Blog Arşivi

9 Ağustos 2014 Cumartesi

Cəbhədə can, Bakıda villa bazarlığı

Aşağıdan yuxarıya məmurlar daxil olmaqla, hər birimiz məsuliyyətimizi və görəvimizi tam anlamadıqca bu cür canımızdan canımız, torpağımızdan torpağımız, varlığımızdan varlığımız qopacaq… Amma o villalardan bir daş da qopmayacaq!

Olduqca hüznlü və həssas günləri yaşayırıq. Əsgər ölümlərinə etiraz edən gənclərimizin müxtəlif adlarla həbsə atıldığı az müddət öncə bu günlərin də olacağını düşünənlər, yəqin ki, çox olmamışdı. Ancaq gözləmədiyimiz, ağlımıza gəlməyənlər başımıza gəlir. Həmin vaxt etiraz nümayişinə çıxanlar deyil,...

əsgər ölümlərinin əsl günahkarları, yəni əsgərə qarşı biganəlik göstərən, onu öz axmaqlığına və maddi maraqlarına görə taleyin ümidinə buraxan, ona qazanc mənbəyi kimi baxan, öz mal-qarasını güddürən, evini təmir etdirən komandirlər həbs olunsaydı, bəlkə də daha təcrübəli əsgərlərimiz yetişərdi və bugün bu faciəni yaçamazdıq, biganəlik və saymamazlıq 13-14 gəncimizin ölümünə səbəb olmazdı. Elə bu məsuliyyətsizliyin nəticəsidir ki, kimin kimi vurduğu bilinmir, bu necə müdafiə və əvvəldən təxribatın qarşısının alınmasıdır ki, hücum edən 2-3, müdafiə olunan 13-14 itki verir…
Bu ağır günlərimizdə istər-istəməz bir neçə gün öncə Şuşanın icra başçısı və Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması İctimai BİRLİYİNİN SƏDRİ Bayram Səfərovun müsahibəsini xatırlamalı olduq. Doğrusu, elə müsahibəni oxuyan kimi, müəyyən məqamlar adamda təəccüb və təəssüf doğururdu, ancaq Azərbaycanda hamının hər şeyi yaxşı başa düşdüyünü və kimin hansı posta niyə təyin olunduğunu bildiyimiz üçün bu mövzuya toxunmaq istəmədik. Lakin bugünlərdəki faciəmizin fonunda həmin müsahibədə səslənən fikirlər sanki yaramızın üstünə duz səpir. 4 milyon yarıma satışa çıxarılan villanı alan Şuşanın icra başçısı deyir: “Hər kəs gedib öz işi ilə məşğul olsa, daha yaxşı olar.
Görün heç erməni jurnalisti öz icma rəhbəri barədə yazar ki, filankəs özünə villa alıb və sairə? Məgər villa almaq qəbahətdir? Hər kəsin öz şəxsi işi var. Bu isə mənim şəxsi işimdir. Nə alaram, nə sataram, özüm bilərəm.”Fikir verin, bunu dövlətin, prezidentin təmsilçisi olan,(özü də Şuşa kimi rayon üzrə) şəxs deyir.
Adam prezidentin və dövlətin yerdəki təmsilçisidir. Nə şəxsi iş, nə alver? Adətən alverçilər ”nə satıram, nə alıram özüm bilərəm” deyir. Söhbət milyonlarla dollarla dəyəri olan villadan gedir. Hörmətli Bayram müəllim deyir ki, 46 ildir ayrı-ayrı işlərdə çalışmışam və bugün də bunu davam etdirirəm! Doğrusu, dürüst və zəhməti ilə yaşayan adam Azərbaycanda 46 deyil, 460 il də işləsə qiyməti 4,5 milyon dollar olan villa ala bilməz. Biz bildiyimizə görə icra başçılarının maaşı da buna qətiyyən imkan vermir. Nə isə, bəlkə də ölkə başçısını və dövləti təmsil edən bir şəxsin milyonlarla dollar dəyərində villa alması onun şəxsi işidir, biz bilmirik, savadlımız imkan vermir, Bayram müəllim bağışlasın! Axı Şuşanın icra başçısı və Dağlıq Qarabağ İcmasının rəhbəri həm də bir mənəvi vəzifə və postdur. Bəlkə də, Bayram müəllim yaxşı, səmimi, yekəxanalıqdan uzaq, kasıb-kusuba əl tutan, kişi insandır. Amma indi dövlət görəvlisi olan biri üçün yalnız bu xüsusiyyətlər kifayət etməməlidir – xüsusilə də sahibsiz qalmış Şuşanın icra başçısı kimi vəzifəni daşıyan üçün. Hazırda can satıb, can alırıq Qarabağda, orada can bazarıdır. İcra başçısı isə iki-üç gün öncə ”nə satıb alıram özüm bilərəm” deyirdi. Bu ağır günlərdə bir çox ictimaiyyət təmsilçilərinin məlum faciə ilə bağlı fikirlərini öyrənmək üçün jurnalistlər müraciət etsə də, nədənsə, Bayram Səfərovun fikrini öyrənən yoxdur. Görəsən niyə??? Yeri gəlmişkən, həmin müsahibəni götürən jurnalist Bayram Səfərova gözəl bir sual verir “Vaxtilə Şuşada villanız olub?..”
Fikrimizcə, şərhə ehtiyac yoxdur. Məqsədimiz bütün olub-keçənlərdə Bayram müəllimi günahlandırmaq deyil. Heç inanmırıq da ki, o bu yazılanlardan sonra villasını satıb kasıb şəhid ailələrinə paylayacaq. Sadəcə, aşağıdan yuxarıya məmurlar daxil olmaqla, hər birimiz məsuliyyətimizi və görəvimizi tam anlamadıqca bu cür canımızdan canımız, torpağımızdan torpağımız, varlığımızdan varlığımız qopacaq… Amma o villalardan bir daş da qopmayacaq!
Bu dediklərimiz təkcə Bayram müəllimə aid deyil. Bunların hamısı nəsə alır və satır. Kasıb, lakin vətənini sevən oğullarımız isə orada can bazarındadırlar.
Allah sizə bazar versin, hörmətli icra başçıları və digər “vətənsevər” məmurlar!
Şəhidlərimizə isə Allah rəhmət eləsin!

0 comments:

23 Aprel hərəkatı


23 Aprel hərəkatı ılə tanışlıq:
23 Aprel hərəkatı qeyrətli Azərbaycan xalqının 23 aprel 2012-ci il bazar ertəsi günü geniş və sensasiyalı gecə etirazlarının dəstəkləyicisi olmuşdur və ölkə də baş verən hadisələr və hakimiyyətin qanunsuz işlərinə görə və həmçinin xalqımızın haqqını tələb edən, gənclər vasitəsi ilə yaradılıb.
23Aprel hərəkatı ölkədə öz fəaliyyətini azadlıq ,islahat və bərabər insan hüquqları nail olana qədər davam edəcək.

23 aprel logosı

23 aprel