Blog Arşivi

29 Aralık 2013 Pazar

İslam Partiyası Şəhidlər Xiyabanını ziyarət edəcək



Dekabrın 31-də İslam Peyğəmbərinin vəfatı və İmam Həsən Müctəbanın şəhadəti günü ilə əlaqədar Azərbaycan İslam Partiyası da tədbir keçirəcək.
Partiyanın mətbuat xidmətin verilən məlumatda bildirilir ki, Allah-təalanın aləmlərə rəhmət olaraq göndərdiyi Peyğəmbərin vəfatı və onun Əhli-beytindən olan İmam Həsənin şəhadəti günündə anmaqla əza saxlamaq dünyanın 50 milyonluq  müsəlman azərbaycanlılarının da üzərinə düşən müqəddəs vəzifədir.

Azərbaycan İslam Partiyası dekabrın 31-i saat 11.00-da şəhidlər diyarı Azərbaycanın azadlığı, torpaqlarımızın bütövlüyü və dinimizin qorunması uğrunda  canlarından keçmiş şəhidlərin məzarlarını ziyarət etmək üçün bütün inanclı insanları, din, Vətən, torpaq təəssübkeşlərini bölgələrdə və paytaxtdakı  “Şəhidlər xiyabanı”nda ziyarət  etməyə çağırıb.

İki ayın əsgəri dünyasını dəyişdi


Daxili Qoşunların əsgəri dünyasını dəyişib. Hadisə Daxili Qoşunların Sumqayıtda yerləşən “N” saylı hərbi hissəsində qeydə alınıb. Hərbi hissənin əsgəri, 18 yaşlı Rəhman Tacik oğlu Mirməmmədov xidmətdə olarkən qəflətən yıxılıb. Təcilli yardım ilə xəstəxanaya aparılan əsgər yolda dünyasını dəyişib.

Əsgərin ölümünün səbəblərini müəyyənləşdirməkdən ötrü ekspertiza təyin edilib.

Daxili Qoşunların mətbuat xidmətindən APA-ya faktı təsdiqləyiblər. Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, R. Mirməmmədov bu ilin oktyabrında Şəmkir rayonundan həqiqi hərbi xidmətə çağırılıb.

AXCP və Müsavatdan bugünki aksiyada həbs edilənlər


Dünən Fəvvarələr meydanında keçirilmiş etiraz aksiyası zamanı saxlanılanlarla bağlı məlumatlar yayılıb. Tural Abbaslı Müsavat gənclərindən 5 nəfərin saxlandığını bildirib: "Mənə verlən məlumata əsasən Fəvvarələr meydanında keçirilən aksiya zamanı Rüfət Hacıbəyli, Cavid Hacıbəyli, Tural Sadıxlı, Samir Poladov, Orxan Eyyubzadə və Cavanşir Abbaslı mülkü geyimlilər tərəfindən saxlanılaraq naməlum istiqamətə aparılıblar. Məlumatı dəqiqləşdirməyə çalışırıq".

EYni zamanda AXCP-nin mətbuat katibi Natiq Ədliov da saxlanılanlarla bağlı məlumat yayıb: "AXCP Rəyasət Heyətinin üzvü Asif Yusifli və Məclis üzvü Sultan Murad həbs olunaraq Lökbatan polisində saxlanırlar. Bu barədə polisdəki adının çəkilməsin istəməyən mənbə xəbər verib. Onun sözlərinə görə saxlanılanlara qarşı zorakılıq tətbiq edilir.
Sultan Murad indicə yazdığı smsdə "polisdəyik" yazıb. Heç biri telefona cavab vermir. Təxmini məlumatlara görə onları yas mərasimində etdikləri çıxışa görə tutblar".

Bakı-Şamaxı yolu iflic olub: kilometrlərlə tıxac yaranıb



Bakıda yaxın dörd  saat ərzində kilometrlərlə tıxac yaranıb.Bakı-Şamaxı yolu demək olar ki, hər istiqamətdə hərəkət üzrə tamamilə iflic olub. Saat 17:30-dan Sulutəpə istiqamətindən də şəhərə doğru hərəkət dayanıb, lakin, saat 21:00 radələrində isə şəhər istiqamətində yol açılsa da, əks istiqamətdə yol bağlanıb. Hazırda Bakıdan həmin istiqamətdə hərəkət demək olar ki, mümkünsüzləşib.

Bakının əsas küçə və prospektlərində tıxac yaranıb. Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) verilən məlumata görə, paytaxtın Afiyəddin Cəlilov, Niyazi küçələrində, həmçinin Tiflis, Neftçilər, Bülbül prospektlərində, 3-cü mikrorayon dairəsində, 20 Yanvardan Xırdalan istiqamətində böyük tıxac yaranıb.

NİİM-dən həmçinin bildiriblər ki, 20 Yanvardan Xırdalan istiqamətində tıxacın yaranmasına səbəb şəhərdən çıxan avtomobillərin sayının çox olması ilə bağlıdır.

 

Xankəndinin işğalından 22 il ötür


Bu gün Azərbaycanın Xankəndi şəhəri və ətraf ərazilər üçün mühüm strateji əhəmiyyətə malik ola Kərkicahan qəsəbəsinin ermənilər tərəfindən işğalından 21 il ötür.
1991-ci il dekabrın 28-də Kərkicahan qəsəbəsinin işğalı ilə Xankəndi və ətraf ərazilərin işğalı başa çatdırılıb.
İşğal gününə qədər Xankəndi ərazi vahidliyinin tərkib hissəsi olan Kərkicahanın müdafiəsi kənd sakinlərindən yerli özünümüdafiə dəstələrindən, yeni yaranmış olan polis və Milli Ordunun bir qrup əsgərləri tərəfindən təşkil olunub.
Xankəndi istiqamətindən Kərkicahana doğru hücuma keçən erməni silahlılarının istifadəsində olan hərbi texnika və ağır silahların qarşısında bu cür müdafiə dəstələri son nəticədə geri çəkilməyə məcbur olublar. Özünümüdafiə dəstələrinin bir müddət erməni silahlılarının hücumlarının qarşısını almaları nəticəsində dinc əhali qəsəbədən çıxarılıb.
İşğaldan əvvəl əhali 350 ailə təsərrüfatı nəzdində 1796 nəfər təşkil edib. İki orta məktəb, bir uşaq bağçası, bir kitabxana, bir klub, bir ATS, on dükan, bir tibb ambulatoriyası, müxtəlif istehsal sahələrinə aid olan beş sex və digər məişət-iaşə obyektləri dağıdılıb.
Kərkicahan və ətraf ərazilər uğrunda gedən döyüşlərdə 34 nəfər şəhid olub, 150 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıblar. Şəhid olanlardan 3 nəfər qadın, 2 nəfər azyaşlı uşaq olub
.

Qarabağ qaziləri aksiya keçirir


50-yə yaxın Qarabağ qazisi bu dəqiqələrdə Bakının 5 saylı klinik xəstəxanasının qarşısında aksiya keçirir. Qazilər ötən gün özünü yandıran ikinci qrup Qarabağ əlili Zaur Həsənova dəstəklərini ifadə edirlər.
Xəstəxananın həyətinə yüzlərlə Qarabağ qazisi və əlilliyi olan vətəndaşlar toplaşıblar. Qarabağ Qazilər Birliyinin rəhbərliyi və üzvləri, həmçinin Qarabağ Azadlıq Təşkilatının üzvləri də buradadır. Onlar Z.Həsənovun özünü intihar həddinə çatdırmasına səbəb olan şəxslərin cəzalandırılmasını tələb edirlər.
Qeyd edək ki, Zaur Həsənovu 5 saylı Şəhər Klinik Xəstəxanasının yanıq şöbəsində müalicə olunur. O, qanuni obyektinin deputat Səttar Mehbalıyev tərəfindən yağmalanmasına etiraz olaraq özünü yandırıb.
Həmçinin Qarabağ qaziləri tərəfindən baş verənlərə etiraz olaraq aksiya da təyin olunub. Aksiya ilə bağlı artıq sosial şəbəkələrdə dekabrın 28-də saat 15:00-da Fəvvarələr meydanında “Qaziləri yandırma!” şüarı ilə aksiya keçirilməsi barədə elan yerləşdirilib. Aksiyanın “event”ində bildirilir:
“Əziz qardaşlar, bacılar, dostlar, yoldaşlar! Bu gün hamımızın qanın donduran hadisə baş verdi. Həmkarlar İttifaqı Konfedrasiyasının sədri, deputat Səttar Mehbalıyevin haqsızlığıdan təngə gələn Qarabağ qazisi Zaur Həsənov özünü yandırdı. Müharibə şəraitində yaşayan, torpaqlarının 20 faizi yağı işgalda olan bir ölkədə Qarabağ qazisinin özünü odlaması bizim hamımızın vicdanını silkələməlidir. Bu, rəzalətdir! Mən özüm Qarabağ qazisiyəm. Baş verənlərə laqeyd qalmamağı bütün qazi dostlarımdan, döyüşçülərdən, bu xalqın, bu ölkənin təəssübünü çəkən hər kəsdən rica edirəm. Bunun üçün hətənin altıncı günü saat 3-ə aksiya elan edirəm. O vaxta qədər tələbimiz bu olmalıdır: deputat Mehbalıyav qazini, 5 uşaq atasını və elə o uşaqları da bədbəxt etdiyinə görə ictimai qaydada üzr istəməli, Qazimizə edilən haqsızlıq dərhal aradan qaldırılmalıdır. Sabah və biri gün üçü isə görəcəyimiz iş: qazi qardaşımızı tək qoymamaq, xəstəxanaya baş çəkib onun ziyarətində olmaq!”.

Prezident Administrasiyasının qarşısında aksiya keçirilir

Şəhid ailələrinin üzvləri və Qarabağ əlilləri bu dəqiqələrdə Prezident Administrasiyasının (PA) binası qarşısında aksiya keçirir.
Etiraz aksiyasının keçirilməsinə səbəb Konstitusiya Məhkəməsində “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” qanunun bəzi müddəalarının şərh olunması üçün bu il oktyabrın 25-də növbəti, xüsusi konstitusiya icraatı qaydasında keçirilən iclasın qərarının hələ də elan olunmamasıdır. Yada salaq ki, həmin iclas Fərhad Abdullayevin sədrliyi ilə və Ali Məhkəmənin sorğusu əsasında keçirilib. Üstündən iki ay keçməsinə baxmayaraq onun nəticəsindən hələ də bir xəbər yoxdur.
Şikayətçilər iki aydan artıq vaxt keçməsinə baxmayaraq onlara bu barədə heç bir məlumatın verilməməsinə, adıçəkilən qanunun bəzi müddəalarının şərh olunması üçün növbəti xüsusi konstitusiya icraatı qaydasında keçirilən iclasın qərarının elan olunmamasına etiraz edirlər.
Xatırladaq ki, Qarabağ əlilləri və şəhid ailələri dekabrın 5-də Konstitusiya Məhkəməsinin binasının qarşısında piket keçirmişdilər. Onlara yaxın 10 gün ərzində qərarın təqdim olunacağı sözü verilmişdi.
Hazırda PA-nın binası qarşısında 50-60 insan var. Adamların axını davam edir.
Aksiyaçıların bir qrupu PA-nın qəbul otağına dəvət olunub. PA əməkdaşları ilə onların arasında söhbət gedir.
Bu arada onu da deyək ki, aksiya iştirakçılarına və hadisəni işıqlandıran jurnalistlərə təzyiq var. Qəhrəmanov soyadlı mayor xüsusilə “fərqlənir”…

25 Aralık 2013 Çarşamba

İlham Əliyev yenidən məmurlara xəbərdarlıq etdi

"Azərbaycan sosial dövlətdir. Əsaslı iqtisadi islahatların aparılması ilə bərabər, güclü sosial siyasətin həyata keçirilməsi bugünkü reallıqları müəyyən edir. Əlbəttə ki, gələcəkdə də bu sahəyə diqqət daha da böyük olacaq".

Bunu Bakının Sabunçu rayonunun Yeni Ramana qəsəbəsində Sağlamlıq İmkanları Məhdud Gənclərin Peşə Reabilitasiya Mərkəzinin yenidənqurmadan sonra açılış mərasimində iştirak edən prezident İlham Əliyev deyib.

Prezident İlham Əliyev ölkədə həyata keçirilən sosial islahatların davamlı olacağını vurğulayaraq ədalət prinsipinin cəmiyyətdə mühüm meyarlardan biri olduğunu qeyd edib.
"Bəzi hallarda ədalət pozulur. Ədalət pozulduqda insanların inamı itir. Çünki ən böyük problem odur ki, beynəlxalq əlaqələrdə, ölkələr arasındakı münasibətlərdə və istənilən sahədə ədalət pozulur. Ona görə hər yerdə ədalət olmalıdır.

Mən bilirəm, yəqin ki, siz də, ictimaiyyət də bilir, ünvanlı sosial yardım ilə bağlı problemlər var idi. Onlar aradan qaldırılacaq. Ədalətsizliyə yol verilirdi. Yardıma ehtiyacı olanlar yardım ala bilmirdilər. Ehtiyacı olmayanlara müəyyən şərtlərlə yardımlar verilirdi. Mən dəfələrlə vətəndaşlara müraciət etmişəm ki, xoşagəlməz hallar haqqında, ədalət pozulduqda məlumat versinlər.

Mən əminəm ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bütün xoşagəlməz halları yaxın zamanda aradan götürəcək. Ciddi təmizlik işləri aparılır, rüşvətə, korrupsiyaya bulaşmış məmurlar işdən çıxarılır. Mən bunu alqışlayıram. Hər bir yerdə belə olmalıdır. Ədalət və eyni münasibət hamıya olmalıdır və olacaq. Bilirsiniz, beynəlxalq əlaqələrdə də, beynəlxalq məsələlərdə də ədalət pozulur. Bizim Qarabağ kimi problemimiz ona görə həll edilmir ki, ədalət yoxdur. Beynəlxalq hüquq, ədalət, tarixi ədalət pozulur. Ancaq bəzi ermənipərəst qüvvələr bunu görmək istəmirlər. Ədaləti bərpa edəcəyik, həm ölkə daxilində, həm beynəlxalq müstəvidə.

Ona görə istəyirəm ki,bu gün məni bütün məmurlar bir daha eşitsinlər. Mən bu barədə dəfələrlə demişəm. Azərbaycan dövləti korrupsiyaya, rüşvətxorluğa qarşı bundan sonra da çox ciddi və güzəştsiz, amansız mübarizə aparacaq".

AİP Ərbəin günü ilə bağlı regionlarda tədbirlər keçirib

Salyan, Masallı, Lənkəran və digər regionlarda keçirilən tədbirlər böyük izdihamla baş tutub 
Azərbayca İslam Partiyası Kərbəla şəhidlərini yad ediblər. Salyan, Masallı, Lənkəran və digər regionlarda keçirilən Ərbəin məclisləri izdihamlı olub. Quran tilavəti ilə açılan dini xütbələr və mərsiyələr oxunub. 
 
Məclislərdə AİP funksionerləri – sədr əvəzi Elçin Manafov, sədrin birinci müavini İnqilab Əhədli, siyasi məsələlər üzrə müavin Akif Heydərli,  Qadınlar Şurasının sədri Növrəstə İbrahimova  və digərləri iştirak ediblər.. 
 
Çıxış edənər İmam Hüseynin (ə) həyat yolundan, onun mübarizə məktəbinin fəlsəfəsindən danışıblar 
 

24 Aralık 2013 Salı

Vəzifəli şəxslərin avtokolleksiya xəstəliyi


Psixoloq Azad İsazadə: “Bu, təkcə rüşvətxorluq deyil, həm də görməmişlikdi”
Azərbaycanda yüksək vəzifəli şəxslərin dəbdəli həyat tərzi keçirmələri heç kimə sirr deyil. Bizim ölkənin məmurları korrupsiya və rüşvət hesabına həddən artıq varlanıblar. Bəzən onların övladları o dərəcədə harınlayırlar ki, atalarının dövlətdən və xalqdan oğurladıqları pullar hesabına topladıqları haram varidatı sosial şəbəkələrdə nümayiş etdirirlər.
Məmurlar oğurladıqları xalq və dövlət pulundan özlərinə daşınar və daşınmaz əmlaklar alırlar. Hazırda Azərbaycanda əksər məmurların onlarla maşını var. Vəzifəli şəxslər bir çox şeylərin kolleksiyasını toplayır, onlardan biri də avtomobil kolleksiyasıdır.
Məmurların retro və ən son model maşınlardan ibarət əməlli-başlı avtomobil karvanları var. Nəinki Azərbaycanda, ayrı-ayrı rayonlarda, hətta yazın-uzaq xarici ölkələrdə də mal-mülkü, bahalı maşınları olan məmurlarımız kifayət qədərdir.
Vəzifəli şəxslərin xidməti maşınları da həddən artıq bahalı markalar olur. Amma qonşu ölkələrdə bu məsələ ilə bağlı ciddi prosedurlar həyata keçirilir. Məsələn, Rusiyada xidməti avtomobillər yalnız yerli istehsal olmalıdır. Yaxud qonşu Gürcüstanda hər bir xidməti avtomobil üçün ayrılan məbləğ 16 min dollardan yuxarı ola bilməz. Azərbaycanda isə hətta hakim partiyanın funksionerləri 100 minlik xidməti maşınlarda gəzirlər…
Statistikaya görə, son 5 ildə ölkəmizdə xidməti maşınlara yarım milyard xərclənib. Azərbaycanda vəzifəli şəxslərin xidməti maşınlarının dəyəri 80-200 min avro məbləğində dəyişir.
“Bu, acgözlük və rüşvətxorluqdur”
Məmurların bu cür var-dövlət, maşın və s. həvəskarı olmalarının səbəbini tanınmış psixoloq Azad İsazadədən xəbər aldıq. A.İsazadə bunları Azərbaycanda günü-gündən artan acgözlüklə, rüşvətxorluqla əlaqələndirdi: “Hamımıza bəllidir ki, bu məsələ ilə bağlı dövlət nəzdində xüsusi idarə (Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsini nəzərdə tutur – red.) yaradılıb. Lakin o idarənin bu işlə necə məşğul olduğu ortadadır. Mən bir psixoloq, ölkə vətəndaşı kimi bunları acgözlük, rüşvətxorluq kimi qiymətləndirirəm. O da bəllidir ki, hər kəs özünə məxsus həyatını nümayiş etdirir. Bizim həyat tərzimizlə, o məmurların həyat tərzi göz qabağındadır. Sözsüz ki, hər bir insanda paxıllıq hissi var. Amma mən bunları paxıllıq hissi kimi qəbul etmirəm. Sadəcə ürəkağrısı ilə baxıb düşünürük ki, axı bunlar bizim pullarımızdır”.
Digər psixoloq Azər Qaraçənli bu məsələyə çox qısa cavab verəcəyini bildirdi: “Bu, hər zaman gündəmdə olan aktual bir mövzudur. Hər kəsə də bəllidir. Burada hər hansı bir fikir bildirməyi mənasız hesab edirəm. Bildirəcəyim hər bir fikir oxucuya bəllidir. Çünki Azərbaycan oxucusu, vətəndaşı hər bir məsələni hamımızdan yaxşı bilir, qiymətləndirir”.


Əliyevin “metro qiyamı” yatırıldı

Tağı Əhmədova sözünü keçirə bilməsə, «yumurta inqilabı» ilə tarixə düşəcək
Metroda qəzetlərin satışına qadağa qoyuldu. Belə xəbər yayıldı ki, bu tapşırığı verən Ilham Əliyevin yaxınlarından biridir. Daha doğrusu, onun məsləhətçilərindən biri. Özü də o qədər kobud adamdır ki, Tağı Əhmədov belə, onun əlindən “dad” deyir. Yəni, Tağı Əhmədovluq bir şey yoxdur. Hətta dedilər ki, Tağı Əhmədovla “Azadlıq” arasındakı “məhkəmə cəriməsini hissə-hissə ödəmək” razılaşmasını da həmin adam pozdurub.
Sonra Ilham Əliyev “Jurnalistlərin dostu” mükafatını alanda, orada bizdəki söz azadlığından danışdı. Dedi ki, qəzet köşklərində qəzet satılmalıdır…
Ilham Əliyev bu çıxışı edəndə metrodakı qəzet dükanlarında iç geyimləri satırdılar. Bütün bunların paralelində hamı gözləyirdi ki, Tağı Əhmədov cəzalandırılacaq, metroda qəzet satışı bərpa ediləcək. Bu olmadı. Olacağı da gözlənilmir. Niyəsi də çox aydındır. Ilham Əliyev üçün bu məsələnin çox aydın riyazi səbəbi var. O istəyir ki, daha dar dairədə ifşa olunsun, əməllərindən daha az adam xəbər tutsun. Tağı Əhmədovun da gördüyü iş son nəticədə buna xidmət edir.
Tağı Əhmədov Ilham Əliyevə qulaq asmır. Ona görə ki, o, Ilham Əliyevin dediklərinin, xüsusilə televizorda dediklərinin məmurlara aid olmadığını bilir. Elə olmasaydı, Ilham Əliyev bu günə kimi neçə hökumət dəyişməli idi…
Işin ən maraqlı nöqtəsi budur ki, onu heç kim eşitmir, ona heç kim qulaq asmır. Ilham Əliyev qəzet oxuyursa, bilsin ki, ölkədə heç kim onu prezident kimi görmür. Bunun günahı isə ona səs verməyən xalqda deyil. Bunun əsl səbəbkarı onun efirdə dediklərini vecinə almayanlardır.
Amma məsələ başqadır. Ilham Əliyev özü-özünü belə görmək istəyirmi? Bir nəfər çıxıb deyəcəkmi ki, “kral lütdür”? Ona izah edən olubmu ki, metroda, taksidə, avtobusda hər kəs onu bir tikə çörəyinin şəriki sayır?
Tağı Əhmədov qəzet satışına qoyduğu qadağanı götürməyib. Bu məsələ Avropa Məhkəməsinə kimi uzanıb gedəcək. Ilham Əliyevin sözünü biz Tağı Əhmədova necə icra elətdirək? Hər halda, bu, onların biləcəyi işdir.
Ilham Əliyev metroda qəzet satmağa icazə almayan prezidentdirsə, o, tarixə “Yumurta inqilabı”nın lideri kimi düşəcək. Biz onun özü ilə bağlı planlarını da müzakirə etmirik. Amma Ilham Əliyevi “Qərbpərəst” adlandıranlar gərək ona sirr gəlsinlər ki, Qərbdə mətbuat hər yerdə azad satışda ola bilir. Ona görə də heç olmasa, qəzetlərin satışda olmasına maneəni aradan qaldırmaq lazımdır. “Azadlıq”ı istəyənlər onsuz da onu əldə edəcəklər, qəzet kimi də, dəyər kimi də. Lakin bu istəyə qarşı olmağın elə də uğurlu nümunələri yoxdur. Çox misal çəkib heç kimi qorxutmaq istəmirəm, ətrafımızda belə nümunələr kifayət qədərdir. Öyrənmək lazımdır.
Ilham Əliyev ola bilsin ki, bizi saymır. Amma camaat başqa cür düşünür, deyir ki, məmurları onu saymır. Biz özümüzü saydırmağın yolunu bilirik, bəs Ilham Əliyev necə, Tağı Əhmədova sözünü keçirə biləcəkmi?

23 Aralık 2013 Pazartesi

Ərdoğan 10 naziri dəyişir



Rüşvət əməliyyatı çərçivəsində çox sayda iş adamı, nazir oğlu və məmurların həbsi baş nazir Rəcəb Tayyib Ərdoğanı hökumətdə dəyişiklik etməyə vadar edib.
 Türkiyə mətbuatına istinadən  Nazirlər Kabinetində 10 nazir dəyişdiriləcək. Məlumata görə, ictimaiyyətdə hakimiyyətə qarşı yaranan mənfi rəyi dağıtmaq üçün Baş nazir ilk növbədə Nazirlər Kabinetindən başlayacaq. İstefaya göndəriləcək nazir sayının 10-a çatacağı gözlənilir.

Yeni yaradılacaq hökumətdə Baş nazirə yaxınlığı ilə tanınan siyasi müşaviri Yalçın Akdoğan və ya Nazirlər Kabinetinin nümayəndəsi Efkan Alaya yer verilə biləcəyi istisna deyil.

AKP başqan yardımçısı Numan Kurtulmuşun da nazir təyin olunacağı deyilir.

Bundan bir neçə gün əvvələ qədər adı rüşvət qalmaqalında hallanan 4 nazirin də istefaya göndəriləcəyi bildirilsə də, daha sonra Ərdoğanın baş verənləri tələ kimi dəyərləndirməsi həmin nazirlərin istefaya göndərilməyəcəyini söyləməyə əsas verib. Bununla belə mətbuatın yazdığına görə, Ərdoğan həmin 4 nazirlə bərabər daha bir neçə naziri istefaya göndərməklə kabinetdə dəyişiklik yaradacağını görüntüsü yaradacaq.

DİN-dən vəhhabi tərəfindən döyülən gənclə bağlı açıqlama



Bu gün səhər saatlarında Müşfiqabad qəsəbəsində vəhhabi təriqətinə məxsus idmançı görkəmli şəxs, məscidə namaz qılmaq üçün gələn Mövsümov Ruslan Əliəsgər oğlunu vəhşicəsinə döyüb. Daxili İşlər Nazirliyi mətbuat xidmətinin şöbə rəisi Orxan Mansurzadə bildirib ki, R.Mövsümovun “Daxili İşlər Nazirliyinə məlumat versəm də hələ ki, hadisə ilə bağlı heç bir qanuni tədbir görülməyib” deməsi həqiqətəuyğun deyil.
O.Mansurzadə hadisə baş verdikdən sonra əməliyyat qrupunun hadisə yerinə yollandığını və araşdırmalara başlanıldığını söylədi.
Qaradağ Rayon Polis İdarəsi 10-cu polis bölməsində araşdırma aparıldığını deyən O.Mansurzadə bu barədə yalnız məhkəmə-tibbi ekspertizasının rəyi və hadisənin hansı zəmində baş verməsi bəlli olandan sonra məlumat veriləcəyini bildirdi.

Nazpəri Dostəliyeva İmam Hüseyn ehtiramına ad günü keçirmədi


Bu gün xalq artisti Nazpəri Dostəliyevanın ad günüdür. Müğənni 49 yaşını qeyd edir. N. Dostəliyeva doğüm günü ilə bağlı məclis təşkil etməyi planlaşdırsa da, bu, baş tutmayıb. Xalq artisti 23 dekabrın İmam Hüseyn (ə)-ın "qırx" mərasiminə təsadüf etdiyinə görə tədbiri təxirə salıb.

Xalq artisti 1964-cü ildə Şamaxıda doğulub. 2002-ci ildə Azərbaycan Dövlət İncəsənət Universitetini bitirən sənətçi böyük səhnədə ilk addımlarını 1996-cı ildə atıb. Ailəli olub, iki oğlu var.
21 Aralık 2013 Cumartesi

Azərbaycan İslam Partiyası Allahşükür Paşazadəyə müraciət etdi

Azərbaycan İslam Partiyası keçirdiyi dəyirmi masanın yekunu olaraq Qafqaz Müsaəlmanları İdarəsinin rəhbəri Hacı Allahşükür Paşazadəyə müraciət ünvanlayıb. Müraciətə səbəb bu il bayramın İslam Peyğəmbərinin vəfat günü ilə üst-üstə düşməsidir ki, siyasi qurum buna riayət olunmasını istəyir. Partiyanın mətbuat xidmətinin yaydığı müraciətdə deyilir:

 “Hörmətli Hacı Allahşükür Paşazadə! Sizə məlumdur ki, bu ilin dekabr ayının 31-i əziz İslam Peyğəmbəri Həzrət Muhəmmədin (s) vəfatı, həmçinin İmam Həsənin (ə) şəhadəti günüdür. Eyni zamanda həmin tarix  bildiyiniz kimi miladi təqvimi ilə yeni il axşamı, “yolka şənliyi”, “şaxta baba” bayramıdır.  Əslində ilimiz 365 gün olmaqla bu günlər arasında  öz-özlüyündə fərqli və üstün olan bir gün yoxdur. Zamanın daim hərəkətdə olması və dəyişkənliyi ona əzəmət  verməyi qəbul etməz. Hər bir zamanın və tarixin  yaxşılığı ilə pisliyi  həmin günün baş verən hadisələri ilə qiymətləndirilir, yad edilir. Deməli, zamanın şərəfi həmin tarixin insanları və ümumən bəşəriyyəti üzləşdirdiyi vaqeələrlə bağlı olduğunu dərk ediriksə, o zaman Əziz Peyğəmbərimizin  vəfatı kədərini yaşamağın  hər bir müsəlman üçün necə həssas bir məqam olduğunu bilməliyik.

Bizi narahat edən hal son günlər  cəmiyyətdə, 97 faizi müsəlman olan, Peyğəmbərini (s)  qəbul edən insanların sadaladığımız  hadisələrə mahiyyətsiz yanaşmaları, bəzən isə üstünlüyün tariximizə, milli adət-ənənələrimizə, mental dəyərlərimizə və mənəviyyatımıza uyğun gəlməyən qondarma şənlik və bayramların keçirilməsinə verilməsidir. Biz bunun başlıca səbəblərini uzun onilliklər boyu Allahsız bir rejimin təsiri və təzyiqi altında yaşamaqda görürük. Təəssüflər olsun ki, müsəlman bir məmləkətin bu günündə də əziz Peyğəmbərimizin vəfatı, imamımızın şəhadəti kimi bizi paklaşdıran məqamları  mahiyyətsiz, mənəvi, həm də iqtisadi baxımdan zərərli  bir janqlyorluğa qurban veririk.

Düşünürük ki, bu gün hətta Həzrət İsa Məsih həyatda olsa idi belə, O həzrət  nəinki doğum gününü şənlik edərdi, hələ öz dövründə insanları Muhəmməd  Peyğəmbərin (s) gəlişi ilə müjdələməsi göstərir ki, bu günü matəm edərdi, əza saxlayardı.

Hesab edirik ki, Peyğəmbərin (s) vəfatı gününü ümumxalq anım  günü kimi  keçirmək vacib məsələlərdəndir. Həmin gün televiziya kanallarında bayram şouları  məhdudlaşdırılmalı, ilahiyyatçı alimlərin moizə və söhbətlərinə geniş yer ayrılmalıdır. Ona görə ki, Allahın zati-müqəddəsindən başqa Həzrət Muhəmməddən böyük bir düha aləmdə yoxdur.

Bütöv müsəlman dünyasının  bir parçası sayılan ölkəmizdə xalqımız  və hər bir müsəlman üçün anılması zəruri olan belə günlərin  təsadüf etdiyi qondarma şənlik ənənələri təxirə salınmalıdır. Necə ki, sadə insandan tutmuş dövlət başçısına kimi yaxın, doğma bir  adamı dünyasını dəyişəndə balasının toy şənliyini belə yarımçıq buraxır, və ya dayandırır, təxirə salır. Amma bu günə görə, bütün müsəlmanlar, xalqımız və bütövlükdə bəşəriyyət onlara böyük və ülul-əzm peyğəmbər kimi göndərilən Rəsulun (s)  vəfatı ilə kədərlənməlidirlər.

Vətənimiz hər an zalım düşmənlə üz-üzədir. Torpaqlarımız işğal altındadır. Azərbaycan şəhidlər diyarıdır. Dünyada müsəlman xalq, Peyğəmbər (s) ümməti kimi tanınırıq. Din təəssübkeşliyi, Allah və Peyğəmbər sevgisi, Əhli-beyt aşiqliyi canımızda, qanımızdadır. Bu müqəddəs sərvətlər uğrunda  şəhadətə hazır olmayınca arxayınçılıq, rahatlıq bizlərə haramdır. İnsanlara İslamın  bu kimi əsl mahiyyətini aşılamaq, maarifləndirmək üzərinizə düşən  böyük məsuliyyətdir. Müsəlman xalqı üçün əvəzsiz mahiyyət daşıyan tarixi günlərin hər şeydən öncə anılması  vacib olan addımların  başlanğıcı olmalıdır. Ümid edirik ki, cəmiyyətimizi narahat edən hallarla bağlı müraciətimizdən nəticə çıxaracaq, konkret addımlar atacaqsınız.”

Taleh Bağırovun məhkəmə işindən Ali Məhkəməyə müraciət olunub



Həbsdə olan ilahiyyatçı Taleh Bağırovun məhkəmə işindən Ali Məhkəməyə müraciət olunub
Bu gün Bakı Apellyasiya Məhkəməsində həbsdə olan ilahiyyatçı Taleh Bağırov barəsində olan hökmdən verilən apellyasiya şikayəti əsasında məhkəmə prosesi davam etdirilib.
Vəkil Cavad Cavadlının apa-ya verdiyi məlumata görə, prosesdə müdafiə tərəfi məhkəmənin ilkin baxış iclasından kassasiya şikayəti verdiklərini bildiriblər. Bunun üçün proses qeyri-müəyyən vaxtadək təxirə salınıb. C. Cavadlı bildirib ki, ilkin baxış iclası zamanı müdafiə tərəfinin prosesin istintaqla aparılması barədə verdiyi vəsatət təmin edilməyib. Həmin qərardan kassasiya şikayəti verilib.
Qeyd edək ki, Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin T. Bağırovla bağlı yaydığı məlumatda bildirilirdi ki, həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Taleh Bağırov və Anar Məlikov saxlanılıblar. Baxış zamanı Taleh Bağırovun üzərindən 1,026 qram heroin, Anar Məlikovdan isə “Makarov” tipli tapança, 4 patron və 1 bıçaq götürülüb. Faktla bağlı cinayət işi başlanıb və hər iki şəxs həbs olunublar.
Məlumatda o qeyd olunub ki, aprelin 2-də naməlum şəxslər Nardaran qəsəbəsində yerləşən, xalq artisti Zeynəb Xanlarovaya məxsus bağ evinin qarşısında avtomat silahdan atəş açaraq yandırmaq məqsədilə onun həyətinə içərisinə yandırıcı maye doldurulmuş şüşə qablar atıblar. Daha sonra vətəndaş Rafiq İbrahimovun bağ evinin həyətinə də yandırıcı qablar atılıb birinci mərtəbənin şüşələri sındırılıb və divarına “Taleh Bağırova azadlıq!” sözləri yazılıb. Elə həmin gün, təxminən saat 05.35 radələrində Bakı şəhər İcra Hakimiyyətinin yaxınlığında şübhəli şəxs qismində Bəxtiyar Qurbanov və Röyal Əsgərov saxlanılıb, əllərindəki çantadan 1 ədəd 5 litrlik plastmas su qabında və 4 ədəd 1 litrlik qablarda benzin, daş parçası, pambıq, süngər və köhnə şalvar götürülüb.
Sabunçu Rayon Məhkəməsinin hökmü ilə T. Bağırov 2 il müddətinə azadlıqdan məhrum edilib.

Şərhsız…


Azərbaycan neftini orta hesabla $110,15-dan ixrac edir



Dövlət Gömrük Komitəsinin məlumtına görə, 2013-cü ilin 11 ayında Azərbaycan 31 milyon 370 min 276.4 ton neft ixrac edib.
Hesabat dövründə Bakı-Tbilisi-Ceyhan (BTC) kəməri ilə 25 milyon 240 min 449.2 ton, Bakı-Supsa kəməri ilə 3 milyon 652 min. 874,2 ton, Bakı-Novorossisk kəməri ilə 1 milyon 580 min 428 ton, dəmir yolları vasitəsilə isə 896 min 525 ton neft (ExxonMobil şirkəti “Azəri” və dərinsulu “Günəşli” yataqlarındakı payını Bakı-Batumi marşrutu ilə ixrac edir – Caspian Barrel) ixrac edilib.
Dövlət Gömrük komitəsi xəbər verir ki, yanvar-noyabrda bəyannamə edilmiş neftin həcmi  22 milyon 803,249 ton, dəyəri  isə $18 milyard 587 milyon 892.15 min təşkil edib. İlin əvvəlindən Azərbaycan bir ton nefti  orta hesabla $815.14 və ya hər bareli $110,15-dan ixrac edib.
Həmçinin hesabat dövründə BTC ilə “Şahdəniz” yatağından hasil edilmiş 2 milyon 27,343 min ton kondensat ixrac edilib.

Rusiyaya gələn miqrantlar 2015-ci ildən rus dili, tarix və qanunvericiliklə bağlı imtahan verəcəklər


Rusiya Dövlət Duması RF-də yaşamaq və işləmək hüququ almaq istəyən əcnəbi vətəndaşların rus dili, tarix və qanunvericiliyin əsasları üzrə icbari qaydada imtahan verməsi ilə bağlı qanun layihəsini II və III oxunuşda təsdiq edib.
 «RİA Novosti» agentliyinə istinadən , bu icazənin alınması üçün xarici dövlətlərin vətəndaşları həmin imtahanların verilməsi haqqında müvafiq sertifikat və ya SSRİ dövründə (1 sentyabr 1991-ci ilədək) təhsil alması ilə bağlı sənəd (orta məktəb attestatı və ya ali təhsil məktəbinin diplomu) təqdim etməlidir. Sertifikat verildiyi tarixdən 5 il müddətində qüvvədə olacaq.

Qeyd edək ki, yüksək dərəcəli mütəxəssislər, iş qabiliyyəti olmayan şəxslər, 18 yaşınadək və 60 yaşdan yuxarı olanlar, həmçinin xüsusi dövlət proqramı çərçivəsində RF-yə köçən repatriantlar imtahanlardan azaddır.

Yeni qanun 2015-ci il yanvarın 1-dən qüvvəyə minəcək. Artıq yaşamaq hüququ almış şəxslər isə bu hüququn vaxtının uzadılması zamanı imtahanların verilməsi ilə bağlı sertifikatı təqdim etməli olacaqlar.

Bundan başqa, Dövlət Duması RF-yə vizasız gələn və işləmək icazəsi almaq istəyən şəxslərin narkoman olmaması və onlarda cəmiyyət üçün təhlükəli olan xəstəliklərin olmaması haqqında arayış təqdim etməsi ilə bağlı qanunu təsdiqləyib.

Rəsul Quliyev yeni partiya yaradır



Rəsul Quliyevin Azərbaycandakı nümayəndəsi Ağasif Şakiroğlu Hafta.az-a açıqlamasında yaradılan yeni partiya haqda məlumat verib.

O bildirib ki, partiyanın adı üçün öncə nəzərdə tutulan variantlardan imtina ediblər: “Partiyanın təşkilat komitəsi təsis edilib. Azərbaycan siyasi sahəsində aktiv olan və tanınmış ziyalılar partiyada təmsil olunacaq. İctimai fəallardan Gülanrə Rüstəmli, ziyalılardan Ağa Abdullayev, 199-2009-cu illərdə Binəqədi rayon bələdiyyə üzvü olan Niyaz Sadıqov və digər şəxslər olacaq. Partiyanın adı üçün öncə Yeni Nəfəs, Doğru yol, Demokratik Yol variantları üzərində müzakirə aparırdıq. Biz Yeni Nəfəs Partiyası olmasını istəyirdik. Dünən Yeni Nəfəs gənclər hərəkatından müraciət etdilər ki, ad yeni olduğu üçün bu məsələyə yenidən baxaq. Biz də müzakirə etdik və sonda “Gələcək Azərbaycan” Partiyası adlanmasını qərarlaşdırdıq”.

A.Şakiroğlu struktur forması haqda da məlumat verib: “Partiya kollektiv idarəetmə ilə olacaq. Sədr gənc biri olacaq. İdarə heyətinin 13 üzvü olacaq, biri sədr olacaq. Digər 12 İH üzvündən 4-ünün yaşı 29-a qədər, 4-ü 29-dan 40-a qədər, digər 4-ü isə 40-dan 60 yaşa qədər olacaq. Mənim şəxsi mövqeyim belə idi ki, partiyanın sədri subay olsun və sədrlik dönəmində evlənməsin. Amma digər həmkarlar bu məsələni müsbət qarşılamadı. Bu məhdudiyyət aradan qaldırıldı”.

Ağasif Şakiroğlu bildirib ki, yaxın aylarda partiya elan ediləcək: “Təşkilat Komitəsi hazırda Bakı şəhərində 11 rayon üzrə TK yaradır. Yanvarın sonuna təsis konfrnası və təqdimat, fevralın sonunda isə qurultay keçirməyi planlaşdırırıq. Partiyanın hüquqi ünvanı və əlavə qərargahı da olacaq. Biz hakimiyyətə iddialı bir partiya yaradırıq. Partiyanın Rəsul Quliyevə, Əli İnsanova, Hüseyn Abdullayevə aidiyyatı yoxdu. Bu adamlar sadəcə mənəvi dəstək verəcəklər”.

Sərkisyan İlham Əliyevə səs verəcək



Ölmədik, bu xəbəri də eşitdik. Mən isə onun yerinə olsaydım, ölüb yerə girərdim. Amma çox şükür ki, onun yerində deyiləm və xəcalətdən yerə girəsi bir adam varsa, o da odur. Sərkisyanı demirəm, o zatən canlı ölüdür.
Ermənistan prezidenti Serj Sərkisyanın səlahiyyətləri çərçivəsində olsaydı, İlham Əliyevə səs verərdi.
Xəbərdə deyilir: “Ermənistan üçün Azərbaycandakı prezident seçkilərində İlham Əliyevin qalib gəlməsi sərfəlidir. Ermənistan üçün demokratiya yolunda hərəkət edən qonşuların olması vacibdir. Bu baxımdan bizə, bir qonşu və xüsusilə danışıqlarda tərəfdaş kimi, demokratik Azərbaycan sərfəlidir. Lakin bunu kənara qoysaq, Ermənistan üçün İlham Əliyevin seçilməsi daha məqbuldur. Çünki biz Dağlıq Qarabağla bağlı çətin də olsa, uzun danışıqlar yolu keçmişik. Təxmini də olsa, problemin həlli yolları müəyyənləşib.” – Ukrayna mətbuatı belə yazıb.
Bu sətirləri Azərbaycan müxalifəti qəzetləri – “Azadlıq”, “Yeni Musavat” yazsa idi, YAP asanlıqla deyərdi ki, müxalifətin mitinq keçirtdiyi bir gündə bu da YAP və prezident əleyhinə bir təxribatdır. Lakin, şükürlər olsun ki, Ukrayna mətbuatı yazır. Bəs burda bu qədər şişirdiləsi nə var ki?
O var ki, bir insanı hamı sevə bilməz. Hamının sevdiyi insan isə heç vaxt yaxşı insan ola bilməz. Niyə? Çünki “hamı” dedikdə pislər də, zalımlar da, cındırlar da bura daxildir. Fərz edək ki, bir nəfəri məzlum da sevir, zalım da, dindar da, kafir də, bomj da, məsələn, Müdafiyə naziri də, yaxud, hansısa vicdan məhbusu da, Siyavuş Novruzov da. Bu əlbəttə, ilk növbədə mümkün olan iş deyil. Mümkünlüyünü xəyal etsək belə, deməli, bu sevilən insan yaxşı insan deyil, yaxud da bir gün yaxşıdır, bir üzdədir, sabah pisdir, digər üzünü göstərir. Bu, mümkün deyil.
Yaxşı insan isə odur ki, onu yaxşılar sevsin, məsələn, məzlumlar, müstəzəflər, mücahidlər, kasıblar, haqlı insanlar, neinki ramizmehdiyevlər, siyavuşnovruzovlar, əlihəsənovlar, əliəliyevlər, mübarizqurbanlılar, çingiz qənizadələr, hadırəcəblilər, ziyaməmmədovlar və s.
İlham Əliyevin isə bəxti yoxdur, bütün ölkədə biabır olub. Nə var ki, Serj Sərkisyan İlham Əliyevdən yanadır. Azərbaycan müxalifətinin ən böyük uğuru bəlkə də bu oldu ki, işğalçı, terrorçu, qaniçən Ermənistanın qaniçən başçısı onların (müxalifət) seçilməsini arzulamadı. Hərçənd, YAP özünü biabır etməmək üçün (baxmayaq ki, YAP-ın daha abrı qalmayıb) deyər ki, görürsünüzmü, düşmən də etiraf edir ki, İlham Əliyev iş görür, boş oturmayıb.
Sərkisyan isə İlham Əliyevi diktator, qeyri-demokratik, həm də Azərbaycanı qeyri-demokratik bilməsindən əlavə, ona daha da diktatorluq arzu edir və Azərbaycan xalqını qarğış edir.
Nitqə fikir verin: ” Ermənistan üçün demokratiya yolunda hərəkət edən qonşuların olması vacibdir. Bu baxımdan bizə, bir qonşu və xüsusilə danışıqlarda tərəfdaş kimi, demokratik Azərbaycan sərfəlidir. Lakin bunu kənara qoysaq, Ermənistan üçün İlham Əliyevin seçilməsi daha məqbuldur. ” Deməli, Ermənistana demokratik qonşu lazım olduğu halda, bunu kənara qoyur, bunun kənarında isə İlham Əliyevin seçilməsi var. Bundan başqa İlham Əliyev üçüncü dəfə seçilsə, artıq bu hakimiyyətin diktatorluq olması rəsmləşəcək. Çünki demokrtiyanın kənarında İlham Əliyev var. Ya İlham, ya demokratiya!
Bəlkə də tülkü Serj fikirləşir ki, əşşi, İlham pisdi-yaxşıdı, heç olmazsa bizimlə işi yoxdur, bizə güllə atanları həbs edir, Qarabağda şəhid olmuşların qardaşını türməyə qandallayır, Qarabağ əlillərinə, şahid ailələrinə yaxşı baxmır, bundan yaxşı bizə dost ola bilər? Doğrudan da elədir, qardaşın qardaş üçün etmədiyini İlham Əliyev Ermənistan üçün edir. Bundan yaxşı insan tapmaq olar. Qoy rahatlıqla Ermənistan tərəfi İlham Əliyevin diktatura rejiminin başında durmasından razılıq eləsin.

Azərbaycanlı ailə Almaniyadan vəhşicəsinə qovuldu



İki il yarımdır bu ölkəyə sığınan Həsənovlara əşyalarını toplamaq üçün cəmi yarım saat vaxt veriblər, alman humanitar təşkilatı hakimiyyətin bu addımına cavab olaraq etiraz aksiyalarına çağırır

Azərbaycandan qaçaraq Almaniyaya sığınmış azərbaycanlı ailəsi bu ölkədən xüsusi qəddarlıqla qovulub.

Virtualaz.org Almaniya mediasına istinadən xəbər verir ki, Həsənovlar ailəsi 3-ü azyaşlı uşaqlar olmaqla 5 nəfərdən ibarət olub. Ailə bu ölkənin Kronax əyalətində qaçqınlar üçün düşərgədə qalırmış. Almaniyada fəaliyyət göstərən humanitar təşkilat yerli hakimiyyətin bu qeyri-humanist addımını kəskin pisləyərək etiraz aksiyalarına çağırıb.

“Plassenburg” radiosunun (radio-plassenburg.de) xəbərinə görə, “Çətinliyə düşmüş insanlara humanitar kömək Assosiasiyası” adlı alman təşkilatının rəhbəri Tom Sauer bəyan edib ki, hakimiyyətin qaçqın ailəsinə qarşı siyasətindən və hərəkətlərindən sarsılıb.

“Bu, Yeni il ərəfəsində heç bir normalara sığmayan siyasətdir, hakimiyyətin qeyri-ciddliyini, humanitar normalara əməl etmədiyini göstərir. Cəmi bir gün əvvəl regional yepiskop həmin qaçqın düşərgəsinə baş çəkərək insanlara yardım aparıb. Bundan cəmi bir gün sonra polis bölmələri qaçqın düşərgəsinə basqın edərək həmin insanları götürüb. Bu, hansı insanlığa sığır?” - deyə təşkilat rəhbəri bildirib.

Məlumata görə, Həsənovlar ailəsi Azərbaycandan iki il yarım əvvəl Almaniyaya mühacirət edib və o vaxtdan Kronax əyalətindəki qaçqın düşərgəsində yaşayırdı. Ailənin üç azyaşlı uşağından birinin psixi pozğunluqları var, eyni zamanda Azərbaycanda aldığı kütləvi zədələrin təsirləri ilə yaşayır.

Ailə dekabrın 19-da səhər tezdən deportasiya olunub. Rəsmi orqanlar bu deportasiyanı şərh etmir.

Virtualaz.org saytının araşdırmasına görə, azərbaycanlı ailənin Almaniyadan qovulması bir neçə yerli KİV-də işıqlandırılıb. Belə ki, np-coburg.de saytının yazdığına görə, Kronax əyalətinin miqrasiya və inteqrasiya xidmətinin rəisi Herd Ueykert deyib ki, polislər səhər tezdən düşərgəyə gəliblər və ailəyə əşyalarını toplamaq üçün cəmi yarım saat vaxt veriblər.

“Yeni İlin başlamasına (xristian təqvimi ilə dekabrın 25-nə-red.) cəmi beş gün qalmış üç azyaşlı uşaqla birlikdə ailənin bu cür deportasiya edilməsi mənasızdır və qeyri-insanidir” - deyə Herd Ueykert bildirib.

O da məlum olub ki, alman polisi ailəni deportasiya etmək üçün düşərgəyə gələndə Həsənovlar ailəsinin uşaqlarından biri məktəbdə imiş. Polis 9 yaşlı uşağı hamının gözü qarşısında məktəbdən sürüyüb çıxarıb və maşına oturdaraq ailənin qalan üzvləri ilə birlikdə birbaşa Frankfurt aeroportuna aparıb.

“Çətinliyə düşmüş insanlara humanitar kömək Assosiasiyası”nın rəhbəri Tom Seuer deyib ki, ailə Almaniyaya 2011-ci ildə gəlmişdi və onlara 6 və 2 yaşlarında iki oğlan uşağı ilə birlikdə düşərgədə sığınacaq verilmişdi. 2013-cü ildə ailədə bir qız uşağı da dünyaya gəlib. T.Sauer deyib ki, ailənin böyük uşağı Kronax əyalətinə təzə gələndə ciddi psixoloji problemləri var idi və bu da uşağın Azərbaycanda aldığı travmaların nəticəsi idi. Buna baxmayaraq uşaq yerli həkimlərin və psixoloqların köməyi ilə qismən düzəlib və məktəbə gedirmiş.

“Qəfil deportasiya nəticəsində uşağın davam etməkdə olan müalicəsi də kəsilib. İndi biz narahatıq ki, müalicə nəticəsində əldə edilmiş ilkin müsbət nəticələr də hədər gedəcək” - deyə Tom Sauer bildirib.

Ailənin yerli vəkili dekabrın 19-da məhkəməyə müraciət edərək deportasiyanın qarşısını almağa çalışsa da bu cəhd boşa çıxıb. Ailənin deportasiya olunacağı barədə heç kimə, o cümlədən onların özlərinə də məlumat verilməyib.

H.Ueykert və T.Sauer alman hakimiyyətinin bu cür deportasiya metodunun başqa qaçqın ailələrinə də tətbiq edilə biləcəyini deyir. Onlar bildirir ki, hakimiyyətin insan haqlarını kobud şəkildə pozan bu addımından sarsılıblar.

Azərbaycanlı ailənin deportasiyasına qarşı etiraz aksiyası keçiriləcəyi gözlənilir. Həsənovlar ailəsinin Azərbaycandan hansı motivlərlə mühacirət etdiyi isə məlum deyil.
17 Aralık 2013 Salı

“Əhməd Davutoğlu ilə bağlı deyilənlər düz olarsa, bu yalnız təəssüf doğura bilər”


Türkiyənin XİN rəhbəri Əhməd Davutoğlu Ermənistana səfəri zamanı səsləndirdiyi fikir ölkədə ciddi ajiotaj doğurub. Səfər zamanı XİN rəhbərinin «Osmanlı imperiyası dönəmində ermənilərin deportasiyasını qeyri-insani davranış idi» - deyə fikir səsləndirməsi bəzi parlament üzvləri tərəfindən Ərdoğan hökumətinin qondarma erməni soyqırımını tanımağa hazırlaşması kimi dəyərləndirilib.

Mövzu ilə bağlı Azad Qarabağ Uğrunda İslami Müqavimət hərəkatının rəhbəri Rövşən Əhmədli bildirdi ki, Türkiyənin xarici siyasətində qondarma soyqırımla bağlı ciddi dönüşün olması gözlənilən deyil. Türkiyə Cümhuriyyətinin zaman-zaman mənfur erməni siyasətinə qarşı mübarizə apardığını bildirən Rövşən bəy, “ermənilər daima yaşadıqları ölkələrdə onlara şərait yaranan kimi dərhal həmin dövlətə xəyanət etməyə çalışıblar. Eyni sözləri Türkiyədə yaşayan ermənilər barədə də deyə bilərik. Məhz onların köçürülməsi məsələsi daima bu amillərə görə olub. Digər tərəfdən köç zamanı bir neçə erməninin ölməsi faktı isə onlara qarşı vəhşilik və qeyri-insani rəftar kimi dəyərləndirilə bilməz”, - deyə qeyd etdi: “Ermənilərin isə türklərə və azərbaycanlılara qarşı həyata keçirdiyi soyqırım fakt isə tarixdə gün kimi aydındır.”

Rövşən bəy sonda bildirdi ki, Davutoğlunun fikirləri konteksdən çıxarılaraq ictimaiyyətə təqdim edilib: “XİN rəhbərinin belə fikir səsləndirməsi inandırıcı görsənmir. Əgər səsləndirilmiş olsa belə, yalnız təəssüf etmək olar.”


Azərbaycanlı hakerlər Ermənistanın məlumat bazasını çökdürdülər

Anti-armenia.org saytının hakerləri tərəfindən Ermənistana məxsus 1.44 GB həcmində çox mühüm məlumat bazaları (daxili işlər nazirliyinin istifadə etdiyi proqram, mobil operatorların bazaları və s.) ələ keçirilib.

Ələ keçirilən məlumatlar bunlardır:
- Ermənistanın daxili işlər nazirliyinin istifadə etdiyi proqram
- Viva cell mobil operatorun bazası
- Orange mobile bazası
- Əhalinin qeydiyyatda olduğu baza
- Passport bazası
- Maşın nömrələri bazası
və s. bazalar.


Haker qrupunun yaydığı xəbərdə deyilir ki, proqramı bazayla birlikdə BURADAN yükləmək olar



Azərbaycanda ötən ay 87 nəfər qidadan zəhərlənib




Bu ilin noyabr ayı ərzində əhali arasında 75 qida zəhərlənməsi hadisəsi baş verib, bu hadisələrdən 87 nəfər zərər çəkib.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, noyabrda 2 botulizm hadisəsi baş verib, bu hadisələrdən 2 nəfər zərər çəkib.

Respublikanın sanitariya-epidemioloji xidmət orqanları tərəfindən noyabr ayı ərzində yeyinti məhsullarının istehsalı, satışı, saxlanması və daşınması zamanı sanitariya norma və qaydalarının tələblərini pozan, o cümlədən laboratoriya müayinələrinin nəticələrinə görə gigiyenik normalara cavab verməyən məhsulları istehsal edən 55 müəssisənin sahibkarı inzibati qaydada cərimə olunub, 11 obyektin istismarının dayandırılması barədə qərar qəbul edilib, 24 nəfər işdən müvəqqəti kənarlaşdırılıb.

Orqanoleptik və fiziki-kimyəvi göstəricilərinə görə 954, mikrobioloji göstəricilərinə görə 855, toksikoloji göstəricilərinə görə 245, radioloji göstəricilərinə görə 21 yeyinti məhsulları nümunələri laboratoriya müayinələrinə cəlb olunub. Nümunələrin 7-də orqanoleptik və fiziki-kimyəvi, 9-da mikrobioloji göstəricilərinə görə normalardan kənara çıxma müəyyən olunub.

Şadlıq evlərindən 2393 yaxma nümunəsi, 39 soyuq qəlyanaltı nümunəsi götürülüb, 41 yaxma nümunəsində mikrobioloji çirklənmə aşkarlanıb.

“Qurandan başqa bütün əşyalar yanıb”



Dini mağazada baş verən yanğında Qurandan başqa bütün əşyalar yanıb
Gəncədə Şeyx Bahəddin küçəsində yerləşən Mərkəzi bazara bitişik mağazada yanğın hadisəsi baş verib. Nəticədə xəsarət alan olmasa da, obyekə ciddi ziyan dəyib.
SalamNews- un bölgə müxbirinin verdiyi xəbərə görə, axşama yaxın baş verən yanğın bütün bazar sakinlərini vahiməyə salıb.
Ani an içərisində qalxan alov az qalsın, bütün bazarı cənginə alıb. Təhlükənin qarşısını almaq üçün dərhal hadisə yerinə şəxsi heyətlə birgə altı yanğınsöndürən maşın cəlb edilib.
Şahidlərin dediyinə görə, yanğn ilk olaraq dini mağazaya bitişik pirojki bişirilən yerdə başlayıb. Qaz balonunun sızması partlayışa səbəb olub, baş qaldıran alov ətrafı bürüyüb. Nəticədə 60 kvadratmetr sahəsi olan obyektlə yanaşı kafe və dini mağaza da yanıb.
Hadisə yerinə gələnlər gördükləri mənzərədən dəhşətə gəliblər. Belə ki, bütün əşyaları yanan dini mağazada təkcə Qurani-Kərim salamat qalıb. Müqəddəs kitaba heç nə olmayıb. Gəncə Dövlət Yanğından Mühafizə İdarəsinin (DYMİ) qərargah rəisi Fazil Aslanov yanğının dəqiq baş vermə səbəbinin araşdırmalardan sonra bilinəcəyini deyib.

Minlərlə insan soyuğun və qarın altında hakimiyyətin soyğunçuluğuna etiraz etdi




Milli Şura dekabrın 15-də bahalaşma əleyhinə mitinq keçirib. Mitinq Yasamal rayonundakı Məhsul stadionunda (İnşaatçılar metrostansiyasının yanı) olub. Güclü yağışın yağması aksiyaya mənfi təsirini göstərsə də, meydana xeyli insan toplaşıb. Aksiya yüksək əhval-ruhiyyədə keçib.
Mitinqə aparıcılığı jurnalist Şahvələd Çobanoğlu edib. O, mitinqin məram və məqsədi barədə məlumat verəndən sonra, sözü AXCP sədri Əli Kərimliyə verib.
Əli Kərimli çıxışında deyib:
“Bu acgözlər öz büdcələrini doldurmaq üçün yanacağın ardınca qazın da, işığın, nəqliyyatın da qiymətini qaldırmaq istəyəcəklər. İstəyəcəklər ki, sizin hesabınıza milyonlarını, milyardlarını daha da artırsınlar. Onlar sizin son qəpiklərinizə göz dikiblər. Biz ona görə buradayıq ki, bu soyğunçu siyasətə dur deyək (meydandakılar “istefa” qışqırır ).


Əsgər əsgəri ürəyindən bıçaqlayıb



 
Azərbaycan Ordusunun əsgəri hərbçi yoldaşını bıçaqlayıb.
Hadisə Müdafiə Nazirliyinin “N” saylı hərbi hissələrindən birində qeydə alınıb.
Quba rayonundan həqiqi hərbi xidmətə çağırılan, 19 yaşlı Zaur Rüstəmov mübahisə zəminində əsgər yoldaşı, Xətai rayonundan hərbi xidmətə çağırılan Surxay Muradovu bıçaqlayıb. Yaralı əsgər ürək nahiyəsindən aldığı ağır bıçaq xəsarəti ilə hospitala yerləşdirilib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən hadisəyə münasibət öyrənmək mümkün olmayıb.

15 Aralık 2013 Pazar

Azərbaycanda 9 jurnalist və 3 bloqçu həbsdədir




Bu ilin 17 sentyabrında MTN tərəfindən həbs olunan jurnalist və hüquq müdafiəçisi Pərviz Həşimli də daxil olmaqla Azərbaycanda 9 jurnalist və 3 bloqçu həbsdədir. Bu barədə Media Hüququ İnstitutundan “Bizim Yol” qəzetinə verilən məlumatda bildirilir:
Müstəqil jurnalist Fuad Hüseynov – 2010-cu ildə xuliqanlıq ittihamı ilə həbs olunub. Məhkəmə onu 6 il 6 ay müddətinə azadlıqdan məhrum edib.

Tale Bağırov məhkəməni bazara bənzətdi



Dekabrın 13-də Bakı Apelyasiya Məhkəməsində hakim İlqar Murquzovun sədrliyi ilə ilahiyyatçı Tale Bağırov barəsində Sabunçu rayon Məhkəməsinin 1 noyabr tarixli qərarından verilmiş apelyasiya şikayətinin ilkin baxış iclası keçirilib.
Prosesdə Tale Bağırovun özü və vəkili Cavad Cavadov, dövlət ittihamçısı Nəsib Bayramov, eləcə də bir çox inanclı şəxslər iştirak ediblər.
Vəkil Cavad Cavadov “Azadxeber.net” saytına iclasın əvvəlində məhkəmə baxışının  məhkəmə istintaqı ilə başlanması, həmçinin Tale Bağırov barəsində həbs qətimkan tədbiri məsələsinə də toxunulması ilə bağlı vəsatət qaldırdıqlarını bildirdi:
Məhkəmə isə belə qərara gəldi ki, məhkəmə istintaqı və əlavə sübutlar tələb edilməsinə heç bir zərurət yoxdur. Biz Tale Bağırovla məsləhətləşdik və bununla bağlı razılaşmırıq. Yəqin ki, bundan kasasiya şikayəti veriləcək. Tale Bağırov özü də məhkəməyə, ümumiyyətlə Azərbaycan məhkəmələrinə  etirazını bildirdi. Azərbaycanda müstəqil məhkəmə olmadığına görə, o hesab edir ki, bu prosesin də heç bir əhəmiyyəti yoxdur, sadəcə bu prosedurlar bizə beynəlxalq məhkəmələrə çıxmaq üçün zəruridir” –deyən vəkil növbəti məhkəmənin 19 dekabr saat 11:30-a təyin edildiyini dedi

Sumqayıtdakı insidentdə vəhabilərdən aşkarlanan silahlar





DİN Sumqayıtda silahlı insident yardadan şəxslərin evlərindən aşkarlanan silahları açıqlayıb.
Dekabrın 11-də Sumqayıtda ektremist təmayüllü “Xəvarici”lərlə “Sələfi” təriqətinə mənsub bir qrup şəxs arasında baş vermiş silahlı münaqişə nəticəsində şəhər sakinlərindən Anar Rəhimov və Elmar Məmmədli bıçaq xəsarətləri, Təzə Corat qəsəbəsinin sakinləri Elşən Musayev və Elnur Nəzərəliyev isə qəlpə yaraları alıblar.
 

23 Aprel hərəkatı


23 Aprel hərəkatı ılə tanışlıq:
23 Aprel hərəkatı qeyrətli Azərbaycan xalqının 23 aprel 2012-ci il bazar ertəsi günü geniş və sensasiyalı gecə etirazlarının dəstəkləyicisi olmuşdur və ölkə də baş verən hadisələr və hakimiyyətin qanunsuz işlərinə görə və həmçinin xalqımızın haqqını tələb edən, gənclər vasitəsi ilə yaradılıb.
23Aprel hərəkatı ölkədə öz fəaliyyətini azadlıq ,islahat və bərabər insan hüquqları nail olana qədər davam edəcək.

23 aprel logosı

23 aprel