Əlaqə
5 Mart 2014 Çarşamba
Yenə ofissiz qalan partiya baş verənləri siyasi terror adlandırdı
Martın 4-də
AXCP bir gün əvvəl zirzəmisində partlayış baş verən qərargahından
çıxarılıb. Səhər saatlarından qərargah boşaldılmağa başlayıb. Əraziyə
Çevik Polis Alayının qüvvələri gətirilib. AXCP üzvlərinin qərargahı
boşaltmaqdan imtina etməsi isə gərginliyə səbəb olub. Nərimanov Rayon
İcra Hakimiyyətinin nümayəndələri AXCP-yə binanın qəzalı oduğunu
bildiriblər. Nərimanov Rayon İcra Hakimiyyəti başçısının müavini Şahmar
İbadov bildirib ki, hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin və
Nərimanov Rayon İcra Hakimiyyətinin əməkdaşları gəlib, müvafiq
araşdırmalar aparılıb.
Ş. İbadov qeyd edib ki, FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət
Dövlət Agentliyi tərəfindən rayon icra hakimiyyətinə telefonoqram daxil
olub. Daxil olan telefonoqramda qeyd olunan binanın yararsız vəziyyətə
düşməsi səbəbindən ərazidə olan yaşayış və qeyri-yaşayış sahələrinin
boşaldılması tapşırılıb: “Nərimanov Rayon İcra Hakimiyyəti başçısının
sərəncamı ilə qeyd olunan ərazidə yaşayan üç ailə köçürülür, həmin
ailələrə üç aylıq kirayə pulu ödəniləcək. Həmin ailələr dövlət
tərəfindən tikilən binalarda mənzillə təmin ediləcək”.
Ş.İbadov AXCP Ali Məclisinin sədri Həsən Kərimovla görüşərək
bildirib ki, AXCP-yə əşyaların daşınması üçün yük daşıyan avtomobil və
əşyaların yığılması üçün anbar da təşkil ediblər.
H. Kərimov isə azadlıq.info-ya bildirib ki, partiya üzvləri FHN
əməkdaşlarından binanın boşaldılması ilə bağlı qərarı tələb etsə də,
qərarın binanın sahibinə təqdim olunacağı deyilib: “Deyirlər qərar
mülkün sahibinə təqdim olunacaq, siz icarədarsınız. Ona görə hələlik bu
məsələ açıq qalır. Müəyyən mənada qərarla tanışam. Orda yazılıb ki, bina
qəzalı vəziyyətdə olduğu üçün FHN-in ekspertləri tərəfindən akt tərtib
olunub və aktda göstərilir binanın hər an uçmaq təhlükəsi var”.
H.Kərimov partiya tərəfindən ekspertlərin dəvət olunduğunu da
bildirib: “Özümüz də inşaatçı mühəndisləri dəvət etdik və onlar dedi ki,
bina qəzalı vəziyyətdə deyil və burda fəaliyyət göstərmək mümkündür. Bu
da göstərir ki, binanın boşaldılması yuxarıların sifarişidir və FHN-in
ekspertləri də bu sifarişi böyük məmnuniyyətlə yerinə yetirirlər”.
AXCP nümayəndələri qərargahı boşaltmaqdan imtina edəndən sonra Ş.
İbadov binanın qəzalı olması ilə bağlı sənədi AXCP sədrinin müavini
Gözəl Bayramlıya təqdim edib. G.Bayramlı həmin sənədi uca səslə
səsləndirdikdən sonra AXCP üzvləri binanı boşaltmağa başlayıblar. Bu
zaman polis əməkdaşları və AXCP-nın fəalları arasında mübahisə yaranıb.
Ancaq mübahisə uzun çəkməyib və bina boşaldıldıqdan sonra dərhal
söküntü işləri başlayıb.
Fövqəladə Hallar Nazirliyi (FHN) Tikintidə Təhlükəsizliyə Nəzarət
Agentliyinin rəis müavini Elxan Əsədov hadisə yerinə gələrək binanın
sökülməsi səbəblərini açıqlayıb: “Araşdırma nəticəsində məlum olub ki,
uzun illər əvvəl heç bir təhlükəsizlik tədbirləri görülmədən, tikinti
norma və qaydalarına uyğun olmayaraq binanın ikinci mərtəbəsi tikilib.
Bununla əlaqədar binanın mövcud konstruksiyası həddindən artıq yüklənib.
Birinci mərtəbənin zirzəmisinin üstündə olan örtük ağac
konstruksiyalardan ibarət olmasına baxmayaraq, sonradan onun üstündən
monolit beton döşəmə konstruksiyası verilib. Aşağıdakı ağac
konstruksiyalar da çürüdüyündən, döşəmə hər an çökə bilər ki, bu da
içəridəki insanların həyatı üçün böyük təhlükə yarada bilər. Binanın
zirzəmisi və birinci mərtəbəsi tam qəzalı vəziyyətdədir. İkinci
mərtəbədən istifadə olunması isə qeyd etdiyim səbəblərdən
yolverilməzdir. Orada hər an çökmə baş verə bilər”.
“Azəriqaz” İstehsalat Birliyi də AXCP qərargahındakı partlayışla
bağlı açıqlama yayıb. Açıqlamada yanğınla müşayiət olunan partlayışın
təbii qazla heç bir bağlılığının olmadığı vurğulanır. Bildirilir ki,
FHN-in qeyd etdiyi kimi, hadisə yerinə ilkin baxış zamanı biri tam
dağılmış, digəri isə yanğının təsirinə məruz qalmış 2 ədəd propan qaz
balonu aşkar edilib.
Qeyd edək ki, AXCP uzun illərdir qərargahsız fəaliyyət göstərib.
Partiyanın toplantıları ayrı-ayrı üzvlərin evlərində keçirilib və qurum
ofissiz xeyli çətinliklərlə üzləşib. Sözügedən ofisi isə cəbhəçilər cəmi
altı ay əvvəl tutmuşdular. Milli Şuranın bir çox toplantıları,
görüşləri həmin qərargahda keçirilirdi. Bundan sonra AXCP-nin və Milli
Şuranın durumu necə olacaq? Partiya başqa müxalifət partiyalarının
ofisindən istifadə edəcəkmi?
AXCP sədrinin müavini Fuad Qəhrəmanlının sözlərinə görə, baş
verənlər onu göstərir ki, AXCP yenə qərargahsız fəaliyyət göstərməli
olacaq: “Qərargahsız qalacağıq. Biz əvvəl də cəbhəçilərin evlərində
toplanırdıq, toplantıları, iclasları ayrı-ayrı mənzillərdə keçirirdik.
İndiki halda yeni qərargah icarəyə götürmək riskli görünür. Çünki bu
qərargah şəxsi mülk idi və biz onu sənədlərlə, qanuni şəkildə icarəyə
götürmüşdük. Bu, AXCP-yə qarşı siyasi terror aksiyasıdır. Görünən odur
ki, hakimiyyət bizim normal siyasi fəaliyyətimizə imkan vermək
niyyətində deyil. Baş verən hadisə həm də mülkiyyətçinin hüquqlarına da
hörmətsizlikdir, bura şəxsi mülk idi və onun mülkiyyətinin sökülməsinə
qanunsuz olaraq qərar verilib. FHN orada yoxlama apararkən biz eşitdik
ki, binaya əsaslı zərər dəyməyib. Bununla belə, sökülür, bu, siyasi
qərardır. Partlayış da binanın sökülməsinə əsas yaratmaq məqsədi
güdürdü. Onsuz da illərdir ki, AXCP qərargahsız fəaliyyət göstərirdi,
cəmi altı ay idi ki, qərargahımız vardı. AXCP-nin gücü daşda-divarda
deyil, partiya üzvlərinin əzmindədir”.
Milli Şuranın sədri Cəmil Həsənli isə “Yeni Müsavat”a bildirib ki,
qərargahla bağlı aydın bir planları olmasa da, bu barədə
fikirləşəcəklər: “Hər halda, bir yer tapacağıq”.
Qeyd edək ki, bir neçə dəfə AXCP Müsavat Partiyasının
qərargahından toplantılarının keçirilməsi üçün istifadə edib. Həmçinin
Milli Şuranın prezidentliyə vahid namizədi Cəmil Həsənlinin Seçki
Qərargahı da Müsavat Partiyasında yerləşirdi. MŞ-nin toplantıları əksər
hallarda burada keçirilirdi.
Müsavat başqanının müavini Gülağa Aslanlı bildirib ki, onlar yenə
də AXCP-yə yer verməyə hazırdırlar: “Hər zaman haqqı pozulanın
müdafiəsinə və ona kömək etməyə hazırıq. Bizim qapımız müxalifət
qüvvələrinin üzünə həmişə açıqdır”.
Kaydol:
Kayıt Yorumları (Atom)
23 Aprel hərəkatı
23 Aprel hərəkatı ılə tanışlıq:
23 Aprel hərəkatı qeyrətli Azərbaycan xalqının 23 aprel 2012-ci il bazar ertəsi günü geniş və sensasiyalı gecə etirazlarının dəstəkləyicisi olmuşdur və ölkə də baş verən hadisələr və hakimiyyətin qanunsuz işlərinə görə və həmçinin xalqımızın haqqını tələb edən, gənclər vasitəsi ilə yaradılıb.
23Aprel hərəkatı ölkədə öz fəaliyyətini azadlıq ,islahat və bərabər insan hüquqları nail olana qədər davam edəcək.
0 comments:
Yorum Gönder