Blog Arşivi

21 Aralık 2013 Cumartesi

Azərbaycanlı ailə Almaniyadan vəhşicəsinə qovuldu



İki il yarımdır bu ölkəyə sığınan Həsənovlara əşyalarını toplamaq üçün cəmi yarım saat vaxt veriblər, alman humanitar təşkilatı hakimiyyətin bu addımına cavab olaraq etiraz aksiyalarına çağırır

Azərbaycandan qaçaraq Almaniyaya sığınmış azərbaycanlı ailəsi bu ölkədən xüsusi qəddarlıqla qovulub.

Virtualaz.org Almaniya mediasına istinadən xəbər verir ki, Həsənovlar ailəsi 3-ü azyaşlı uşaqlar olmaqla 5 nəfərdən ibarət olub. Ailə bu ölkənin Kronax əyalətində qaçqınlar üçün düşərgədə qalırmış. Almaniyada fəaliyyət göstərən humanitar təşkilat yerli hakimiyyətin bu qeyri-humanist addımını kəskin pisləyərək etiraz aksiyalarına çağırıb.

“Plassenburg” radiosunun (radio-plassenburg.de) xəbərinə görə, “Çətinliyə düşmüş insanlara humanitar kömək Assosiasiyası” adlı alman təşkilatının rəhbəri Tom Sauer bəyan edib ki, hakimiyyətin qaçqın ailəsinə qarşı siyasətindən və hərəkətlərindən sarsılıb.

“Bu, Yeni il ərəfəsində heç bir normalara sığmayan siyasətdir, hakimiyyətin qeyri-ciddliyini, humanitar normalara əməl etmədiyini göstərir. Cəmi bir gün əvvəl regional yepiskop həmin qaçqın düşərgəsinə baş çəkərək insanlara yardım aparıb. Bundan cəmi bir gün sonra polis bölmələri qaçqın düşərgəsinə basqın edərək həmin insanları götürüb. Bu, hansı insanlığa sığır?” - deyə təşkilat rəhbəri bildirib.

Məlumata görə, Həsənovlar ailəsi Azərbaycandan iki il yarım əvvəl Almaniyaya mühacirət edib və o vaxtdan Kronax əyalətindəki qaçqın düşərgəsində yaşayırdı. Ailənin üç azyaşlı uşağından birinin psixi pozğunluqları var, eyni zamanda Azərbaycanda aldığı kütləvi zədələrin təsirləri ilə yaşayır.

Ailə dekabrın 19-da səhər tezdən deportasiya olunub. Rəsmi orqanlar bu deportasiyanı şərh etmir.

Virtualaz.org saytının araşdırmasına görə, azərbaycanlı ailənin Almaniyadan qovulması bir neçə yerli KİV-də işıqlandırılıb. Belə ki, np-coburg.de saytının yazdığına görə, Kronax əyalətinin miqrasiya və inteqrasiya xidmətinin rəisi Herd Ueykert deyib ki, polislər səhər tezdən düşərgəyə gəliblər və ailəyə əşyalarını toplamaq üçün cəmi yarım saat vaxt veriblər.

“Yeni İlin başlamasına (xristian təqvimi ilə dekabrın 25-nə-red.) cəmi beş gün qalmış üç azyaşlı uşaqla birlikdə ailənin bu cür deportasiya edilməsi mənasızdır və qeyri-insanidir” - deyə Herd Ueykert bildirib.

O da məlum olub ki, alman polisi ailəni deportasiya etmək üçün düşərgəyə gələndə Həsənovlar ailəsinin uşaqlarından biri məktəbdə imiş. Polis 9 yaşlı uşağı hamının gözü qarşısında məktəbdən sürüyüb çıxarıb və maşına oturdaraq ailənin qalan üzvləri ilə birlikdə birbaşa Frankfurt aeroportuna aparıb.

“Çətinliyə düşmüş insanlara humanitar kömək Assosiasiyası”nın rəhbəri Tom Seuer deyib ki, ailə Almaniyaya 2011-ci ildə gəlmişdi və onlara 6 və 2 yaşlarında iki oğlan uşağı ilə birlikdə düşərgədə sığınacaq verilmişdi. 2013-cü ildə ailədə bir qız uşağı da dünyaya gəlib. T.Sauer deyib ki, ailənin böyük uşağı Kronax əyalətinə təzə gələndə ciddi psixoloji problemləri var idi və bu da uşağın Azərbaycanda aldığı travmaların nəticəsi idi. Buna baxmayaraq uşaq yerli həkimlərin və psixoloqların köməyi ilə qismən düzəlib və məktəbə gedirmiş.

“Qəfil deportasiya nəticəsində uşağın davam etməkdə olan müalicəsi də kəsilib. İndi biz narahatıq ki, müalicə nəticəsində əldə edilmiş ilkin müsbət nəticələr də hədər gedəcək” - deyə Tom Sauer bildirib.

Ailənin yerli vəkili dekabrın 19-da məhkəməyə müraciət edərək deportasiyanın qarşısını almağa çalışsa da bu cəhd boşa çıxıb. Ailənin deportasiya olunacağı barədə heç kimə, o cümlədən onların özlərinə də məlumat verilməyib.

H.Ueykert və T.Sauer alman hakimiyyətinin bu cür deportasiya metodunun başqa qaçqın ailələrinə də tətbiq edilə biləcəyini deyir. Onlar bildirir ki, hakimiyyətin insan haqlarını kobud şəkildə pozan bu addımından sarsılıblar.

Azərbaycanlı ailənin deportasiyasına qarşı etiraz aksiyası keçiriləcəyi gözlənilir. Həsənovlar ailəsinin Azərbaycandan hansı motivlərlə mühacirət etdiyi isə məlum deyil.

0 comments:

23 Aprel hərəkatı


23 Aprel hərəkatı ılə tanışlıq:
23 Aprel hərəkatı qeyrətli Azərbaycan xalqının 23 aprel 2012-ci il bazar ertəsi günü geniş və sensasiyalı gecə etirazlarının dəstəkləyicisi olmuşdur və ölkə də baş verən hadisələr və hakimiyyətin qanunsuz işlərinə görə və həmçinin xalqımızın haqqını tələb edən, gənclər vasitəsi ilə yaradılıb.
23Aprel hərəkatı ölkədə öz fəaliyyətini azadlıq ,islahat və bərabər insan hüquqları nail olana qədər davam edəcək.

23 aprel logosı

23 aprel