Blog Arşivi

18 Ocak 2014 Cumartesi

Bakıda İslam Peyğəmbərinə həsr olunmuş elmi konfrans keçirildi


Bu gün Beynəlxalq Mətbuat Mərkəzində İslam Peyğəmbəri Həzrəti Məhəmmədin (s) mövlud günü münasibəti ilə tədbir keçirilib.Tədbir DEVAMM-ın təşkilatçılığı ilə baş tutub. Tədbirdə tanınmış siyasi xadimlər, ilahiyyatçı alimlər, ictimaiyyət və media nümayəndələri iştirak ediblər.

İlk olaraq çıxış edən DEVAMM sədri İlqar İbrahimoğlu Azərbaycan xalqını müqəddəs bayram günü münasibəti ilə təbriklərini çatdırdı. İslami dəyərlərin və müqəddəs günlərin sovet istilası dövründən bu günə qədər qoruyub saxlayan ruhaniləri, şəxsiyyətləri böyük ehtiramla andıqlarını bildirən DEVAMM sədri, xalq hərəkatının, milli kimliyə qayıdışın başlıca amillərdən birinin islam olduğunu söylədi: “İslam təliminə görə peyğəmbərimiz yaranışın fəlsəfələrindən, səbəblərindən biridir. Eyni halda, ilk yaranmış varlıq olmaqla yanaşı ilk ruhdur. Yaradanla yaranan arasında bir keçid məhz əziz İslam Peyğəmbəridir. Yadımdadır ki, 1990-cı illərin əvvəllərində çox böyük şəxsiyyət və alimlərdən olan Ayətullah Ərdəbili Bakıya gəlmişdi və müxtəlif görüşlər keçirirdi. Görüşlərin birində çox qəribə bir ifadə səsləndirdi. Belə ki, böyük bir auditoriya qarşısında çıxışa başlamamışdan öncə, söylədi ki, peyğəmbərin qardaşlarına salam olsun. O bu sözü, peyğəmbərlə bağlı baş verən hadisəyə görə söyləmişdi. Bir dəfə peyğəmbər səhabələrinə buyurmuşdu ki, qardaşlarımı nə vaxt görəcəm? Səhabələr isə cavabında məgər biz sənin qardaşların deyilikmi? Peyğəmbər isə buna cavab olaraq söyləmişdi ki, siz mənim səhabələrimsiz, qardaşlarım isə məni görmədən iman gətirən şəxslərdir.”





Xalqımızın 70 illik ateist sovet rejimi dövründə əziz islam peyğəmbərinə qarşı məhəbbətlərini qoruyub saxladığını bildirən İlqar İbrahimoğlu, peyğəmbərin özünə qardaş hesab etdiyi şəxslərin bu cür insanlar olduğunu söylədi.
Daha sonra Suriyada döyüşən və öldürülən azərbaycanlılarla bağlı məsələyə toxunan İbrahimoğlu bildirdi ki, “Azərbaycan insanının bu gün Suriyada müharibədə hər hansı formada iştirakı yolverilməzdir. Azərbaycan vətəndaşının şəhid ola biləcəyi yer Qarabağdır. İnşallah, Allah qismət edər, canımızı Qarabağda fəda etmək imkanımız olar. Suriyada döyüşdə öldürülənlər şəhid deyil. Bu gün Suriyada baş verən böyük geopolitik oyunda hansısa tərəfdə olub, hansısa proseslərdə iştirak etməyin ülvi şəhadət məqamı ilə aidiyyətini görmürəm. Azərbaycan vətəndaşlarının Suriyada müharibədə iştirakı ölkəmizdə mötədil, gerçək İslamla bağlı maarifləndirmə işinə imkan verilməməsi, nəticədə radikalizm meyllərinin inkişafı ilə əlaqədardır.”

Sonra çıxış edən Nardaran Ağsaqqallar Şurasının sədri Natiq Kərimli tədbir təşkilatçılarına minnətdarlığını bildirdi. Natiq Kərimli bildirdi ki, 1990-cı illərin əvvəllərində Azərbaycan xalqının müqəddəs islami dəyərlərə dərindən yiyələnməsi üçün kifayət qədər münbit şərait var idi: “Lakin sonradan həmin fürsətdən lazımı formada istifadə etməyimizə imkan vermədilər. Ümid edirəm ki, həmin dövrlər yenidən qayıdıb gələcək. İslam peyğəmbəri barədə o qədər danışmaq mümkündür ki, onun əxlaqı və şəxsiyyəti qarşısında bütün dünya aciz qalıb.”



Bundan sonra çıxış üçün söz Müsavat başqanı İsa Qəmbərə verildi. İsa bəy çıxışı zamanı bildirdi ki, islam peyğəmbəri dünya tarixinə ən çox təsir edəcək güclü şəxsiyyətdir: ”O, böyük şəxsiyyət təkcə islam aləmində yox, dünyanın bütün yerlərində tanınır. Onun tarixə ən çox təsir edən şəxsiyyət olmasını dünyanın ən aparıcı araşdırma mərkəzləri belə etiraf ediblər. Əslində bunların hamısı böyük bir həqiqətin təsdiqidir. Müqəddəs peyğəmbərimizin mövludunu belə bir formada qeyd etmək təqdir olunası haldır və bunu təşkil edənlərə öz təşəkkürümü bildirirəm.”
Tədbirdə iştirak edən AXCP-nin sədr müavini Gözəl Bayramlı çıxışı zamanı bildirdi ki, xalqımız, cəmiyyətimiz islam peyğəmbərinin əxlaqını və şəxsiyyətini dərindən araşdırmalı və mükəmməl şəkildə öyrənməlidir: “ Onun qoyduğu mənəvi dəyərlər böyük bir dəryadır. Hamımız bu dəryaya baş vurub özümüz üçün bir damla götürməliyik. ”
Tanınmış iqtisadçı-ekspert Vüqar Bayramov isə çıxışı zamanı peyğəmbərin iqtisadiyyata baxışı barədə məlumat verdi: “İslam peyğəmbərinin təklif etdiyi iqtisadiyyat müasir dünya üçün ən mükəmməl iqtisadi modellərdən biridir. Qlobal iqtisadi böhrandan sonra dünyada ən az ziyana düşən məhz islam bankçılıq sistemi ilə işləyən banklar oldu.”   
Bundan sonra çıxış üçün söz AXP sədri Pənah Hüseynə verildi. Pənah bəy çıxışı zamanı bildirdi ki, yeganə şəxslərdən biri islam peyğəmbəridir ki, hamı onun mövlud günündə bir-birilərini təbrik edirlər: “Halbuki digər şəxslərin ad günləri yalnız onların özləri təbrik olunur. Əslində bu amil islam peyğəmbərinin böyüklüyün və şəxsiyyətinin nəhəngliyini ortalığa çıxarır.”

0 comments:

23 Aprel hərəkatı


23 Aprel hərəkatı ılə tanışlıq:
23 Aprel hərəkatı qeyrətli Azərbaycan xalqının 23 aprel 2012-ci il bazar ertəsi günü geniş və sensasiyalı gecə etirazlarının dəstəkləyicisi olmuşdur və ölkə də baş verən hadisələr və hakimiyyətin qanunsuz işlərinə görə və həmçinin xalqımızın haqqını tələb edən, gənclər vasitəsi ilə yaradılıb.
23Aprel hərəkatı ölkədə öz fəaliyyətini azadlıq ,islahat və bərabər insan hüquqları nail olana qədər davam edəcək.

23 aprel logosı

23 aprel