Əlaqə
5 Mart 2014 Çarşamba
AXCP-yə qarşı qərargah təxribatına ictimai etiraz
“Hakimiyyət artıq terror dililə danışır”; “Belə siyasi mübarizə olmaz”; “Mülk sahibinin dedikləri araşdırma üçün əsasdır”…
AXCP-nin Nərimanov rayonunda yerləşən qərargahında baş verən müəmmalı
partlayışdan sonra bina söküldü. Səbəb kimi partlayışdan sonra binanın
qəzalı olduğu bəhanəsi gətirildi. Nəticədə AXCP partiya üzvlərinin
ianələri hesabına icarəyə götürüldüyü qərargahdan məhrum edildi. Amma
baş verənlərdə diqqət çəkən daha bir məqam AXCP-yə icarəyə verilən
binanın sahibi Azər Əsgərovun mətbuata açıqladığı faktlardır. A.Əsgərov
dünən hadisə yerində bəyan edib ki, binanı fövqəladə hallar naziri
Kəmaləddin Heydərov partlatdırıb. Sahibkar deyib ki, ona Heydərovun
adından AXCP-ni binadan çıxarmalı olduğu, yoxsa binanın yana, yaxud
partlaya biləcəyi barədə xəbərdalıq edilmişdi. A.Əsgərov dediklərini
təsdiqləyən audi-diskləri də jurnalistlərə paylayıb.
Fikrini öyrəndiyimiz ictimaiyyət nümayəndələri AXCP-nin qərargahı ilə
bağlı baş verənləri həm hakimiyyətin bu partiyaya qarşı düşmən
münasibəti, həm də konkret cinayət əməli kimi şərh ediblər.
Cəmil Həsənli: «Bu dövlət orqanlarının müxalif siyasi partiyaya qarşı bir terror aktıdır»
Milli Şuranın sədri Cəmil Həsənli bildirdi ki,
partlayış baş verən gün Milli Şura hadisənin məqsədyönlü şəkildə
törədildiyini bəyan etmişdi: «Biz bəyanatımızda qeyd etmişdik ki,
AXCP-nin qərargahının zirzəmisindəki partlayışdan sonra növbəti addım
partiyanı binadan çıxartmaq olacaq. Elə partlayış da məhz bu məqsədlə
törədilib. Partlayış hakimiyyət orqanları tərəfindən məqsədyönlü şəkildə
təşkil olunub. Bu dövlət orqanlarının müxalif siyasi partiyaya qarşı
bir terror aktıdır. Təəssüf ki,...
bizim hakimiyyət orqanları bu cür
addımlar atır. Halbuki hakimiyyət orqanlarının borcu bu cür olayların
qarşısının alınması olmalıdır. AXCP-nin qərargahının yerləşdiyi binanın
sahibinə qarşı bu günə qədər edilən təzyiqlər bir nəticə vermədiyi üçün
partlayış törədildi ki, partiyanı bu binadan çıxarsınlar».
Mehman Əliyev: «Qərargahın məqsədli şəkildə partladılması AXCP-yə qarşı bir təzyiq formasıdır»
«Turan» İnformasiya Agentliyinin direktoru, Milli Şuranın üzvü Mehman Əliyevdə
bildir dik i, AXCP-nin qərargahındakı müəmmalı partlayış təşkil olunmuş
planın tərkib hissəsidir və hazırda baş verənlər də bunu bir daha
təsdiq edir: «Mən bu məlumat yayıldıqdan sonra əraziyə baxış keçirmək
üçün AXCP-nin qərargahına yollanmışdım. Qərargahın məqsədli şəkildə
partladıldığı ilk baxışdan hiss olunurdu. Bu AXCP-yə qarşı bir təzyiq
formasıdır. Hakimiyyət ümumiyyətlə hazırda bütün istiqamətlərdə aqressiv
formada vətəndaş cəmiyyətinin üzərinə gedir. Təzyiq siyasəti media
institutlarına, iqtisadi qurumlara, QHT-lərə qarşı da yönəldilir. Bu
demokratiyaya qarşı ölkədə reallaşdırılan ümumi siyasətin tərkib
hissəsidir».
M.Əliyevin fikrincə, baş verənlər hakimiyyətin dünayda gedən
demokratikləşmə proseslərindən ehtiyatlandığını göstərir: «Rusiyada
hazırda iqtisadi durum çox pisləşib. MDB dövlətlərində də durum yaxşı
deyil. Bu da heç şübhəsiz Azərbaycana da toxunur. Bildyiniz kimi bu il
Azərbaycanda büdcə kəsirlə qəbul olunmuşdu. Başqa siyasi problemlər də
mövcuddur. Ona görə istər regionda, istərsə də ölkəmizdə baş verən
proseslər hakimiyyəti ciddi narahat edir və düşündürür».
Aslan İsmayılov: «Bu terror siyasətinin nəticələri ilk növbədə hakimiyyətin özü üçün pis ola bilər»
«Hələ partlayış baş verən günü mən bəyan etdim ki, hadisənin
törədilməsində günahı olan şəxslər təcili tapılmasa və onlar
cəzalandırılmasa, deməli baş verənlərin günahkarı hakimiyyətdir». Bu
sözləri qəzetimizə açıqlamasında vəkil Aslan İsmayılov bildirib.
Onun da fikrincə, törədilən hadisənin arxasında məhz hakimiyyət dayanır
və burada məqsəd müxalifət partiyasını bir daha qərargahsız qoymaqdır:
«Partlayış baş verdikdən dərhal sonra AXCP-ni binadan çıxarmaq bir daha
göstərir ki, bu hakimiyyətin öz işidir və bu olduqca təhlükəli
siyasətdir. Artıq hakimiyyət insanlarla terror dili ilə danışır. Bu
siyasətin nəticələri ilk növbədə hakimiyyətin özü üçün pis ola bilər».
Eldəniz Quliyev: «Baş verənlər mübarizənin önündə AXCP-nin olduğun göstərdi»
«El» Hərəkatının Məclisinin sədri, Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Eldəniz Quliyevin qənaətincə,
son günlər baş verən olaylar bir daha hakimiyyətin əsil simasını
göstərdi: «AXCP-nin qərargahında baş verən partlayış və bundan sonra
yaşananlar göstərdi ki, Azərbaycanda demokratiya uğrunda mübarizə aparan
və həqiqətən də müxalifət qüvvəsi olan bir partiya var, o da AXCP-dir.
Şübhə etmirəm ki, baş verən təşkil olunmuş və hakimiyyət tərəfindən
yönəldilmiş bir təxribatdır. Cərəyan edən hadisələr AXCP-yə qarşı
məqsədyönlü təzyiq siyasətinin tərkib hissəsidir və baş verənlərin
ssenarisi əvvəlcədən işlənilib. Bu hakimiyyətin demokratik mübarizəyə
olan münasibətini sərgilədi. Hakimiyyətin növbəti yalnlış və riyakar
addımı Azərbaycana baş ucalığı gətirmir».
Leyla Yunus: «Hakimiyyət müxalifətlə mübarizədə terrorçuların üz tutduğu metoddan istifadə edir»
Hüquq müdafiəçisi Leyla Yunus bildirdi ki, AXCP-nin
üzləşdiyi situasiya və partlayışın ardınca baş verənlər düşünülmüş
siyasətin tərkib hissəsidir: «Bu bilərəkdən atılan addımlardır. Məqsəd
ölkədə demokratiya uğrunda mübarizənin qarşısını almaqdır. İndiyə qədər
hakimiyyət müxalifətə qarşı mübarizədə müxtəlif vasitələrdən istifadə
edib. Amma indiyə qədər terrora müraciət olunmamışdı. Çünki AXCP-yə
qarşı törədilən əsl terror aktıdır. Hazırda həbsdə olan «NİDA»çılar heç
bir yeri partlatmamışdılar. Amma hakimiyyət təmsilçiləri hazırda məhz
terrorçuların üz tutduğu metoddan istifadə ediblər. Bu onu göstərir ki,
Azərbaycan hakimiyyəti krminal metodlardan yararlanır. AXCP-nin sirli
partlayışdan sonra binadan çıxarılması isə əslində onu sübut edir ki,
partlayışın arxasında hakimiyyət dayanır. Məqsəd müxalif düşüncəli
insanları bir yerə toplaşmaqdan məhrum etməkdir».
SSRİ dövründə insanların ümumiyyətlə toplanmaq üçün məkanlarının
olmadığını deyən L.Yunus vurğuladı ki, amma bununla belə insanlar
biryerə toplaşdı və şər imperiyasını yıxdı. «Ona görə hakimiyyətin
terror aktına əl atması hakimiyyətdə Hacı Məmmədov düşüncəli insanların
hələ də olduğunu deməyə əsas verir», deyə L.Yunus vurğuladı.
Gültəkin Hacıbəyli: «Baş verənin AXCP-yə qarşı təzyiq olduğu heç kimdə şübhə doğurmur»
Milli Şuranın Beynəlxalq Münasibətlər Komissiyasının sədri Gültəkin
Hacıbəyli də AXCP-nin qərargahı ətrafında baş verənləri hakimiyyətin
məkirli planının tərkib hissəsi sayır. Partlayışın qərargahın
zirzəmisindəki bərbərxanada baş verməsinə diqqət çəkən G.Hacıbəyli
vurğuladı ki, bu cür obyektlərdə təbii qazdan istifadə olunması qanunla
qadağan edilib: «Bu baxımdan bərbərxanada qazdan partlayışın olmasını
demək əvvəlcədən inandırıcı deyildi. Sonradan oranı çalışdıran şəxs də
etiraf etdi ki, burada ümumiyyətlə qaz xətti olmayıb. Aydın məsələdir
ki, baş verən partlayışın səbəbi qaz sızması deyil. AXCP-nin
qərargahının yerləşdiyi binaya güclü xəsarət dəymədiyi halda bina
sökülürsə, bu partiyaya qarşı təzyiq formasıdır. Digər tərəfdən binanın
sahibi də etiraf edib ki, AXCP-ni binadan çıxarmaqla bağlı ona dəfələrlə
xəbərdarlıq edilib. Mənzərə aydındır. Burada məqsəd heç də cəbhəçiləri
qəza təhlükəsindən qorumaq deyil. Məqsəd AXCP-nin fəaliyyətini
məhdudlaşdırmaq, partiyanı yenə qərargahdan məhrum etməkdir».
G.Hacıbyəli hesab edir ki, AXCP-nin qərargahı yerləşən binanın
sökülməsi digər icarəçilərə də xəbərdarlıqdır ki, kim müxalifət
partiyasına istifadə üçün binasını versə bu cür hal ilə rastlaşacaq: «Bu
olduqca təhlükəli tendensiyadır. Hamı bu partlayışın nə məqsədlə
törədildiyini anladı və gördü. Faktiki olaraq baş verənin AXCP-yə qarşı
təzyiq olduğu heç kimdə şübhə doğurmur. Mən düşünürəm ki, hakimiyyət bu
cür addımlardan çəkinməlidir. Dünyada baş verənlərin qarşısını almaq
üçün AXCP-ni qərargahdan məhrum etmək düzgün yol deyil. Əgər kütləvi
narazılıqlar artırsa, həmin narazılığı aradan qaldırmaq lazımdır. Bu
sıraya məmur, məhkəmə özbaşnalığın aid etmək lazımdır. Təəssüf edirəm
ki, Azərbaycan hakimiyyəti bu addımı da özünə yaraşdırdı».
Fuad Ağayev: «Baş verənlər AXCP, Milli Şuraya qarşı aparılan kampaniyanın tərkib hissəsidir»
Vəkil Fuad Ağayev hesab edir ki, AXCP-nin qərargahı
ilə bağlı baş verənlər, mətbuatdakı məlum səs yazısı müvafiq strukturlar
tərəfindən ciddi araşdırılmalıdır: «Amma təəssüf ki, bu cür məsələləri
obyektiv, hərtərəfli araşdıran bir orqan Azərbaycanda yoxdur. Nə
prokurorluq, nə də istintaq orqanları xüsusilə siyasi mənsubiyyət
məsələlərinə gəldikdə çox qərəzli olurlar. Onlar verilən tapşırıqdan
kənara çıxmırlar. Ona görə baş verənlərin obyektiv araşdırılacağına ümid
o qədər çox deyil. Amma bir məqamı nəzərə almaq lazımdır ki, hətta bina
qəza vəziyyətində olsaydı belə, həmin binanın sökülmədən əvvəl onun
vəziyyəti ilə bağlı araşdırma aparılmalı idi. Qanun bunu qadağan edir.
Ona görə bu hərəkətlərin qərəzli xarakter daşıması şübhə doğurmur. Bu
AXCP, Milli Şuraya qarşı aparılan kampaniyanın tərkib hissəsidir. Siyasi
rəqiblərə qarşı bu cür metodlarla mübarizə aparmaq düzgün deyil, sivil
ölkələrdə belə hallar olmur».
Arif Əliyev: «AXCP-yə qarşı qısasçılıq planı var»
«Yeni Nəsil» Jurnalistlər Birliyinin sədri Arif Əliyev də
hesab edir ki, hazırda baş verənlər AXCP-yə qarşı uzun müddətdir ki, ən
kobud formalarda həyata keçirilən təzyiqin davamıdır. AXCP-nin
qərargahı ilə bağlı birinci dəfə deyil ki, bu cür problemin yarandığını
deyən A.Əliyev vurğuladı ki, faktiki olaraq AXCP-ni qərargahsız
fəaliyyət göstərməyə məcbur edirlər: «AXCP-yə qarşı hücumlar
vətəndaşların sərbəst toplaşmaq hüquqlarının açıq formada
məhdudlaşdırılmasıdır. Bundan əlavə məhz AXCP-yə qarşı qısasçılıq planın
olduğu görünür. Biz istərdik ki, siyasi yönümündən, hakimiyyətin xoşuna
gəlib-gəlməməyindən asılı olmayaraq, insanların siyasi fəaliyyətinə
şərait yaradılmalıdır. İnsanların ən sadə hüquqları belə təmin
edilməlidir».
A.Əliyevin fikrincə, eyni zamanda AXCP-nin qərargahının yerləşdiyi
binanın sahibinin dedikləri, sübut kimi gətirdiyi materiallar da
araşdırma predmeti olmalıdır: «Binanın sahibinin artıq KİV-lərdə bu cür
məlumatla çıxış etməsi araşdırma üçün əsas ola bilər. Bundan başqa
burada söhbət yalnız bir nəfərin deyil, insanların sərbəst toplaşmaq
hüququnun məhdudlaşdırılmasından gedir. Ona görə baş verənlər ciddi
araşdırılmalıdır».
Mirvari Qəhrəmanlı: «Səs yazısı və sahibkarın dedikləriylə bağlı dərhal cinayət işi açılmalıdır»
Hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı bildirdi ki,
AXCP-yə qarşı son hücum dalğası Xocalı soyqırımı ilə bağlı anım
mərasimində gənclərin aktivliyindən sonra başladı. AXCP-nin anım
mərasiminə partiya olaraq çoxlu sayda yeni simalı gənclərlə qatılmasının
hakimiyyəti narahat etdiyini düşünən M.Qəhrəmanlı vurğuladı ki,
görünür, AXCP-nin qərargahsız saxlanılması müvafiq qurumların qarşısında
bir öhdəlik kimi qoyulub: «Hakimiyyət elə düşünr ki, Azərbaycanda
fəaliyyət göstərən güclü müxalifət partiyasının qərargahının əlindən
alınması onun gücünün itirməsinə və yaxud parçalanmasına səbəb ola
bilər. AXCP Nərimanov rayonundakı qərargahına təşkilatlanmış formada
gəlmişdi. Əgər siyasi partiyanın nüfuzu, onun tərəfdaşları varsa,
fəaliyyətini əvvəlki formada davam etdirə biləcək. Əksinə baş verən
hadisə hakimiyyətin imicinə neqativ təsir edəcək».
AXCP-nin qərargahının sökülməsiylə sahibkarın mülkiyyətinə ciddi
ziyan vurulduğunu deyən M.Qəhrəmanlı vurğuladı ki, səs yazısı və
sahibkarın dedikləriylə bağlı dərhal cinayət işi açılmalıdır: «Əslində
baş verən hadisə insanların kütləvi şəkildə mülkiyyət hüququnun
pozulmasının bir davamıdır. İstisna deyil ki, bir müddət sonra AXCP-nin
keçmiiş qərargahının ərazisində imkanlı bir məmur ya hündür mərtəbəli
bina tikəcək, ya da Bakı meri fontan salacaq».
Namizəd Səfərov: «Binanın dərhal sökülməsi hakimiyyətin AXCP-yə qarşı planlarının üstünü açır»
Vəkil Namizəd Səfərovun qənaətincə, AXCP-nin
qərargahı ilə bağlı baş verən olaylarda hər şey gün kimi aydındır.
Hadisəni müxalifət partiyasına qarşı hakimiyyətin terror aktı kimi
dəyərləndirən N.Səfərov vurğuladı ki, məqsəd AXCP-ni növbəti dəfə
qərargahsız qoymaqdır: «AXCP-nin qərargahında nə qaz xətti olub, nə də
qaz balonlarından istifadə olunub. Bu sadəcə olaraq bir təxribatdır.
Bundan başqa binanın sabinə olan təzyiqlər, onun AXCP-ni binadan
çıxarmayacağı təqdirdə mülkinin partladılacağı ilə bağlı deyilənlər də
ümumi mənzərəyə aydınlıq gətirir».
N.Səfərov onu da bildirdi ki, bina sökməmişdən əvvəl baş verən
partlayışla bağlı istintaq aparılmalı idi. N.Səfərov hesab edir ki, amma
müvafiq addımlar atılmadan binanın dərhal sökülməsi bir daha
hakimiyyətin AXCP-yə qarşı planlarının üstünü açır. Hüquqşünus da hesab
edir ki, ortada olan digər faktlar, binanın sahtbinə qarşı təzyiqlər
araşdırılmalıdır. «Bu qanunun tələbi olsa da, təəssüf ki, hakimiyyət bu
məqamları nəzərə almır», deyə N.Səfərov vurğuladı.
Natiq Kərimov: «Hakimiyyət əgər AXCP-nin üzərinə bu cür hücumlar edirsə, deməli partiya düz yoldadır»
Nardaran Ağsaqalar Şurasının sədri Natiq Kərimov da
bildirdi ki, binanı sahibinin açıqlaması və ortada olan müammalı
partlayış baş verənlərin məqsədinə aydınlıq gətirir: «Hakimiyyət əgər
AXCP-nin üzərinə bu cür hücumlar edirsə, deməli AXCP düz yoldadır.
Hazırkı dövrdə siyasi rəqibə qarşı bu cür primitiv yollarla mübarizə
aparmaq yolverilməzdir. Törədilən təxribat zamanı insan itkisi də ola
bilərdi. Baş verən hadisə, reallaşdırılan plan Azərbaycan dövlətinə
böyük ziyan gətirəcək. Bu metodlarla siyasi mübarizə aparmaq olmaz».
Kaydol:
Kayıt Yorumları (Atom)
23 Aprel hərəkatı
23 Aprel hərəkatı ılə tanışlıq:
23 Aprel hərəkatı qeyrətli Azərbaycan xalqının 23 aprel 2012-ci il bazar ertəsi günü geniş və sensasiyalı gecə etirazlarının dəstəkləyicisi olmuşdur və ölkə də baş verən hadisələr və hakimiyyətin qanunsuz işlərinə görə və həmçinin xalqımızın haqqını tələb edən, gənclər vasitəsi ilə yaradılıb.
23Aprel hərəkatı ölkədə öz fəaliyyətini azadlıq ,islahat və bərabər insan hüquqları nail olana qədər davam edəcək.
0 comments:
Yorum Gönder