Blog Arşivi

15 Aralık 2013 Pazar

Putinin səfəri Ermənistana təhqir idi...



Kreml başçısının ziyarətinə Gümrü hərbi bazasından başlaması ABŞ prezidentlərinin Əfqanıstandakı Bəhram və Qandaqar bazalarına ziyarətləri ilə eyniləşdirilir; Aleksey Sinitsin: “Kasıb Ermənistan müasir rus hərbi maşınlarını heç daxili qiymətə də almaq imkanında deyil...”
Rusiya prezidenti Vladimir Putinin Ermənistana son səfərinin yekunlarından biri də Moskvanın öz forpostuna rus silah-sursatını daxili qiymətlərə satacağı ilə bağlı verdiyi vəd oldu. Əslində bu güzəştin özü də Ermənistan kimi kiçik büdcəsi olan cırtdan ölkə üçün kifayət qədər böyük yükdür. Çünki blokada üzündən işğalçı dövlətin iqtisadiyyatı inkişaf perspektivindən məhrumdur və hələ də faktiki olaraq, sovet dövründəki rüşeym səviyyəsindən yuxarı qalxa bilməyib.

ABŞ-Azərbaycan “İnkişafa dəstək” Fondunun baş eksperti Aleksey Sinitsin rusdilli vesti.az saytına Putinin Ermənistan ziyarətinin hərbi aspektlərini şərh edib. Onun fikrincə, səfərlə bağlı bir sıra analitiklərin, hətta rusiyalı ekspertlərin proqnozları özünü doğrultmayıb.

Sitat: “Onların hamısı əmin idi ki, Kreml başçısı hökmən səfər çərçivəsində Rusiyanın simpatiyasının İrəvan tərəfdə olduğunu bəyan edəcək. Buradan da belə qənaət hasil olacaqdı ki, Qarabağ müharibəsi başlayarsa, KTMT mütləq Ermənistana hərbi yardım göstərəcək. Lakin bunların heç biri baş vermədi. Rusiya prezidenti qəti şəkildə belə söhbətlərdən məsafə saxladı və ”rus-erməni hərbi qardaşlığı" haqda hər hansı bəyanat səsləndirmədi".

Ekspertin qənaətincə, səfər ümumiyyətlə, təəccüblü olub: “Məsələ ondadır ki, Putinin təyyarəsi öncə Gümrüyə, 102 saylı Rusiya hərbi bazasının yerləşdiyi şəhərə endi. Və bilinmədi ki, bu, Rusiya prezidentinin dost ölkəyə rəsmi səfəridir, yoxsa Rusiya Ali Baş Komandanı öz ölkəsi üçün mühüm strateji əhəmiyyət kəsb edən bazanı təftiş eləməyə gəlib. Adətən bu şəkildə ABŞ prezidentləri Əfqanıstana, Bahramdakı və ya Qandaqardakı hərbi bazalara baş çəkiblər. Ancaq Əfqanıstan, hər halda, işğal olunmuş ölkədir. Bu üzdən fikrimcə, Putinin belə səfər qrafiki erməni tərəfinə təhqir sayılmalıdır”.   

Türkoloq Ara Papyan: “Qarabağ problemi yoluna qoyulsa belə, Rusiyaya suveren Ermənistan sərf eləmir”

Sinitsin hesab edir ki, 102 saylı baza Rusiya üçün daha çox Yaxın Şərqdə proqnoza yatmayan hadisələr kontekstində önəm daşıyır: “Rusiya Yaxın Şərqə qayıtmaq istəyir... Yəqin ki, Gümrü bazası daha da gücləndiriləcək. Ancaq Ermənistanın hərbi potensialına bazanın heç bir aidiyyəti yoxdur”.

Lakin bununla belə, Putin İrəvanda bəyan elədi ki, Ermənistan Rusiyadan silah-sursatı daxili qiymətlərlə ala biləcək. Bunu anti-Azərbaycan demarşı saymaq olarmı?
Fondun ekspertinə görə, bu, çox maraqlı bəyanatdır və Ermənistanda heç bir məmnunluq yaratmayıb: “Birincisi, ona görə ki, orda yeni bir şey yoxdur. Hələ bir neçə il öncə Moskva bəyan edib ki, KTMT ölkələri Rusiya silahları və hərbi texnikasını daxili qiymətlərlə alacaq. Elə isə niyə Putin bunu rəsmən bəyan edir? Bəlkə İrəvanın acı dərmanını şirinləşdirmək üçün bunu edib. Yəni ki, 102 saylı bazaya arxayın olmayın, ancaq biz sizinlə əla əməkdaşlıq edirik. Yaxud bəlkə Putin bununla erməni və qeyri-erməni ekspertlərinin haqqında danışmağı çox xoşladıqları havayı silahları gözləməyə dəymədiyini anladıb? Bir də ”daxili qiymətlər" nə deməkdir? Məlumdur ki, erməni ordusunda faktiki olaraq zərbə və nəqliyyat vertolyotları yoxdur - hansılarsız ki, müasir müharibəni təsəvvürə gətirmək mümkünsüzdür. Moskva isə Rusiya hərbi texnikasını, o sırada klassik hərbi-nəqliyyat vertolyotları olan və Əfqanıstan müharibəsindən “Stəkan”, “Krokodil” kimi tanınmış “Mi-24"ləri (ixrac variantı ”Mi-35") həvəslə satır. Bir belə maşının qiyməti təxminən 15 milyon dollardır. Qoy ixrac endirimi uzaqbaşı 30 faiz olsun - hərgah bunun özü də ağlabatan deyil. Bəs yerdə qalan 10 milyonu Ermənistan haradan tapacaq ki, daxili qiymətə bircə belə maşını alsın? Təbii ki, hətta daxili qiymət də kifayət qədər yüksəkdir, Ermənistanın büdcəsi isə həddən artıq kasaddır".
***
Məsləyə dəxli olan daha bir mühüm element barədə: “Rusiyada ”qosoboronzakaz" kəmiyyət və maliyyə göstəriciləri daim korreksiya edilir. Hazırda qüvvədə olan “Müdafiə-sənaye kompleksinin 2011-2020-ci illər üçün inkişafı” federal əhəmiyyətli məqsədli proqramı isə İrəvanın reallaşması üçün həddən artıq az vəsaiti olan hərbi ehtiyaclarını nəzərə almayacaq. Amma Azərbaycan üzrə ixrac isə mütləq ciddiyə alınacaq. Silah satışı Rusiya büdcəsinə sanballı dollarlar gətirir, Ermənistan kimi “müttəfiqlərə” daxili qiymətlə satış isə qalıq prinsipi ilə həyata keçiriləcək - nə verirlər götür".

Ekspertə görə, rusiyalılar çoxdan praqmatik olublar: “Bəli, Rusiyanın ucqar sərhədlərində havadan müdafiə onlara lazımdır, ancaq erməni hərbi aviasiyasının problemləri rusları ən az maraqlandırır. Odur ki, Rusiya prezidentinin Ermənistan səfəri hərbi kontekstdə Serj Sərkisyan və onun komandasına iddia edildiyi kimi, ”dərin məmnunluq hissi" gətirməyib. Mənim zənnimcə, yalnız məyusluq yaradıb".
***


Ermənistan milli təhlükəsizlik xidmətinin sabiq şefi, 1992-94-cü illərdə prezidentin xüsusi tapşırıqlar üzrə səfiri işləmiş David Şahnazaryan da o qənaətdədir ki, Putin əslində Ermənistana deyil, faktiki surətdə Rusiya hərbi bazası və onun ətraf ərazilərinə səfər edib: “Kreml başçısı Rusiyanın yeni hədəflərini olduqca dəqiq şəkildə təsbit elədi. Bu hədəflərə əsasən, Moskva Güney Qafqazda daha da möhkəmlənəcək və aparılan siyasətdə 102 saylı bazaya böyük rol ayrılıb. Aydındır ki, bu gün Cənubi Qafqazın , Ermənistanın təhlükəsizliyinə və sabitliyinə əsas təhlükə Moskvanın siyasəti və Gümrü hərbi bazasıdır”.

MTN-nin sabiq şefi David Şahnazaryan: “Təhlükəsizliyimizə ən böyük təhlükə Azərbaycandan yox, Rusiyadan, 102 saylı bazadan gəlir...”

Şahnazaryana görə, prezident Serj Sərkisyan sentyabrın 3-də Moskvada ölkənin Gömrük İttifaqına qoşulmasına razılıq verməklə Ermənistanın suverenliyinə qarşı cinayət işlədib: “Sərkisyan hakimiyyət naminə dövlətçiliyimizi və suverenliyimizi Rusiyaya satır. Odur ki, parlament vaxt itirmədən prezidentə qarşı etimad və impiçment məsələsini qaldırmalıdır. Yalnız bu yolla 3 sentyabrda dövlətçiliyə qarşı başlanan prosesi durdurmaq olar. Mən parlamentin bütün fraksiyalarını, deputatları buna çağırıram - ayılın, biz dövlətçiliyimizi, suverenliyimizi itiririk. Öz şəxsi və partiya maraqlarınızdan yuxarı qalxın. Bu hakimiyyət bütün istiqamətlər üzrə iflas olub. Heç bir uğura nail olmayıb, heç bir müsbət addım atmayıb. Yeganə müsbət fəaliyyət Avropa Birliyi ilə assosiativ üzvlüklə bağlı aparılan danışıqlar idi...”
***

Erməni türkoloq, “Modus vivendi” mərkəzinin rəhbəri, keçmiş diplomat Ara Papyanın Rusiyanın Güney Qafqaz siyasətinə münasibəti da maraqlıdır və erməni ekspert dairələrində Kremlin regional, o cümlədən Qarabağla bağlı yürütdüyü siyasətindən dolayı daşlaşan rəylərə güclü işıq salır.

Ekspertin əminliyinə görə, hətta Dağlıq Qarabağ məsələsi yoluna qoyulsaydı belə, Rusiya imkan verməyəcəkdi ki, Ermənistan Avropa Birliyi ilə sız əlaqələr qursun, çünki bu, ona səf eləmir: “Ümumiyyətlə, suveren Ermənistan Rusiyaya sərf eləmir. Kremlə ondan asılı olan Ermənistan lazımdır. Ruslar çox müdrikcəsinə, ardıcıl şəkildə hazırda düşdüyümüz pusqunu bizə qurublar. Bizimkilər deyirlər ki, ”alternativimiz yoxdur". Ancaq təşəbbüsün yoxluğu da rusların apardığı hiyləgər siyasətin nəticəsidir. Və belə vəziyyətdə, yəni  assosiativ sənədi imzalamamağımızdan Qərb elə də ziyan çəkmir. Biz isə çəkirik. Çünki Avropa Birliyinin bazarı üzümüzə açılacaqdı, Ermənistanın bazarı Avropa Birliyinə yox - hansı ki, heç bazar da adlana bilməz. Burda bizim 2.5 milyonluq bədbəxt xalqımız var, amma 512 milyonluq bir bazardan yaralanmaq şansımız olacaqdı..."
***
Göründüyü kimi, düşmən Ermənistanda da öz ölkəsinin Rusiyanın siyasi-hərbi və artıq həm də iqtisadi girovluğunda olduğunu anlayan, bunun ağır sonuclarını hesablaya bilən təhlilçilər var. Ancaq əfsuslar olsun ki, praqmatik mövqeli insanların rəsmi İrəvanın xarici siyasət kursuna, erməni ictimai rəyinə təsir imkanları olduqca məhduddur.

Əsas da erməni ictimai şüurunda məqsədli şəkildə yaradılan belə bir stereotip hələ də qalmaqdadır ki, guya Rusiya ilə siyasi-hərbi müttəfiqlik olmasa, Ermənistan Azərbaycan və Türkiyənin arasında sıxılar və öz suverenliyini, dövlətçiliyini qısa müddətdə itirər, o üzdən Ermənistan bu iki ölkəyə qarşı aqressiv siyasətimi davam etdirməlidir.
Halbuki Ara Papyanın, David Şahnazaryanın qeyd elədiyi kimi, Ermənistan adlı ölkənin varlığına ən böyük təhlükə elə onun müttəfiq olduğu Rusiyadan, 102 saylı hərbi bazadan qaynaqlanır.

Nə qədər ki, sonuncu qənaət İrəvanın rəsmi siyasətinə və cəmiyyətinə hakim kəsilməyib, nə qədər ki, bədxah qonşularımız öz bəlalarının mənbəyini Rusiyada deyil, Azərbaycanda və Türkiyədə görəcək, erməni xalqının iztirabları da bitməyəcək.

0 comments:

23 Aprel hərəkatı


23 Aprel hərəkatı ılə tanışlıq:
23 Aprel hərəkatı qeyrətli Azərbaycan xalqının 23 aprel 2012-ci il bazar ertəsi günü geniş və sensasiyalı gecə etirazlarının dəstəkləyicisi olmuşdur və ölkə də baş verən hadisələr və hakimiyyətin qanunsuz işlərinə görə və həmçinin xalqımızın haqqını tələb edən, gənclər vasitəsi ilə yaradılıb.
23Aprel hərəkatı ölkədə öz fəaliyyətini azadlıq ,islahat və bərabər insan hüquqları nail olana qədər davam edəcək.

23 aprel logosı

23 aprel