Blog Arşivi

20 Ocak 2013 Pazar

İlham Əliyev hakimiyyəti kimə vermək istəyir?


“Korrupsiya” hədəsi kimə və nə üçün ünvanlanır?
Ilham Əliyev Nazirlər Kabinetinin toplantısını keçirdi və müxalifətin ünvanına ürəyində daim bəslədiyi hissləri bir daha kabinet üzvlərilə paylaşdı. Doğrudur, Azərbaycan mediası Əliyevin müxalifətə yönəlmiş bu “səmimi” duyğularına daha çox yer verdi, amma mənə elə gəlir ki, bu, belə olmamalı idi. Çünki Nazirlər Kabinetinin son toplantısında cənab Əliyevin məqsədi müxalifətin vəsfinə bu qədər zaman ayırmaq deyildi. Onun məqsədi öz Kabinetini qorxutmaq idi.
Cənab Əliyev Kabinet üzvləri qarşısında müxalifəti hədələyərək öz komandasını da eyni duyğuları bəsləməyə təhrik edə bilərdi. Amma bu da əsas məqsəd deyildi. Əsas məqsəd nazirləri və Nazirlər Kabinetinin tərkibinə daxil olmayan iri oliqarxları qorxutmaq idi.
Nəyə görə?
2013-cü ilin ağır il olacağı hər kəsə bəllidir. 2013-cü il həm də əsası 2009-cu ildə qoyulan bir avantüra ilə ağırdır. Hamıya bəllidir ki, o qədər də uzaq olmayan həmin keçmişdə Azərbaycanın Konstitusiyasını dəyişdilər və oraya Azərbaycanda hamının adlandırdığı kimi, “əbədi prezident” maddəsi saldılar. Əlbəttə, Azərbaycanda avtoritarizmi sökərək ölkədə demokratiyanı, ədalətli cəmiyyəti və vicdanlı idarəetməni bərqərar etmək istəyənlər bundan o qədər də darılmadılar. Zatən hər kəsə bəlli idi ki, Azərbaycanda seçkilərlə avtoritar rejimi dəyişmək mümkün deyil.

Müddətsiz prezidentlik norması Ilham Əliyevə şamil oluna bilməz

Konstitusiya dəyişdi və bunu təklif edən ağıllılar belə hesab etdilər ki, bu dəyişiklik Ilham Əliyevin heç bir hüquqi problem olmadan üçüncü, dördüncü,.. onuncu,.. iyirminci dəfə prezident olmasını təmin edəcək. Amma Ilham Əliyevin hüquq texnoloqları ya başlarını itirdilər, ya da onlara tapşırılan siyasi sifarişin əsaslandırılmasının başqa hüquqi yolunu tapa bilmədilər. Doğrudur, iqtidar komandasında da sanballı hüquqşünaslar var. Amma bir gənc tələbə dostumun ifadə etdiyi kimi, “güc ağlı təmsil etmirsə”, oradan pozitiv nəticə gözləməyə dəyməz.
Indi bütün cəmiyyət prezident seçkilərinə hazırlıqdan danışdığı məqamda bəlli olur ki, qanun geriyə şamil olunmur. Müddətsiz prezidentlik institutu Ilham Əliyevə şamil oluna bilməz. Çünki Ilham Əliyev 1995-ci ildən qüvvədə olan Konstitusiya normasına əsasən, iki dəfə prezident seçilib (olub, saxtakarlıq ediblər, qanunsuz olaraq hakimiyyəti ələ keçirib, hər nəysə) və üçüncü dəfə prezident seçilmək üçün hüquqi şansı yoxdur. Əgər referendum onun birinci prezidentliyi müddətində keçirilsəydi, o halda cənab Əliyevin bu hüquqi haqları barədə mübahisə etməyə dəyərdi. Indi isə onun belə bir haqqının olmadığını heç, mübahisə etməyə belə dəyməz. Zənnimcə, Azərbaycandakı ciddi hüquqçular da bu mülahizəni dəfələrlə səsləndiriblər. Səhv etmirəmsə, məsələn, Erkin Qədirlinin də bu barədə mülahizələrinə haradasa rast gəlmişəm.
Əlbəttə, cənab Əliyev və onun klanı Azərbaycan xalqı qarşısında hesabat vermək, hakimiyyətinin legitimliyi məsələsinin dərdinə qalmaq kimi qayğıların sahibi deyil. Hətta bu zamana qədərki ən qaba seçki saxtakarlıqlarını da beynəlxalq aləmə həzm elətdirmək mümkün olub. Amma bu dəfə bu aşkar qanunsuzluğu dünyaya həzm etdirmək mümkün olmayacaq. Hüquqa və özünə hörmət edən Avropa bu hüquqsuzluğu qəbul etməyə və Ilham Əliyevi qanuni prezident kimi tanımaqdan imtina edə bilər. Axı, bu mücərrəd “demokratik fantaziya” deyil ki, cənab Ramiz Mehdiyev daha bir kitab yazaraq bizim milli hüquq normalarımızın olduğunu iddia etsin. Bu, aşkar, ümumişlək, ümumbəşəri hüquq məsələsidir.
Bu halda, Ilham Əliyevin yerinə başqasının prezidentliyə namizədliyi ehtimalı meydana çıxır. Kimin?
Əlbəttə, bütün mübahisələr də bu sualın ətrafındadır.

Hakim komandada alternativ problemi var

Və bu problemi yaradan da elə, tələm-tələsik keçirilən referendum, düşünülməmiş aparılan Konstitusiya “islahatı” və onun yarada biləcəyi narahatlıqdır. Əlbəttə, hakim komanda daxilində Ilham Əliyevdən başqa alternativ tanınmır. Bu komandanın daxilində də yalnız bir təriqət hesab edir ki, Mehriban xanım Əliyeva aralıq dövrün prezidenti ola bilər. Amma bu, yalnız bir təriqətdir. Heydərizmin Ramiz Mehdiyev kimi ideoloqu hesab edir ki, hakimiyyətin Paşayevlərə yuridik olaraq da verilməsi Heydərizmin indiki siyasi elitada siyasi “legitimliyini” itirir və onun bir siyasi orqanizm olaraq məhvini sürətləndirir. Cənab Mehdiyev yaxşı bilir ki, Ilham Əliyevin hakimiyyəti onun Heydər Əliyevə genetik bağlılığına görə baş tutub. Paşayevlərə ötürülən hakimiyyət isə tamamilə fərqli və yeni bir diktaturanın əsasını qoya bilər ki, bu yeni şəraitdə Mehdiyevin yazdığı cild-cild kitablar, qurduğu mükəmməl hakimiyyət intriqaları nəticəsində var olan hakimiyyət mexanizmi pul-pul olub tökülər.

Ramiz Mehdiyev bütün bəlaların mənbəyi deyil

Maraqlıdır ki, indi ənənəvi müxalifətdən fərqli, meydana yeni atılan bir sıra qüvvələrin siyasi mahiyyətində də bu intriqanın ünsürləri (bu, artıq, Ilham Əliyevin adlandırdığı “ünsür”lərdən deyil) görükdüyünə görə cəmiyyət anti-Mehdiyevçiliyi birmənalı müxalifətçilik kimi qəbul etmir. Əlbəttə, hər kəs bilir ki, Mehdiyev Azərbaycanda Heydərizmin nəinki praktik, həm də nəzəriyyə adına sırınan əsaslarına sahiblik iddiasında olanlardan biridir, indi bəlkə də, birincisidir. Amma Azərbaycan cəmiyyəti şübhələnir ki, Heydərizm idarəçiliyinin simvolu, feli daşıyıcısı, bütün neqativlərinin hamısı olan Ilham Əliyevi arxa plana keçirərək yalnız Mehdiyevi bütün bəlaların mənbəyi kimi qabartmaq dolaşıq intriqaların nəticəsi ola bilər. Ən azı, şübhələnir və ictimai intuisiya bütün cəmiyyətlərdə dəyişikliyin əsas mühərrikidir. Buna görə də, kimlərsə yarımçıq müxalifətçiliklə tarixi prosesləri yarıya qədər aparmaq niyyətilə meydana atılırsa, bu, saxtakarlıqdır.

Əliyev kimi hədələyir?

Müxalifəti nəinki prezident, kefinə gələndə, hətta hansısa rayonun polis rəisi də hədələyir. Amma Ilham Əliyevin Nazirlər Kabinetinin yığıncağından cəmiyyətə boylanaraq səsləndirdiyi hədə-qorxu cəmiyyətin bu kəsiminə də ünvanlanmamışdı. Ilham Əliyev sülalə hakimiyyətinin davamlılığı naminə əməliyyatların icrasında tərəddüd edən oliqarxlara barmaq silkələyirdi. Bu oliqarxların arasında isə Ramiz Mehdiyev və onun komandası da var. O, belə hesab edir ki, “legitimlik” naminə (siyasi və hüquqi) xanım Mehriban Əliyevanın aralıq dövrdə namizədliyinə qarşı inzibati tərəddüdləri məhv etmək üçün məhz, korrupsiya faktorunu qabartmaq lazımdır. Bunu ona kimin pıçıldamasının önəmi yoxdur, adam bunu özü də düşünə bilər. Əsas məsələ budur ki, indi hakimiyyətin daxilində Mehriban Əliyevanın prezident ola biləcəyi ehtimalını yaxın buraxmaq istəməyən ciddi qüvvələr var. Bunları və o birilərini bir-birinə bağlayan yeganə maraq isə, məhz, korrupsiyadır. Təkcə ona görə yox ki, cənab Ilham Əliyev Azərbaycanda ən iri korrupsiya layihələrinə sahiblik edir. Həm də ona görə ki, hər kəs üçün ayrılan hər şey, məhz, onun razılığı ilə baş tutduğundan, o, kimin hansı korrupsiya proyektlərinin baş tutduğu, işlək vəziyyətdə olduğu və baş verəcəyi haqda əla məlumatlıdır. Yoxsa, “biz Azərbaycanda korrupsiyanı məhv etmək haqqında düşünürük” kimi mənasız bəyanatlar səsləndirərək adam özünü niyə ironiya hədəfinə çevirsin ki? Bəyəm, ölkə ictimaiyyəti məşhur “yumurta islahatlarını” yadından çıxarıb? Əlbəttə, yox. Prezident çox yaxşı bilir ki, onun bu sayaq bəyanatları cəmiyyətdə gülüş doğurur, amma onun korrupsiya ortağı olan iri məmurlar bu bəyanatları qətiyyən gülüşlə qarşılamırlar. Bu, həmin məmurların hər birinin istənilən zaman başına endiriləcək bir daşdır. Təsadüfi deyil ki, ayrı-ayrı oliqarxların nəzarətində olan bir çox biznes (və korrupsiya) sahələri tədricən Paşayevlərin nəzarətinə verilir. Dövlət idarəetmə kurasiyalarının, rayonlar və nazirliklər üzərində “podospan”lığın da tədricən Paşayevlərə verilməsi hakim ailənin sözün həqiqi mənasında mütləq hakimiyyətinin, Azərbaycanda mütləqiyyət üsul-idarəsinin tamamilə formalaşması naminədir. Əliyevin yeni ideoloqları hesab edirlər ki, dövlət həyatına, orta və iri kommersiya sahələrinə mütləq nəzarəti vahid əldə cəmləşdirmək hakimiyyətlə istənilən şəkildə rəftar etmək imkanlarını genişləndirir.
Buna görə də Ilham Əliyev Nazirlər Kabinetində keçirdiyi son toplantı zamanı müxalifətin ünvanına səsləndirdiyi ənənəvi “Bəşərvari” bəyanatların ardınca zəruri qeyd olaraq, “korrupsiya” məsələsindən də danışdı. Ona görə ki, bu, Azərbaycanın dövlət məmurlarını girovluqda saxlayan çox önəmli faktordur.


23 Aprel hərəkatı


23 Aprel hərəkatı ılə tanışlıq:
23 Aprel hərəkatı qeyrətli Azərbaycan xalqının 23 aprel 2012-ci il bazar ertəsi günü geniş və sensasiyalı gecə etirazlarının dəstəkləyicisi olmuşdur və ölkə də baş verən hadisələr və hakimiyyətin qanunsuz işlərinə görə və həmçinin xalqımızın haqqını tələb edən, gənclər vasitəsi ilə yaradılıb.
23Aprel hərəkatı ölkədə öz fəaliyyətini azadlıq ,islahat və bərabər insan hüquqları nail olana qədər davam edəcək.

23 aprel logosı

23 aprel