azad etməsi boş söhbətdir. Bunu hamınız bilin! Icra başçısı dəyiş-düyüşü, uzaqbaşı ölkədə bir günlük gündəmi dəyişə bilər, vəssalam!
Mitinq və aksiya həb kimi
Ancaq bir məsələ var. Ilham Əliyev bu sərəncamlarla bizə gözəl bir mesaj verdi. Bizi başa saldı ki, onunla, onun komandasıyla ən yaxşı tərbiyəvi davranış metodu kütəvi aksiyalardır, mitinqlərdir, piketlərdir. Ancaq bu yolla onlara təsir göstərə, insaniləşdirə bilərik.
Yoxsa, bu vaxta qədər o başçısı dəyişən rayonlardan xalq Prezident Aparatına, qəzetlərə nə qədər şikayət məktubları yollamışdı... Onların hamısını qulaqardına vurmuşdular. Mitinqi isə qulaqardına vurmaq olmur. Elə deyilmi?
Əli Kərimli barədə namaz bəhanəsi
Bir tərəddüd içindəyəm. Mütləq bir təşəkkür borcum var. Amma onun ünvanını tapmaqda çətinlik çəkirəm. Yazım, bəlkə siz yardımçı olasınız.
Özünü ruhani sayan birilə ölkədəki vəziyyəti müzakirə edirdim. Görüşümüzü təsadüfi saymaq olardı. O da ölkədə işlərin yaxşı getmədiyini deyirdi, mən də. Mən ona proseslərə qoşulmağı, mübarizəyə fayda verməyi təklif etdim.
Məndən soruşdu:
- Sizin rəhbər kimdir?
- Əli Kərimli!
- Namaz qılırmı?
- Yox.
- Namaz qılmayan adamın arxasınca necə gedə bilərəm? O hələ özünü cəhənnəm əzabından xilas eləsin, sonra məni bu dünyanın cəfasından xilas edər...
Razılaşaq ki, qulağa xoş gələn arqument gətirdi.
Ancaq...
Mən ona dedim ki, namaz qılan mübarizə insanı sənin üçün belə vacibdirsə, o zaman haqq sözü deyib zindana düşən Islam Partiyasının sədri Mövsüm Səmədovun ardınca get; partiyaya inanmırsansa, heç bir siyasi bağlılığı olmayan, namaz qılıb şərə, heydərizmə savaş açdığına görə həbsə düşən Hacı Abgül Süleymanovun davamçısı ol...
Hə, bax, bundan sonra bütün bəhanələr payız yarpağı kimi havada yelləndi.
Həmsöhbətim tərk-silah oldu və söhbəti dəyişdi. Indi mən bilmirəm, yalançı dindarları, namaz-orucu özünə maska edənləri susdurmaq üçün bizə güclü nümunə, arqument verdiyinə görə Mövsüm Səmədova, Hacı Abgülə təşəkkür edim, ya onları həbsə atmaqla bu arqumenti gücləndirəm rejimə?

Natiq Güləhmədoğlu

Saray əhli

 Bu, hakimiyyətdəki qudaların yalnız kiçik bir siyahısdır.
Son zamanlarda məmurların adları mətbuatın gündəmində müxtəlif xəbərlərdə hallanır. Ən maraqlısı isə tez-tez iki məmurun ya da deputatların quda və qohum olması xəbərləridir. Bu günlərdə belə bir məlumat Gəncənin icra başçısı Elmar Vəliyev haqqında yayıldı. İcra başçısının Baş Prokurorluğun idarə rəisi Əzizağa Həsənovla quda olduğu deyilir.
 Azərbaycanda hansı məmurlar bir-biri ilə qohum olub?
Başlayaq elə bu barədə xəbərləri yayılan Elmar Vəliyevdən. O, Baş Prokurorluğun idarə rəisi olan Əzizağa Həsənovla quda olub, icra başçısı idarə rəisinin qızını oğluna alıb. Ə.Həsənov əslən Salyan rayonundandır və onun qardaşı Hüseynağa Həsənov bu rayonun mərkəzi Xəstəxanasının baş həkimidir.
Elmar Vəliyevin qardaşı Şahmar Vəliyevin isə Prezidentin mühafizə xidmətinin rəisi general Bəylər Əyyubovla qohum olduğu deyilir.
Mətbuatda adı tez-tez hallanan nəqliyyat naziri Ziya Məmmədov da oğlu üçün məmur qızına elçi düşənlərdəndir. Belə ki, bu yaxınlarda toyu olan Anar Məmmədov Hesablama Palatasının sədri Heydər Əsədovun qızı ilə ailə qurub.
Ziya Məmmədov buna qədər sabiq baş hərbi komissar, Salyan rayonunun keçmiş icra başçısı, hazırki deputat Əliağa Hüseynovla qohum olub. Məlumata görə, Ziya müəllimin qızı Nigar xanım Əliağa müəllimin oğlu ilə ailəı qurub.
Nəqliyyat naziri həm də deputat Sabir Rüstəmxanlı ilə qohumdur. Belə ki, millət vəkili Sabir Rüstəmxanlı və Azəri-Türk Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlının oğlu Cəmil Rüstəmxanlının bir müddət öncə Ziya Məmmədovun qardaşı İldırım Məmmədovun qızı Günel xanımla evlənib.

Yol verin, qudam gəlir...

Analoji qohumluq münasibəti təhsil naziri Misir Mərdanovla məşhur Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin sabiq hakimi Mənsur İbayev arasında da var.
Qətlə yetirilmiş general Rail Rzayev də general Əliağa Hüseynovun qardaşı ilə qohumdur.
Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbovla rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov da qudadır.
Daha bir məşhur quda isə sabiq səhiyyə naziri Əli İnsanovla Bakı şəhər Baş Polis İdarəsinin sabiq rəisi, hazırda Prezident Administrasiyasında şöbə müdiri vəzifəsini tutan general Məhərrəm Əliyevdir.
Azərbaycanda yüksək vəzifələrdə işləyən, bu və digər qohumluq əlaqələri olan xeyli məmur var. Daxili işlər naziri Ramil Usubovun isə Xətai rayonunun prokuroru Yusif İldırımzadə ilə quda olması məmur qudalarının sayını artırıb.
Azərbaycanın ən nüfuzlu məmurlarından biri, fövqəladə hallar naziri Kəmaləddin Heydərov ötən il Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyevin qızını gəlin gətirib. Fövqəlnazir kiçik oğlu Nicat Heydərova Elçin Quliyevin qızını almaqla qohum olan məmurların siyahısını artırıb.
Ötən il övladlarına toy edib məmur quda qazananlardan biri də milli təhlükəsizlik naziri Eldar Mahmudov olub. Nazir oğluna Beynəlxalq Bankın rəhbəri Cahangir Hacıyevin qızını alıb.
Nəqliyyat nazirinin müavini Musa Pənahov Moldovanın keçmiş prezidenti Vladimir Voroninlə qudadır. Musa müəllimin oğlu Voroninin nəvəsi ilə evlənib.
Baş nazirin müavini Abid Şərifovun gəlini daxili işlər nazirinin sabiq müavini, mərhum Rövşən Cavadovun qızıdır.
Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadə Milli Məclisin deputatı Qalib Salahzadə ilə qudadır.
Baş prokurorun birinci Rüstəm Usubovla müdafiə sənayesi naziri Yavər Camalovu da qudaqlıq münasibətləri bağlayır. Rüstəm müəllimin qızı Yavər Camalovun oğlu ilə evlənib.

... Ən əziz adam gəlir

Vergilər naziri Fazil Məmmədovun da qohumu olan məmur var. Fazil Məmmədovun bacısının həyat yoldaşı Binəqədi rayonunun hazırki icra başçısı Xaləddin İsgəndərovdur.
Mərkəzi Bankın rəhbəri Elman Rüstəmovla “Meliorasiya və Su Təsərrüfatı” ASC-nin sədri Əhməd Əhmədzadənin də sözügedən qohumluq münasibətlərində olması bəllidir...
Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, Milli Məclisin deputatı Səttar Mehbalıyevlə qudalıq qohumluğundadır.
Azərbaycan məmurlarının vəzifəli şəxslərlə qohum olması yalnız ölkə daxili ilə məhdudlaşmır. Xarici dövlətlərlə quda olan, nəvələrinə kirvə tutan nazirlərimiz, deputatlarımız da var.
Son günlər adı mətbuatdan düşməyən əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərov qızlarından birini Rusiya Gömrük Komitəsi sədrinin müavininin oğluna ərə verib. Maraq doğurduğundan onu da bildirək ki, iki dövlətin quda olan vəzifə sahibləri övladlarının toy mərasimini Yunanıstanın paytaxtında Afinanın ən bahalı otellərindən birində təşkil ediblər.
Milli Məclisin spikeri Oqtay Əsədov Samux rayon İcra Hakimiyyətinin başçısı Alı Qocayevlə qudadır.
Azərbaycan Ziyalılar Forumunun yaradıcılarından biri, Prezident Katibliyinin sabiq rəhbəri Eldar Namazovla Azərbaycan Diplomatik Akademiyasının rektoru, Azərbaycanın ABŞ-dakı sabiq səfiri Hafiz Paşayev qohum olublar. Məlumata görə, Eldar Namazovun ABŞ-da təhsil alan oğlu Saqif Namazov Hafiz Paşayevin nəvəsi ilə nişanlanıb.
Tovuz rayonunun sabiq icra başçısı, hazırda Dövlət Statistika Komitəsi sədrinin birinci müavini vəzifəsini tutan Həmid Bağırov Azərbaycan Tibb Universitetinin rektoru, deputat Əhliman Əmiraslanovla qohumdur. Həmid Bağırov Əhliman Əmiraslanovun qaynıdır.
Bu, hakimiyyətdəki qudaların yalnız kiçik bir siyahısı idi. Amma hökumətdə, digər hakimiyyət qollarında yüksək postlarda qərar tutan bir çox məmurlar da var ki, digər qohumluq əlaqələrindədirlər.
Nə demək olar, Allah bütün qudaları mehriban eləsin!

“Bu həbslər müxalifəti daha da birləşdirəcək”


AXCP və Müsavat liderləi İlqar Məmmədovla Tofiq Yaqublunun həbsinə münasibət bildirdi
Fevralın 4-də Müsavat başqanının müavini Tofiq yaqublu və “ReAL” hərəkatının sədri İlqar Məmmədov İsmayıllı hadisələrinə görə təqsirləndirilərək barələrində 2 aylıq istintaq müddətinə həbs-qətimkan tədbiri seçilib. Bununla bağlı AXCP sədri Əli Kərimli və Müsavat başqanı İsa Qəmbərin mövqeyini öyrəndik.

Hakimiyyət öz taktikasını elan etdi

Əli Kərimli:
- Tofiq Yaqublu və İlqar Məmmədovun İsmayıllıda baş verən hadisələrlə bağlı həbs olunması onu göstərdi ki, Azərbaycanda son günlər artan gərginlik, etiraz hərəkatına qarşı hakimiyyət öz taktikasını müəyyənləşdirib: bundan sonra da yalnız repressiyalarla, öz haqqını tələb edən insanlara qarşı şər və böhtan üsuluyla, həbslərlə narazılıqları yatırmaq. Xalqı dinləmək, problemləri aradan qaldırmaq, ictimai-siyasi çevrələrlə dialoq yaratmaq kimi niyyətlərində qətiyyən olmadıqlarını nümayiş etdirdilər.
Bu həbsləri Azərbaycandakı qeyri-qanuni rejim həyata keçirsə də, məsuliyyəti həm də bugünlərdə Avropa Şurasının Parlament Asambleyasında Ştrasserin siyasi məhbuslarla bağlı hazırladığı məruzəni dəstəkləməkdən imtina edən Avropanın kürüsevər deputatları da bölüşürlər. Məhz Qərbdəki himayədarlarına güvəndiyinə görə Azərbaycan hökuməti bu qədər aşırı şəkildə hər gün insan haqlarını, hüququ, qanunu ayaq altına atıb tapdalaya bilir.
Bu həbslərin məqsədi ictimai-siyasi fəalları daha fəal mövqe bildirməkdən çəkindirməkdir. Həm Tofiq Yaqublu, həm İlqar Məmmədov xaraktercə elə insanlardır ki, əminliklə deyə bilərəm, bu haqsız cəza onların mövqeyinə hər hansı dəyişiklik etməyəcək.
Onu da deyə bilərəm ki, bu həbslər müxalifətdə, demokratik düşərgədə nəinki ruh düşkünlüyünə səbəb olmayacaq, əksinə, onun daha ciddi birləşməsinə gətirib çıxaracaq. Ölkənin bütün demokratik kəsimi hökumətin mesajını almış olacaq ki, o, hər hansı formada nə indi, nə gələcək haqda düşünür; ehtimal oluna biləcək hər cür alternativləri məhv etmək istəyir. Ona görə də zalım hakimiyyətə qarşı bütün demokratik qüvvələr tərəddüdsüz bir araya gəlməli, birlikdə mübarizə aparılmalıdır. Eyni zamanda Azərbaycan xalqı, o cümlədən regionlarda yerli padşahların zümündən boğaza yığılmış insanlar da başa düşəcək ki, onların problemləri lokal problemlər deyil, hər bir rayon ayrı-ayrılıqda öz zülmkarından azad oluna bilməz, bütövlükdə ölkəni zülmkarlardan, zalımlardan xilas etmək üçün ümumilli etiraz hərəkatında birləşmək lazımdır. Dinc və kütləvi mübarizəylə rejimə qalib gəlmək olar və olacaq da.

Hakimiyyət müxalifətin xalqla birliyindən qorxur

İsa Qəmbər:
- Biz dəqiq bilirik ki, nə müavinim Tofiq Yaqublu, nə də “ReAL” hərəkatının sədri İlqar Məmmədovun İsmayıllı hadisələrində bilavasitə iştirakı olub. Onlar sadəcə orada vəziyyəti dəyərləndirmək, öz gözləriylə görmək üçün hadisənin ikinci günü, yanvarın 24-də ora səfər ediblər. Bildiyim qədər qısa müddət orada olublar. Bəllidir ki, əsas hadisə 23-dən 24-nə keçən gecə olub. Ona görə də bu ittihamlar yalan üzərində qurulub, tamamilə absurddur.
Hakimiyyət repressiyanı dərinləşdirməklə müxalifəti, demokratik düşərgəni qorxutmaq, mübarizədən çəkindirməyə çalışır. Xüsusən də müxalifətin cəmiyyətlə, xalqla bütünləşməsindən qorxur. Ona görə də bu həbslərlə siyasətçilərə mesaj verməyə çalışır ki, gərginlik olan bölgələrə, xalqın ayağa qalxdığı əyalətlərə səfərlərdən çəkinsinlər. Ancaq bu, mənasız addımdır. Bu addımlarla nə Müsavat partiyasını, nə “ReAl” hərakatını, nə də digər qüvvələri mübarizədən çəkindirmək mümkün olacaq.

23 Aprel hərəkatı


23 Aprel hərəkatı ılə tanışlıq:
23 Aprel hərəkatı qeyrətli Azərbaycan xalqının 23 aprel 2012-ci il bazar ertəsi günü geniş və sensasiyalı gecə etirazlarının dəstəkləyicisi olmuşdur və ölkə də baş verən hadisələr və hakimiyyətin qanunsuz işlərinə görə və həmçinin xalqımızın haqqını tələb edən, gənclər vasitəsi ilə yaradılıb.
23Aprel hərəkatı ölkədə öz fəaliyyətini azadlıq ,islahat və bərabər insan hüquqları nail olana qədər davam edəcək.

23 aprel logosı

23 aprel