Blog Arşivi

17 Mayıs 2014 Cumartesi

Azərbaycanın saxta “xəstəlik” diaqnozu

ötən həftə tanınmış türk cərrah-onkoloqu Həmid Köçer Azərbaycanda səhiyyə xidmətinin keyfiyyəti barədə mətbuata şok açıqlama verdi. Bakıda üzləşdiyi təzyiqlərə dözməyib də ölkəsinə yollanan türkiyəli tibb mütəxəssisi müsahibəsində ölkəmizdə yanlış şiş diaqnozu qoyulan insanların necə xərcə-borca, lüzumsuz stress-iztiraba salınmasına, həkim deontologiyasının pozulmasına, milli təbabətimizdəki “bespredel”ə toxunmuşdu - həm də tutarlı faktlar gətirərək.

Oxucular bizimlə razılaşar yəqin, son vaxtlar bu cür faktların, həkim səhlənkarlığının (səhlənkarlığınınmı?) qurbanlarının sayı xeyli artıb. Baxırsan ki, sap-sağlam, cavan insanlar durduqları yerdə “həkim” tamahkarlığının və savadsızlığının badına gedir, qəfil əcələ tuş gəlirlər. Yan-yörəsinə nəzər salan hər kəs ən azı, bir belə acı nümunə tapa bilər.

Biri elə jurnalist həmkarımız Mahal İsmayıloğlu. Ona Bakıda böyrəyin bəd xassəli şişi diaqnozu qoysalar da, Türkiyədə bunun tam yalan olduğu üzə çıxmadımı? Yaxud yaxınlarda 19 yaşlı gənc qız - Nərmin Həsənli xərçəng xəstəsi ola-ola yanlış müalicə alması və vaxtı ötürməsi üzündən həyatını itirmədimi?

* * *

“Yeni Müsavat” qəzeti olaraq bu qəbildən şikayətləri,...
cinayətləri vaxtaşırı işıqlandırırıq. Biz hətta Azərbaycanda tüğyan edən və qonşu ölkələrin heç birində görünməyən Hepatit C bəlasına dair ayrıca manşet yazısı vermiş, həyəcan təbili çalmışıq. Borcumuzdu təbii ki. Amma çifayda? Müsbətə dönüş hiss olunmur.

Bəs niyə təbabətimiz bu gündə, yararsızdı? Ona görə ki, mövcud sistemin özü bütövlükdə yararsızdı, bərbaddır. Heç bir iqtisadi sferada, xidmət sahəsində, o cümlədən səhiyyədə normal rəqabət, biznes mühiti yoxdur. Hər yerdə total monopoliya, ilk növbədə öz cibini güdən məmur-oliqarxların, həkim-oliqarxların soyğunçu biznes şəbəkəsi, korrupsiya-rüşvət sisteminin doğurduğu, çanağı sıravi vətəndaşın başında sınan əcaib reallıqlardır.

Belə olan tərzdə keyfiyyətli tibbi xidməti, həqiqətən savadlı tibb mütəxəssislərin önə keçib vəziyyəti idarə eləməsi mümkünmü? Əlbəttə, bizdə öz peşəsinin uzmanı olan ləyaqətli həkimlər, cərrahlar az deyil. Ancaq onların əksəriyyəti həkim-oliqarxların, sponsor-oliqarxların əlinin altında işləmək zorunda qaldığından, mənzərə yuxarıda təsvir elədiyimiz kimidir.

İllərdir dörd yanımızda yaşam normasına çevrilmiş saxtakarlıq, yalan, fırıldaq, dələduzluq bərq vurur. Görəsən hara gedirik belə miskin səhiyyə ilə, böyük neft pulları hesabına da belini dikəldə bilməmiş iqtisadiyyatla, şişirtmə (pripiska) rəqəmlərlə, saxta seçkilərlə, saxta diaqnozlarla, saxta məhkəmə hökmləri ilə?



* * *

Hakimiyyət yetkililəri tez-tez bəyan edirlər ki, bəs Azərbaycan hüquqi-demokratik dövlətdir. Hətta buna dəlil (əslində özünətəsəlli) qismində utanıb-eləmədən “korrupsiya-rüşvət demokratik ölkələrdə də var” deyirlər. Fəqət, əla bilirlər ki, belə şey yoxdur, məmləkətdə totalitarizmin çalarlarını daşıyan sərt avtoritar rejim bərqərardır və bəyan elədikləri də yalnızca Azərbaycana qoyduqları yalançı bir diaqnozdur.

Hüquqi-demokratik dövlət hara, repressiyalar, müxalif fikirli insanların uydurma ittihamlarla kütləvi həbsi hara? Azərbaycan adlı anamıza səhv diaqnoz qoyan hakim-"həkim" yaptokratlar görən fərqindədirlərmi ki, bununla Azərbaycanın əsas xəstəliyini ört-basdır edir, onun iztirablarını günbəgün artırırlar, ən ümdəsi, ölkənin “sağalmaq” şansını sıfıra yaxınlaşdırırlar?!

Bu gün azərbaycanlı məmurlar milli səhiyyəni bəyənməyib xarici (Qərb, İsrail) klinikalara üz tuturlar. Bunun özü də hakimiyyətin ölkədə yaxşı səhiyyə, normal sistem qurmadığının yüksək səviyyədə etirafı deyilmi? Belə olmasaydı, orta statistik azərbaycanlılar az qala diş çəkdirmək üçün də İrana, Türkiyəyə axışmazdı ki...

***

Sadalanan problemlər, lap elə Qarabağ məsələmiz o vaxt çözüləcək ki, Azərbaycanın “xəstəlik” diaqnozu dürüst qoyulacaq və hamı tərəfindən etiraf ediləcək. Çünki istənilən düzgün və effektli müalicə səhih diaqnozdan başlayır. Sonrası - tədavüsü ikinci dərəcəlidir. Təki müalicə diaqnoza görə gecikməsin.

0 comments:

23 Aprel hərəkatı


23 Aprel hərəkatı ılə tanışlıq:
23 Aprel hərəkatı qeyrətli Azərbaycan xalqının 23 aprel 2012-ci il bazar ertəsi günü geniş və sensasiyalı gecə etirazlarının dəstəkləyicisi olmuşdur və ölkə də baş verən hadisələr və hakimiyyətin qanunsuz işlərinə görə və həmçinin xalqımızın haqqını tələb edən, gənclər vasitəsi ilə yaradılıb.
23Aprel hərəkatı ölkədə öz fəaliyyətini azadlıq ,islahat və bərabər insan hüquqları nail olana qədər davam edəcək.

23 aprel logosı

23 aprel