Blog Arşivi

15 Nisan 2013 Pazartesi

Qəbələdə fəhlələr üsyana qalxdılar


“Hər yerə şikayət etmişik, deyirlər, lap prezident fərman versə belə, xeyri yoxdur...” (VİDEO)

Sakinlər «Azəri Trans» şirkətinin qarşısında beş tələb qoydular və bir həftə vaxt verdilər

Qəbələdə fəaliyyət göstərən “Azəri Trans” tikinti şirkətində işləyən, əksəriyyəti yerli sakinlərdən ibarət fəhlələr ötən gün səhər saatlarında etiraza qalxdılar. Etirazçılar arasında “Gilan Holdinq”in fəhlələri də olub. Məlumatlara görə, dünənki aksiya izdihamlı olmalı, aksiyaya 1500-dən çox fəhlə-işçi çıxmalı idi. Sadəcə, bu etirazdan xəbər tutan yerli məmurlar onların çoxunu hədə-qorxuyla aksiyadan çəkindirə bilib...

“1 aylıq maaşlarımızı verdilər, bir gün sonra 25 nəfəri işdən çıxartdılar”

200 nəfərə yaxın fəhlə, 3 aydır ki, gördükləri işin pulun ala bilmədikləri üçün şikayət edirdilər. Etirazçıların başlıca tələbləri əmək müqavilələrinin bağlanması, məvaciblərin vaxtında verilməsi, 8 saatdan artıq işlədilməmələri, istirahət günlərinin təyin olunması və işə götürmə zamanı iş bölgüsü üçün rüşvətin alınmaması idi.
Fəhlələrin sözlərinə görə, Qəbələdə məmur özbaşınalıqları başqa rayonlara nisbətən daha çoxdur: “Prezident Administrasiyasına və Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinə dəfələrlə şikayət etsək də, haqlı tələblərimizə baxan olmayıb. Şirkətin rəhbərliyi bizə dedi ki, ”Hara yazırsınız yazın, bizim işimizə heç kim qarışa bilməz".
Bundan əlavə icra başçısı Səbuhi Abdullayev və onun rəhbərliyi altında olan başqa məmurlar yaranmış problemlərin həllinə kömək etmək əvəzinə yalan vədlər verməklə camaata zülm edirlər".

Bu il martın 11-də “Gilan Holdinq”in fəhlələri işlədikləri hər gün üçün 12 manat əvəzinə 15 manat verilməsi və əmək müqaviləsinin bağlanması tələbi irəli sürüb və nazirliyin qaynar xəttinə zəng edərək bu barədə məlumat veriblər. Onlara isə bildirilib ki, fövqəladə hallar naziri Kəmaləddin Heydərov hazırda Qəbələdədir və şikayətinizi ona desəniz, daha yaxşı olar. Bu cavabdan sonra fəhlələr nazirin olduğu yerə yaxınlaşanda “Gilan Holdinq”in rəhbər işçiləri onları dilə tutaraq elə həmin yerdə də onların 1 aylıq maaşlarını ödəyiblər. Bir gün sonra isə aksiya təşkil etmiş 25 işçi əsassız olaraq işdən qovulub.

“Haqqımızı tələb edəndə ”işdən çıxaracağıq" deyib hədələyirlər"

Iş üzrə briqadir olduğunu bildirən Tehran Musayev deyir ki, sözügedən şirkət yeni tikilən aeroportdan rayona qədər bütün işlərə rəhbərlik edir, ancaq işlətdikləri bütün texnika yerli sakinlərə məxsusdur. Beton qarşıdıran maşınların isə hamısı icarəyə götürülüb. Hərçənd, icarə üçün çəkilən xərcə şirkət daha çox texnika ala bilər.
Onun sözlərinə görə, fəhlələrin hüquqları pozulur, əmək müqaviləsi bağlanmır, bunu tələb edənlər isə işdən çıxarılır: “Əmək müqaviləsi tələb etdiyimizə görə şəxsən mənim briqadamda olan 46 nəfər, mən daxil olmaqla, işdən çıxarıldıq. Yerli orqanlara, prezidentə, Əhalinin Sosial Müdafiəsi Nazirliyinə yazılı teleqram və məktublar ünvanlamışıq, ancaq heç bir faydası yoxdur. Şirkət rəhbərliyi deyir ki, hara, kimə istəyirsiniz, şikayət edin, lap prezident fərman versə belə xeyri yoxdur, biz özəl şirkətik. Rayon icra başçısı nəinki bizi qəbul etmir heç saya saymır”.
“Azəri Trans”da işləyənlər deyirlər ki, onları 12 saat işlədirlər: “Maaşlarımız gecikdirilir, haqqımızı tələb edəndə ”işdən çıxaracağıq" deyib hədələyirlər".
Fəhlələr deyirlər ki, şirkət rəhbərliyi bu yolla yeyinti imkanları saxlayır. Şirkət Cəbrayıl adlı bir nəfərə məxsusdur, ancaq işçilər onu tanımır. “Burada gözümüzün qabağında rəhbər kimi gəlib işləyənlər 3 aya villa alır, bahalı maşınlara yiyələnir, ancaq bizlərin pulunu 3 aydan çoxdur vermirlər. Əvvəl bir başqa sahə rəisimiz vardı, az vaxtda varlanıb aradan çıxdı, indi yenisi gəlib - Mətləb Rzayev, bu ondan da betərdir”, - deyə fəhlələr şikayətlənirlər.
Rayon sakinləri rayonu məmur-oliqarxların zəbt etməsindən də söz açıblar. Bildirdilər ki, turizm bölgəsi elan olunan Qəbələni “qıraqdan gələn” imkanlıların bahalı villaları, istirahət mərkəzləri bürüyüb. Hətta rayon ərazisindəki çaylar da hasara alınıb. Əhalini yay aylarında çaylara, bulaqlara belə yaxın qoymurlar. Hektarlarla torpaqlar zəbt olunub. Yerli əhaliyə nəinki torpaq, heç yaşamaq imkanı vermirlər.
“Buranı az qala, ayrıca bir respublikaya çeviriblər. Ölkəni idarə edən məmur, nazir, deputatların hər birinin burada dəyəri milyonlarla ölçülən imarətləri var”, - deyə fəhlələr narazılıq edirlər.
5 tələb və bir həftə vaxt...

Olay yerində olan hüquq müdafiəçisi Taleh Xasməmmədov deyir ki, 2013-cü ilin Azərbaycanının tək bir rayonunda yüzlərlə işçinin əmək müqaviləsi olmadan hüquqlarının kobud surətdə pozulması və onların gün ərzində 12 saatdan çox işə cəlb olunmaları aşkar şəkildə özbaşınalıq və qeyri-insani idarəetmənin nəticəsidir.
Hüquq müdafiəçisi etiraz edən aksiya iştirakçılarının bütün tələblərinin haqlı olduğunu və onların əsaslı şikayətlərinə isə qanunla müəyyən olunmuş qaydada və müddətdə cavab verilmədiyini, hər hansısa müvafiq tədbirlərin görülmədiyini Azərbaycan vətəndaşlarına qarşı olan qayğısızlığın nəticəsi kimi qiymətləndirib.
Təxminən saat yarım davam edən aksiyada etirazçıların qarşısına şirkət rəhbərliyindən heç kim çıxmadı.
Icra Hakimiyyətinin memarlıq şöbəsinin müdiri Təbriz Abdulxalıqov onların bu tələblərinin bayram günləri bitdikdən sonra, bir həftə ərzində yerinə yetiriləcəyini vəd edib.
Fəhlələr 5 bəndlik tələblərini yazılı surətdə icra hakimiyyətinin işçisinə təqdim etdilər. Bildirdilər ki, bir həftə ərzində yerinə yetirilməsə, yenidən aksiya keçirəcəklər.
“Bizim 5 tələbimiz var. Onlar yerinə yetirilməsə, bundan daha böyük aksiya keçirəcəyik. Indi bir qrupu qorxudaraq, bir qrupunu şirnikləndirici vəd verərək haqqını tələb etməyə qoymayıblar. Əgər problemlərimiz bir həftəyə həll olunmasa yenidən etirazımızı bildirəcəyik”, - fəhlələr ultimatum verib dağılışdılar...

23 Aprel hərəkatı


23 Aprel hərəkatı ılə tanışlıq:
23 Aprel hərəkatı qeyrətli Azərbaycan xalqının 23 aprel 2012-ci il bazar ertəsi günü geniş və sensasiyalı gecə etirazlarının dəstəkləyicisi olmuşdur və ölkə də baş verən hadisələr və hakimiyyətin qanunsuz işlərinə görə və həmçinin xalqımızın haqqını tələb edən, gənclər vasitəsi ilə yaradılıb.
23Aprel hərəkatı ölkədə öz fəaliyyətini azadlıq ,islahat və bərabər insan hüquqları nail olana qədər davam edəcək.

23 aprel logosı

23 aprel