Blog Arşivi

15 Aralık 2013 Pazar

Sabah Milli Şuranın mitinqidi





Cəmil Həsənli xalqı mitinqə çağırdı; təşkilatçılara Bakı polisində xəbərdarlıq olundu
Sabah saat 14-dən 16-dək metronun “İnşaatçılar” stansiyasının yanındakı “Məhsul” stadionunda Milli Şuranın mitinqi keçiriləcək. Təşkilatçılar Bakı Şəhər İcra Hakimiyyətinin rəsmi razılıq verdiyi mitinqin yanacağın qiymətlərinin qaldırılmasına etiraz məqsədilə sosial tələblər və şüarlarla keçiriləcəyini bəyan ediblər.

Milli Şuraya daxil olan partiya və təşkilatlar mitinqə hazırlıq istiqamətində bir sıra toplantılar keçiriblər. Dünən saat 14.30-da Müsavat Partiyasının qərargahında Milli Şuranın dekabrın 15-nə təyin edilmiş mitinqi ilə bağlı toplantı keçirilib. Müsavat Partiyasının mətbuat xidmətindən verilən məlumata görə, partiyanın Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılının və başqan müavini Gülağa Aslanlının rəhbərliyi ilə keçirilən toplantıya rayon təşkilatlarının sədrləri  qatılıb.  Toplantıda mitinqə hazırlıqla bağlı iş bölgüsü aparılıb, etiraz aksiyasında səsləndiriləcək şüarlar müəyyənləşdirilib, mitinqin kütləviliyinin təmin olunması üçün tapşırıqlar verilib.

AXCP, KXCP, EL hərəkatı və Milli Şurada təmsil olunan digər qurumlar da 15 dekabr mitinqinə hazırlıq işləri aparıblar.


Milli Şuranın mitinq komitəsinin üzvü və AXCP funksioneri Seymur Həziyev deyib ki, aksiyaya hazırlıqlar görülməkdədir: “Milli Şuraya daxil olan siyasi partiyalar, ictimai birliklər, ziyalılar çağırışlar edirlər, yerli təşkilatlarda müşavirələr keçirilir. Mitinqə hazırlıq yüksək səviyyədədir, təşkilati işlər qaydasındadır. Mitinqdə səslənəcək şüarlar da bəllidir; ”Qiymət artımına son", “Hökumət xalqa xidmət etmək üçündür, xalqın cibinə girmək üçün deyil” və sair. Bizim mitinqimiz tam sosial tələblərlə keçiriləcək. Demokratiyanı, rifahı və azadlığı tələb edən insanlar havanın temperaturu mənfi 10 dərəcəyə düşəndə də mitinq edirlər. Biz də Azərbaycan xalqının bunu edəcəyinə inanırıq. Ona görə də havanın soyuması aksiyamıza hər hansı maneə yaratmayacaq".


Milli Şuranın sədri Cəmil Həsənli isə qiymət artımına etiraz məqsədilə dekabrın 15-də keçiriləcək mitinqlə bağlı dünən internet vasitəsilə xalqa çağırış edib. C.Həsənli facebook səhifəsində yerləşdirdiyi müraciətini bu sözlərlə başlayıb: “Sevgili millət, uca xalq!
Hər həftə, hər gün bizdən növbəti mitinqin vaxtını soraqlayırdınız. Sizin arzuladığınız mitinq təyin edildi. Milli Şuranın növbəti mitinqi dekabrın 15-i saat 14:00-da “Məhsul” stadionunda olacaq. Sizə tanış yerdir, “İnşaatçılar” metrosunun yanıdır. Hər kəsin iştirakı zəruridir.

Biz həyatımızı Azərbaycan hakimiyyətinin talançılığından qorumalıyıq. Son qiymət artımından sonra “Qlobal Vitnesin” “Anonim Azərbaycan” hesabatı açıqlandı. Ölkə daxilində yanacağın qiymətini artıran və onu “CİP” maşınların çoxalması ilə izah edənlərin xaricdəki əməllərinin açılması üçün çox vaxt lazım gəlmədi. Məlum oldu ki, yalnız bir il ərzində bir məmurun neft əməliyyatlarından mənimsədiyi vəsait, qiymət artımı nəticəsində büdcəyə daxil olacaq vəsaitdən dəfələrlə çoxdur. “Anonim Azərbaycan” hesabatı ölkəmizin neft mənimsəmələrinin yalnız kiçik bir hissəsin ortaya qoydu, əslində real mənzərə bundan çox ağırdır.

Yadınızdadırsa, seçki debatları zamanı biz bu mənzərəni təsvir edəndə YAP yetkililəri sənəd-sübut tələb edirdi. Bu da yerli-yataqlı sübut. Vətənimizdə milyonlarla insan süfrəsinə qoymağa, uşağını doyurmağa çörək tapmır, amma bunlar millətin sərvəti hesabına gecəsi 5 min -10 min dollara dəbdəbəli hotellərdə qalırlar, çirkli neft əməliyyatlarından xalqa çatacaq milyardları mənimsəyirlər".

C.Həsənli müraciətində bildirib ki, qiymət artımına qarşı hamı öz səsini qaldırmalıdır: “Azərbaycan xalqı ləyaqətli həyat, demokratik cəmiyyət haqqına malikdir. Bu haqqa tapınmaq üçün ölkədə dəyişikliklər, islahatlar olmalıdır. Bu haqqa tapınmaq üçün millətimiz öz iradəsini ortaya qoymalıdır. 15 dekabr etiraz günüdür, qiymət artımına etiraz, talançılığa etiraz, ədalətsizliyə və haqsızlığa etiraz, seçki saxtakarlığına etiraz, hüquqsuzluğa etiraz!”

Milli Şuranın sədri tələbələri, gəncləri, pensiyaçıları və qiymət artımından əziyyət çəkən digər sosial təbəqələri mitinqə çağırıb.

Milli Şuranın mitinq komitəsinin üzvləri isə dünən Bakı Şəhər Baş Polis İdarəsinə (BŞBPİ) çağırılıblar. Milli Şuranın üzvləri Tural Abbaslı (Müsavat), Seymur Həzi (AXCP) və Xəzər Teyyublu (KXCP) çağırış əsasında dünən saat 17:00-da BŞBPİ-də rəis müavini, general Səhlab Bağırovla və Bakı şəhər prokurorunun müavini Fazil Həsənəliyev görüşüblər.
Görüşdə general Səhlab Bağırov Milli Şura üzvlərinə razılaşdırılmış mitinqin təhlükəsizliyini polisin qoruyacağını bildirib. Mitinqçilərin isə qanunlardan kənar heç bir şüar və çağırışlara, ifadələrə yol verməsinə isə imkan verilməyəcəyini xəbərdarlıq şəklində mitinq komitəsi üzvlərinin nəzərinə çatdırıb. General həmçinin meriyanın razılıq verdiyi meydandan kənarda şüarlar səsləndirilməsinin, plakatlar qaldırılmasının yolverilməz olduğunu bildirib. Belə halların da qarşısının polis tərəfindən alınacağını bildirib.
Tural Abbaslının verdiyi məlumata görə, Səhlab Bağırov və Fazil Həsənəliyev mitinqdə asayişin qorunması, mitinqçilərin qanunsuz hərəkətlərə yol verməməsi ilə bağlı qanunvericiliyin tələblərini onlara xatırladıblar: “Biz də mitinq iştirakçılarına polisin hər hansı maneçilik törətməməsi ilə bağlı fikirlərimizi dedik. Milli Şuranın dinc etiraz aksiyası keçirmək qərarında və marağında olduğunu bəyan etdik. Baş verəcək hansısa qanunsuzluqlara görə bizim məsuliyyət daşıdığımız barədə sənədə imza atmağımızı təklif etdilər. Biz isə qanunda belə tələbin olmadığını əsas göstərərk imza atmaqdan imtina etdik. Onlar da imza atmamaq hüququmuzun olduğunu deyərək razılaşdılar və ayrıldıq”.

0 comments:

23 Aprel hərəkatı


23 Aprel hərəkatı ılə tanışlıq:
23 Aprel hərəkatı qeyrətli Azərbaycan xalqının 23 aprel 2012-ci il bazar ertəsi günü geniş və sensasiyalı gecə etirazlarının dəstəkləyicisi olmuşdur və ölkə də baş verən hadisələr və hakimiyyətin qanunsuz işlərinə görə və həmçinin xalqımızın haqqını tələb edən, gənclər vasitəsi ilə yaradılıb.
23Aprel hərəkatı ölkədə öz fəaliyyətini azadlıq ,islahat və bərabər insan hüquqları nail olana qədər davam edəcək.

23 aprel logosı

23 aprel