Əlaqə
Blog Arşivi
- 2014 (270)
- 2013 (363)
2 Şubat 2014 Pazar
Azərbaycanda elektrik enerjisinin qiyməti qalxdı
Fevralın 1-dən etibarən ölkədə elektrik enerjisinin qiyməti bahalaşacaq. Bu barədə "Akkord” Şirkətlər Qrupunun inşa etdiyi Abşeron Gənclər Şəhərciyinin administrasiyası tərəfindən şəhərciyin sakinlərinə xəbərdarlıq edilib. Sakinlərdən redaksiyamıza daxil olan məlumata görə, onlara bildirilib ki, fevral ayının 1-dən etibarən elektrik enerjisində yeni tariflər tətbiq olunacaq və artıq sakinlər elektrik enerjisinin 1 kv/saatını 6 qəpikdən deyil, 10 qəpikdən ödəməli olacaqlar. Yəni birdən-birə təxminən benzinin qiymətində olduğu kimi, 70 faizə yaxın artım baş verəcək. Hətta, bundan əndişəyə düşən sakinlər gələn ay sərf edəcəkləri elektrik enerjisinin ödənişini də bəri başdan ödəməyə başlayıblar ki, təxminən 70 faiz qabağa düşsünlər.
"Bakıelektrikşəbəkə” məlumatsızdır
"Bakıelektrikşəbəkə” Açıq Səhmdar
Cəmiyyəti mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev bizimlə
söhbətində bunları bildirdi: "Bunu deməyə heç kimin səlahiyyəti yoxdur.
Qiymət artımı ilə bağlı Nazirlər Kabineti qərar verir. Bunu kim deyə
bilər ki? Bu şayiədir, ara sözləridir, inanmayın”.
Lakin, Azərbaycan təcrübəsində, adətən
əvvəlcə şayiə yayıb, sonra qiymətləri qaldırırlar. Həm də Tarif Şurası
son ana qədər bahalaşmanı inadla təkzib edir, ta ki qiymət artırılır. Bu
məsələyə cənab Mustafayevin münasibəti belə oldu: "Vaxt özü həll
edəcək, bu bizim səlahiyyətimizdə olan məsələ deyil”.
Bəs "Bakıelektrikşəbəkə” tərəfindən bu
barədə Nazirlər Kabinetinə müraciət varmı? Müsahibimiz deyir ki,
"Bakıelektrikşəbə”kənin belə bir təklif vermək səlahiyyəti yoxdur: "Biz
də sizin kimi abonentik”.
"Yanacağın qiymət artımından sonra
elektrik enerjisi qiymətlərinin də artımına ehtiyac yaranırmı?” sualına
isə ASC-nin mətbuat xidməti rəhbəri "Əgər yanacağın qiyməti artıbsa,
orada elektrik enerjisi istehsal olunursa, istehsalda fərq ola bilər.
Amma biz paylayıcı bir şirkət, icraedici strukturuq. Qərarı qəbul edən
hökumətdir”, -deyə cavab verdi.
Sonra isə bunları əlavə etdi: "Mən qiymət
artımı ilə bağlı ilk dəfə sizdən eşidirəm. Burada işlədiyim 12 il
ərzində 2 dəfə qiymət artımı olub ki, o da qanun çərçivəsində baş verib,
bizim təklifimiz əsasında yox. Qiymət artımı gözlənsəydi, biz də
bilərdik. Hazırda Respublika üzrə elektrik enerjisinin 1 kv/saatı
əhaliyə 6 qəpiyə satılır” .
Bəs yaxında qiymət artımı gözlənilirmi və
belə bir ehtimal varmı? Cənab Mustafayev bir qədər fasilə verdi və
nəhayət cavabı belə oldu: "Mən bu məsələni ilk dəfə sizdən eşidirəm”.
Tarif Şurası da təkzib edir
İqtisadiyyat və Sənaye Nazirliyinin
mətbuat xidmətinin rəhbəri Abbas Əliyev də elektrik enerjisi
tariflərinin bahalaşması ilə bağlı dolaşan söhbətlərə "elə şey yoxdur”,
cavabını verdi. Bəs Tarif Şurasına bu məsələ ilə bağlı təklif və ya
müraciət olubmu?
"5-ci günə qədər bu məsələ ilə bağlı hər
hansı müraciət olmamışdı. Amma indi sizinlə telefonla danışa-danışa
Tarif Şurasından nömrə yığdım”. Cənab Əliyev telefonun o biri başındakı
həmsöhbətindən soruşdu: "Elektrik enerjisi ilə bağlı bir yenilik var?
Müraciət filan olmayıb?”. Telefonu bir qədər dinləyib mənə "hazırda
Tarif Şurasının rəhbəri o birisi telefondadır. Tarif Şurası bildirir ki,
elektrik enerjisinin tarif dəyişikliyi Şuranın gündəmində deyil”, dedi.
"Ümumiyyətlə, Tarif Şurasının gündəliyində hər hansı qiymət artımı
məsələsi varmı?”, deyə soruşduq və "yoxdur”, cavabını eşitdik.
Tikinti şirkəti yalan vədlər verir
Sözügedən şəhərcik sakinlərinin panikaya
düşməsinə ciddi əsaslar var. Belə ki, şəhərcikdə qaz sistemi yerli-dibli
yoxdur. "Akkord” Şirkətlər Qrupunun tikdiyi bu kompleksdə bir neçə
ildir sakinlər sadəcə elektrik enerjisinin umuduna qalıblar. Hətta, ötən
ilin sentyabr-oktyabr aylarında mənzillərə qaz sayğacı quraşdırılsa və
yeni ilədək (01.01.2014) qaz veriləcəyi vəd olunsa da, indiyədək bunun
reallaşması üçün kiçicik ümid də görünmür. Binalarda yaşayan əhaliyə
"kupça” da verilməyib. Belə görünür ki, heç Dövlət Komissiyası da
binaları təhvil götürməyib.
Ümumiyyətlə, bu problem təkcə "Akkord”un
tikdiyi evlərdə deyil. Paytaxtda yeni tikililərin hamısında belə
problemlər aktualdır. Muradxan Hüseynov Yasamal rayonunda yeni tikilmiş
binada yaşayır. İki aydır təzə mənzilə köçüblər. Deyir ki, tikinti
şirkətləri əvvəlcədən üzərlərinə götürdükləri öhdəlikləri yerinə
yetirmirlər: "Halbuki, evi almağa gələndə bizə vədlər verirdilər.
Tamamlama işlərini başa çatdırmayıblar. Daxili suvaq üçün qum, sementlə
təmin edəcəklərinə söz vermişdilər, amma son anda bundan imtina etdilər.
Dedilər ki, artıq bu mərhələni keçmişik. Tezliklə qaz çəkəcəklərini də
demişdilər. Amma hələ də sadəcə elektrik enerjisindən istifadə edirik.
Əvvəlcə deyirdilər ki, sayğaclaşmanı şirkət həyata keçirəcək, sonra
bundan da imtina etdilər. Mən qaynar xəttə zəng etdim, ordan dedilər ki,
yeni tikilmiş mənzillərdə sayğaclaşma sakinlərin hesabına aparılır.
Elektrik sayğacını 200 manata aldım, su sayğacını isə 80 manata. Üstəgəl
qaz sayğacını da almalıyıq. Onun isə qiyməti 300 manat edir. Bunlar
bizə əlavə çıxan xərclərdir. Eyni zamanda binada bir şirkət yaradıblar,
təhlükəsizlik kameraları, mühafizə var, təmizlik işlərinə baxırlır.
Bütün bunlara hər ay 50 manat ödəyirik”.
Öz evində kirayə yaşayanlar
Qaz olmadığı üçün, hər bir ehtiyaclarını
elektrik enerjisindən istifadə etməklə təmin edən ailə qənaətlə
işlədəndə, ayda 80-100 manat ödəniş edir: "Məsələn, bu ay 100 manat
ödəmişəm. Burada internet xətti, kabel televiziyası var. Su 15-20 manata
yaxın tutur, ondan şikayətimiz yoxdur. Kommunal xərclər ümumilikdə ayda
200 manata yaxındır, məvacibim isə 300 manat. Elə bil ki, öz evimdə
kirayə qalıram. Müəllim işləyirəm”.
Soruşuram ki, bəs niyə tikintisi tam başa
çatmamış evə köçmüsüz? Deyir: "Kirayədə yaşayırdım. Fikirləşdim ki,
kirayə olunca öz evimdə qalım, əskikləri özüm düzəldərəm. Burada 200
manat aylıq maaşı olan insanlar var ki, onların vəziyyəti lap
dözülməzdir. Qazandıqlarını sadəcə kommunal xidmətlərə ödəyirlər. Mən
şükür Allaha, müəllim işləyirəm, repetitorluq da edirəm. Amma,
başqalarının vəziyyəti necə olsun?”.
Yenə soruşuram ki, elektrik enerjisinin
qiymətləri qalxarsa, vəziyyətinizi necə təsəvvür edirsiz? Cavab verir:
"Azərbaycansayağı cavab verəcəm. Elnən gələn toy-bayramdır. Onsuz da biz
qəfil qiymət artımlarına öyrəşmişik. Bu gün desələr ki, elektrikin
qiyməti 1 manat olacaq, yenə gedib ödəyəcək. Siz narahat olmayın, biz
dözümlüyük. Tək mən nə edə bilərəm ki? Əslində, dolanışıqda ciddi
problemlər yaranacaq. Nəinki mənə və yeni mənzillərdə qazsız
yaşayanlara, bütün vətəndaşlara problem olacaq. Biz nə edə bilərik, bizə
də gözləmək qalır. Bir də Allahdan arzu edək dövlət məmurlarının
ürəyinə insaf salsın ki, sadə vətəndaşları da düşünsünlər, onlara
yazıqları gəlsin. Çünki, yeni qiymət artımı baş verərsə çox çətin
olacaq”.
Şirkətlər sadəcə 4 divar satırlar
Müsahibimiz deyir ki, baxmayaraq, o,
buraya 2 ay əvvəl köçüb, binada bir ildən artıqdır yaşayış var: "Ev bir
il əvvəl təhvil verilib, yaşayışa tam yararlı olmalı idi. Amma hələ də
tamamlama işləri gedir. Dəhlizlərdə texniki işlər görülür, qaz
məsələsinə baxılır, guya qaz çəkəcəklər. Bu şirkətin yaxşı tikdiyi,
şəraiti olan binalar var. Memar Əcəmi, Əhmədlidə tikdikləri evləri
tərifləyirlər. Onlar Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən təhvil
alınıb. Amma bizim bina hələ də təhvil alınmayıb. Sənədləşmə, "kupça”
yoxdur. Biz sadəcə sənədlərdə binada payı olan insanlar kimi
göstərilirik. Qeydiyyatımız isə əvvəllər yaşadığımız evədir. Sənədləşmə
işində əvvəlki qeydiyyat ünvanımızla işləyirik. Təzə qeydiyyat
olmadığına görə də heç bir sənədləşmə işində faktiki yaşadığımız
ünvandan istifadə edə bilmirik”.
M.Hüseynov vaxtilə 4 divar üçün evin
kvadrat metrinə 620 manat ödəyib, 3 otaqlı mənzildə yaşayır: "Yarımçıq
vaxtı almışıq. 13 mərtəbəli bina hələ tikilirdi, 9-cu mərtəbədəydi. İndi
kvadratı 850 manatdır, guya tikintisi başa çatdığına görə bahalanıb.
Mənim konkret maaşım 130 manatdır. Əgər əlavə repetitorluq etməsəm
güzəranımız pis olar. 2 uşağım var, yoldaşım təzə işləyir, məvacibi
azdır, o da müəllimədir. Qazancım əsasən kommunal xərclərə gedir. Biz
sadəcə 3 illik müqavilə ilə dörd divar almışıq. Binanın təhvil alınması
üçün 10-15 instansiya gəlib baxmalı, sonra qərar verilməlidir. Bunun isə
3-4 aya başa gələ biləcəyi proqnozlaşdırılmır. 6 aya 1 ilə təhvil
alına, ya da alınmaya”.
Kaydol:
Kayıt Yorumları (Atom)
23 Aprel hərəkatı
23 Aprel hərəkatı ılə tanışlıq:
23 Aprel hərəkatı qeyrətli Azərbaycan xalqının 23 aprel 2012-ci il bazar ertəsi günü geniş və sensasiyalı gecə etirazlarının dəstəkləyicisi olmuşdur və ölkə də baş verən hadisələr və hakimiyyətin qanunsuz işlərinə görə və həmçinin xalqımızın haqqını tələb edən, gənclər vasitəsi ilə yaradılıb.
23Aprel hərəkatı ölkədə öz fəaliyyətini azadlıq ,islahat və bərabər insan hüquqları nail olana qədər davam edəcək.
0 comments:
Yorum Gönder