Blog Arşivi

27 Ağustos 2013 Salı

Pirallahı susuzluq və işsizlik probleminin ağuşunda


Yeni icra başçısı sökür, kompensasiya isə verilmir; buranın mağazalarında “nisyə dəftər”ləri çoxdan dolub...
Xəzər dənizində yerləşən sahilə ən yaxın adaya - Pirallahıya üz tutmağımız səbəbsiz deyil. Bakı buxtasının gözü hesab edilən Pirallahı 21 dekabr 2012-ci ildə Bakının 12-ci rayonuna çevrildi. Pirallahı, Çilov və Neft Daşları qəsəbələrinin əsasında Pirallahı rayonu təşkil olundu. Bu gün 2 təbii, 1 süni adada 18 min nəfər yaşayır. Pirralahıya rayon statusu veriləndən sonra Qala qəsəbəsindən başlayaraq adaya yeni çoxzolaqlı yolun çəkilişinə başlanıb. Pirallahıya metronun “Koroğlu” stansiyasından marşrut avtobusu ilə getmək olar. “Koroğlu”-Pirallahı arasında 52 kilometrlik yolu “Transgeyt” avtobusları 1 saata qət edir. Gediş haqqı 80 qəpikdir. Sakinlər yarızarafat, yarıciddi deyirlər ki, verdikləri 80 qəpikdən 50 qəpik gediş haqqı üçün, 30 qəpik isə avtobusda yatmaq üçün alınır. 30 dəqiqədən bir yola çıxan avtobuslarda zatən yatmamaq da mümkün deyil.
Pirallahı sakinlərinin köhnə problemlərindən biri də içməli su ilə bağlıdır. Ada sakinləri sovet dövründən bu problemin həll olunacağı günü gözləyirlər. Hüseyn Məmmədqulu oğlu deyir ki, Pirallahıya suyun veriləcəyi haqda sovet dövründən çoxlu vədlər eşidib. Amma suyu bu gün də pulla alırlar: “Bura 50-ci ildə gəlmişəm. O vaxtdan su problemimizin həll olunacağını deyirlər. Suyun vedrəsini 70-80 qəpiyə alırıq. ”Texniçeskiy" suyla qab-qaşıq, paltar yuyuruq, çimirik. İçmək üçün də alırıq. Başqa çarəmiz yoxdur. Burada yaşayanların çoxu neft sənayesində işləyən adamlardır. Kişilər 15 gün dənizdə, 15 gün evdə olur. Qadınlar əllərində vedrə su almaqdan, su daşımaqdan əldən düşürlər". 
Sakinlər deyir ki, rayona “Azərsu” ASC-nin 2 su maşını alaraq bağışlaması haqda eşidiblər. Amma həmin su maşınlarını kimsə görməyib: “Kimsə qəzetdə oxumuşdu ki, ”Azərsu" Pirallahıya 2 su maşını bağışlayıb. Bu maşınlar haradadır, kimin ixtiyarındadır, bilmirik. Təzə icra başçısı camaat üçün işləyir, gecə gündüz küçələrdədir. Yollarımız bərbad gündədir. “Abşeronneft”in ağır tonnajlı maşınlarının təkərləri altında yol dözər? Buradan asfaltlayırlar, oradan dağılıb sökülür. Zirədə 3 böyük su anbarı tikiblər. İcra başçısı camaatın yanında deyib ki, su məsələsini həll edəcək. Görək də..." 
Qəsəbədə hər addımda qapısında “nisyə mal verilmir” sözləri yazılan kiçik mağazalar diqqətimizi çəkir. Onlardan birinin satıcısı deyir ki, adada yaşayanların əksəriyyəti sovet dövründə təyinatla ora göndərilənlər olub: “48-49-cu illərdən başlayaraq adada neft çıxarılması sürətlənib. Həmin vaxtdan da institut bitirən neftçiləri bura göndəriblər. İndi həmin adamların yaşı 70-i haqlayıb. Nəvə-nəticələri var. Neftçiləri təqaüdə göndərirlər, əvəzlərinə onların uşaqlarını işə götürmürlər. Təsəvvür elə ki, həmin neftçilər 200-300 manat pensiya alır, ondan qaz, işıq, su pulu verir. Su da bilirsən də burada qəhətə çıxıb, neftdən alınan benzindən də bahadır. Təqaüddə olan neftçilərin çoxunun uşaqları səhərdən-axşamacan işsiz-gücsüz gəzirlər. Bu adamların bütün ümidi təqaüdçü ata-analarının aldığı pensiyayadır. Şəhərə işə gedib-gələ bilmirlər. Yol uzaqdır, gedişhaqqı da ki baha. Bu səbəbdən də balaca mağazalarda ”nisyə dəftər"ləri çoxdan dolub. Nisyə verirsən özün ac qalırsan, vermirsən camaat narazı qalır. Yazın ki, Rövnəq Abdullayev, niyə görə ömürlərini dənizdə çürüdən neftçilərin uşaqlarını işə götürmürsən? Məgər onların yerinə gəlib işləyənlər bu yerli camaatdan daha səriştəlidir?" 
Pirallahı 12 kilometr uzunluğu, ən enli hissəsi 4 kilometr  olan adadır. Burada neft sənayesinin inkişafına qədər 
əkinçilik və balıqçılıq əsas məşğuliyyət növü olub. Hazırda isə çox az sayda ada sakini balıqçılıq və əkinçiliklə məşğuldur. Adada kiçik mağazalarla yanaşı diqqəti cəlb edən iaşə obyektləri sırasında lombardlar da az deyil. Hər yerdən əli üzülən Pirallahı sakinlərinin üz tutduğu məkanlar da məhz lombardlardır. Camaat danışır ki, işsiz-gücsüz Pirallahı sakinlərinin qiymətli əşyaları bu məkanlarda talan olunur. Varlılar daha da varlanır, kasıblar son qiymətli əşyalarından da olurlar. 
Həmsöhbətlərimdən biri Nizami Qədimov Pirallahıya 47-ci ildə köçüb. Deyir ki, o dövrdə təyinatla bura göndərilib: “Biz institutda oxuyanda belə qayda vardı ki, yaxşı oxuyanlara diplomu 3-cü kursda verirdilər. Mən diplomu 3-cü kursda alıb bura gəldim. O vaxt bura Artyom adası idi. Neft Daşlarında işlədim, günlərimi, illərimi burada qoydum. İndi də pensiyadayam. Məni yaşıma görə işdən çıxaranda dedim ki, heç olmasa 2 oğlumdan birini işə götürün, işləsin, məni də dolandırsın. Dedilər ki, olmaz, işçiyə ehtiyac yoxdur. Necə yoxdur ki, işçilərin 90 faizi yeni işə götürülənlərdir? 3 övladım var. Qızımı köçürmüşəm, oğlanlarım isə işsiz-gücsüzdür. Kimə gedim deyim ki, mənə kömək elə? 247 manat pensiya ilə birtəhər dolanıram. Qaz, işıq, su pulu da ceyran belində”. 
Hazırda Pirallahıda böyük tikinti işləri gedir. Adanı ən yaxın kənd olan Dübəndi ilə birləşdirən yol yenidən qurulur.  Hər iki kənarında sahil-bərkitmə işləri aparılır. Yolun üzərindən uzunluğu yarım kilometr olan körpü salınması üçün əsas işlər demək olar ki, yekunlaşdırılıb.  
Pirallahı rayona çevriləndən sonra burada söküntü işləri başlayıb.
“Bu ilin martında Vasif İmanov adaya icra başçısı təyin olundu. Bundan sonra bir çox yerləri qanunsuz tikinti elan edib sökməyə başladılar. Görürsən də Polis İdarəsinin qabağından başlayıb köhnə qəbiristanlığa kimi evləri, qarajları söküb yerlə-yeksan edir. Qaraj sahiblərinə kompensasiya vermir. Deyir ki, həmin qarajların sənədləri vaxtilə burada yaşayan ermənilərin adınadır. Axı erməni buradan gedəndə həmin qarajı camaata satıb gedib. Qarajları, evləri sökülənlər qorxularından səslərini çıxara bilmirlər. Hərə bir yerdə iş tapıb işləyir, işini itirməkdən qorxub danışmırlar”.
Bakının 12-ci rayonunda gördüklərimizi bu yazıda cəm etdik. Allahdan ümidlərini üzməyən sakinlərin iş və su problemlərinin də tezliklə həll olunacağı ümidi ilə yarıuçuq yollarla adanı tərk edirik.

23 Aprel hərəkatı


23 Aprel hərəkatı ılə tanışlıq:
23 Aprel hərəkatı qeyrətli Azərbaycan xalqının 23 aprel 2012-ci il bazar ertəsi günü geniş və sensasiyalı gecə etirazlarının dəstəkləyicisi olmuşdur və ölkə də baş verən hadisələr və hakimiyyətin qanunsuz işlərinə görə və həmçinin xalqımızın haqqını tələb edən, gənclər vasitəsi ilə yaradılıb.
23Aprel hərəkatı ölkədə öz fəaliyyətini azadlıq ,islahat və bərabər insan hüquqları nail olana qədər davam edəcək.

23 aprel logosı

23 aprel