Blog Arşivi

11 Şubat 2014 Salı

Xəstə çağırışçılar varlı balalarının əvəzinə əsgər aparılır

Üzeyir Cəfərov: “Əks təqdirdə, xəstə adamı necə sağlam adı ilə ordu sıralarına göndərmək olar?”
Yanvar ayında Silahlı Qüvvələrdə xidmət üçün çağırılan 157 çağırışçıda xəstəlik aşkar edildiyindən geri qaytarılması xəbəri diqqəti yenidən gənclərin həqiqi hərbi xidmətə çağırılması mövzusuna yönəldib.

Rəsmi məlumatda bildirilib ki, Müdafiə Nazirliyinin tabeliyində...
olan hərbi hissələrə xidmətə çağırılan gənclərin sağlamlıq vəziyyətinin təkrarən yoxlanışdan keçirilməsində məqsəd ilk növbədə hərbi qulluqçuların sağlamlığına diqqətin artırılmasıdır. Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Vaqif Dərğahlı “Yeni Müsavat”a onu da deyib ki, Müdafiə Nazirliyinin tabeliyində olan hərbi hissələrin əksəriyyəti çətin iqlim şəraitində, relyefi çox müxtəlif və mürəkkəb olan ərazilərdə - həm yüksək dağlıq, həm düzənlik-ovalıq şəraitində, düşmənlə təmas xəttində, daim səngərdə yerləşir: “Bu səbəbdən də ordu sıralarına gələn gənclərin tibbi cəhətdən sağlam, mənəvi-psixoloji və fiziki cəhətdən möhkəm, o cümlədən hərbi xidmətin çətinliklərinə dözümlü olmaları vacibdir. Qeyd edək ki, görülən tədbirlər artıq öz nəticəsini verir. Yanvarın 15-dək Silahlı Qüvvələrin Baş Kliniki Hospitalında təkrarən yoxlanılan gənc çağırışçıların 106 nəfərində xəstəlik aşkarlanıb və onlar geri qaytarılıblar. Bu gənclərin 17 nəfərində vərəm, 71 nəfərində nevrotik-reaksiya, 18 nəfərində isə digər xəstəliklər aşkar edilib”.

Müdafiə nazirinin müxtəlif xəstəliklərin daşıyıcıları olan gəncləri ordudan uzaqlaşdırması təbii ki, müsbət qarşılanır. Ancaq ortaya sual çıxır, bu şəxslər nədən hətta vərəm daşıyıcısı olduğu halda orduya aparılıb?

Hərbi ekspert Üzeyir Cəfərov deyir ki, hələ bu 157 nəfər 30 günlük çağırış vaxtı ərzində Müdafiə Nazirliyinin geri qaytardığı çağırışçıların sayıdır: “Burada başqa bir maraqlı məqam var və nədənsə o, mətbuatın diqqətindən yayınıb. 157 nəfər Müdafiə Nazirliyi tərəfindən geri qaytarılıbsa, onların sonrakı taleyi necə olub. Ola bilsin ki, onlar başqa güc strukturlarında xidmətə göndərilib. Mən bu məsələyə çox sərt yanaşmağın tərəfdarı idim. Çünki onların arasında vərəm daşıyıcısı olan xəstələr də var idi. Deməli, bir güc strukturu - Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti ölkənin başqa bir güc strukturuna qarşı təxribat xarakterli addım atıb, bunun başqa adı yoxdur. Əks təqdirdə, xəstə adamı necə sağlam adı ilə ordu sıralarına göndərmək olar? Bu məsələ araşdırılmalı və ona qiymət verilməlidir. Çünki bu, birinci hal deyil. Ötən illərdə hətta karantin müddətində, hərbi andı qəbul etməmiş bir neçə gənc əsgərimiz dünyasını dəyişdi”.

Hərbi ekspert hesab edir ki, çağırışçıların arasında xəstələrin də olmasının müxtəlif səbəbləri var: “Birmənalı olaraq burada varlı şəxslərin övladlarının əvəzinə sadə vətəndaşların xəstə övladlarının hərbi xidmətə aparılması halları var. Həmçinin sağlamların müəyyən maraqlar çərçivəsində ordudan yayındırılması halları da mövcuddur. Sözsüz ki, məmur övladlarının xaricdə təhsil adı ilə çağırışdan yayınması halları da var. Xəstələr isə plan doldurma xatirinə ordu sıralarına göndərilir. Əslində bunun özü çox biabırçı bir haldır. Bununla əlaqədar çox ciddi tədbirlər görülməlidir. Müəyyən çağırışçıların geri qaytarılması vəziyyətdən çıxış yolu deyil. Çıxış yolu odur ki, mütləq mənada qaytarılan gənclər sonrakı mərhələdə başqa güc strukturlarına göndərilməsin”. Ü.Cəfərov bu məsələ ilə əlaqədar ciddi araşdırmanın aparılmasına ehtiyac olduğunu deyir: “Əvvəla, burada məsələlər şəffaf deyil. İkincisi də şəffaflığın olması üçün çalışmalıdırlar ki, bu faktları ictimailəşdirsinlər. Əks təqdirdə, kim nə istəyir o cür də özbaşınalıq edir və yəqin bundan sonra da davam edəcək”.

Mövzu ilə bağlı Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin də mövqeyini dərc etməyə hazırıq.

0 comments:

23 Aprel hərəkatı


23 Aprel hərəkatı ılə tanışlıq:
23 Aprel hərəkatı qeyrətli Azərbaycan xalqının 23 aprel 2012-ci il bazar ertəsi günü geniş və sensasiyalı gecə etirazlarının dəstəkləyicisi olmuşdur və ölkə də baş verən hadisələr və hakimiyyətin qanunsuz işlərinə görə və həmçinin xalqımızın haqqını tələb edən, gənclər vasitəsi ilə yaradılıb.
23Aprel hərəkatı ölkədə öz fəaliyyətini azadlıq ,islahat və bərabər insan hüquqları nail olana qədər davam edəcək.

23 aprel logosı

23 aprel