Blog Arşivi

27 Ocak 2014 Pazartesi

Azərbaycan sürətlə qocalır

Bir neçə gün öncə qohumumuzla bağlı faciə baş verib. Həmin ailə Rusiyada yaşayır. Ata öz kiçik oğlunun bəzi sənədlərini qaydaya salmaq üçün Bakıya gəlir və bacısı gildə qalmağa başlayır. Faciədən bir gün əvvəl gecə saat 2-yə kimi Moskvada qalan həyat yoldaşı və böyük oğlu ilə Skype vasitəsi ilə danışır. Sübh tezdən hansısa sənədlə bağlı yenidən evə zəng edir. Xanımı ilə danışır, oğlunun da səsini eşitmək istəyir və…
Bacısı deyir ki, bir də o biri otaqdan fəryad səsi eşitdim. İçəri girəndə qardaşının böyük ekranın qarşısında yerdə dizin-dizin süründüyünü, xalça-palayazı yaladığını,

ağlaya-ağlaya oğlunun adını çəkdiyini eşitdim. Skype-a baxdım. Gəlin oğlunu durğuzmağa çalışır, üz-gözünü şillələyir, fəryad qoparırdı. Məlum olur ki,oğlan gecə yatıb, səhər isə qalxmayıb.
Atanın burada Skype qarşısında köməksiz vəziyyətini, ananın orada tək tənha oğlunun meyidi ilə qalmasını təsəvvür edəndə hələ də gözlərim yaşla dolur.
Həkimlərin rəyi isə bir oldu: Gəncin sadəcə gecə ürəyi yatıb.

Bu hadisə məni düşünməyə vadar etdi. Son zamanlar nə baş verir. Hər yerdən ölüm xəbəri gəlir. Elə bil Azərbaycan gənclərinin üzərinə hansısa qara qüvvə əl çəkib: Cavanlardan biri özünü dənizə atır, digəri körpüdən tullanır, başqa birisi asır. Özü də bunlar arasında, inanclısı da var, ateisti, fəalı, sakit həyat sürəni, axşam deyə-gülə yatan, səhər durmayanı, çörək dalınca xaricə gedib qayıtmayanı və sair və ilaxır da var. Hərbçi intiharlarından isə yazmağa dəyməz. Üstə gəl gənc ana və körpə ölümləri.
Hə, bir də Suriyaya döyüşməyə gedənlər var. Statistikaya görə, artıq 100-dən çox həmyerlimiz orada həlak olub.
Nə baş verir? Bir də gözümüzü açıb görəcəyik ki, ölkədə ancaq yaşlı nəsil qalıb. Hökumət bunun üçün niyə bir tədbir görmür? İndi deyəcəksiniz ki, biri özünə qəsd edirsə, ya yatıb qalxmırsa, buna hökumət neyləsin? Mən deyim, siz də baxın.
Son 24 gündə 26 intihar faktı qeydə alıb. KİV gecə gündüz bununla bağlı psixoloqlardan, mütəxəssislərdən müsahibələr alırlar. Ancaq əməldə bir şey yoxdur. Quru söz yığını: belə olmalı idi, filan edilməli idi… Əslində həmin ailələrin özləri ilə danışılmalı, intiharın səbəbi araşdırılmalı, ümumiləşdirilməli və problemin həlli yolunda müəyyən addımlar atılmalıdır.
Xaricə özü gedib, ölüsü gələnlərin sayı hesabı yoxdur.  Deməli, xaricə axının qarşısını alınması üçün işsizlik problemi kökündən həll olunmalıdır. Ümumiyyətlə 11 iqlim qurşağının 9-nun keçdiyi, təbii sərvətlərlə, o cümlədən neftlə zəngin ölkəmizdə belə bir problemin olması utancvericidir.
Hərbçilərə gəlincə, yeniyetməlik - zəmanəsindən asılı olmayaraq hər bir insanın ən çətin vaxtıdır. Gənc oğlan məktəbi qurtarmağa yaxınlaşdıqca ətrafda əsgərlik barədə söhbətlərlə maraqlanır  və başlayır araşdırmağa. Biri oradakı «dedovşina»dan, digəri dözülməz həyat şəraitindən, başqası sərt rəfdardan şişirdilmiş formalarda danışır. Ailə də bütün var-yoxunu sataraq oğlunu «yaxşı yerə» salmağa çalışır. Bütün bunlar biruzə verməsə də, yeniyetməni qorxuya salır, onun psixoloji sarsıntı keçirməsinə səbəb olur, hələ əsgərliyə ilk addımını atmamış xof onu bürüyür. Əsgərlik dövründə isə, etiraf etməyi kişilik qüruruna sığışdırmasa da, mehriban ailəsi, isti evi, otağı, şəxsi əşyaları, dostları və sair üçün darıxır, buna görə də əsəbləri gərilir. Əsgərlik müxtəlif təbəqədən olan, ayrı-ayrı ailələrin tərbiyəsini almış gənclərin yeridir. Təbii ki, hamının xasiyyəti bir-biri ilə tutmur. Vay o halda ki, biri o birinin xoşuna gəlməyən hərəkəti edə. Bu zaman əsəbləri tarıma çəkilən əsgər ya özünü, ya da qarşısındakını güllələyir, bəziləri isə hətta düşmən tərəfə keçir ki, bu da ölümə bərabərdir.
1918-ci ildə ilk müntəzəm hərbi hissə yaranandan, sonra isə Sovet hökuməti qurulundan bəri Azərbaycan oğlu əsgərliyə gedir. Bu müddətdə hələ bir dəfə Böyük Vətən Müharibəsini də yola salmışıq. Azərbaycan əsgərləri bu döyüşlərdə öz qəhrəmanlıqları ilə dünyaya ün sanıb. Ancaq indi, Qarabağ işğal altında olarkən, intihar və ya qətlin baş verməsi ağlasığmazdır. Deməli nə isə düz deyil. Özü də sıfırdan başlanmalıdır. Bağça və məktəb dövründə kitablarda 1-2 dərs mövzusunda vətənpərvərliyə yer verməklə heç nəyə nail olmaq olmaz. Televiziyanı açırsan, ancaq səviyyəsiz şou proqramları, əyləncə, toyxana verilişləri, şit-şit komediyalar və sair görünür. Azərbaycanın kanallarını bəyənməyərək, peyk antenası alan da üzünü Türkiyəyə çevirir və ancaq seriallarla başını qatır. Evdə gözünü açandan bunu görən övlad Vətən haqqını necə qoruya bilər?
Hərbçilərdən danışarkən Suriyaya döyüşə gedənlərdən də söz açmaq istərdim. Onları heç başa düşə bilmirəm. Öz Vətəni işğal altında olan kəs, necə başqa dövlətin torpağını qorumağa gedə bilər? Həmin o gedənlər birləşsəydilər, çoxdan torpağımızı geri alardıq.  Bəziləri bunu «din uğrunda mübarizə» adlandırır. Onda heç başa düşmək olmur. Fələstin torpağı artıq 60 ildən çoxdur ki, işğal altındadır. İnsanlar, yaşlısından, cavanından, qadınından, kişisindən asılı olmayaraq, dünyanın ən güclü texnikasına malik olan sionist dövlət qarşısına daş-qalaqla çıxır, hər tərəfdən mühasirədə olan öz torpaqları uğrunda canlarından, qanlarından keçirlər. Heç indiyə qədər eşitmədim ki, bir azərbaycanlı ilk qibləmiz Qüdsün yerləşdiyi məkanı qorumaq üçün əlinə silah alıb orada döyüşməyə getsin.
Və ya İraqda Kərbəla qan ağlayır. Hər gün məsumlarımızın qəbirləri yanında partlayışlar olur, zəvvarlar öldürülür. Kim əlinə silah alıb müqəddəs torpaqları qorumağa yollanıb?
Deməli, məsələ başqadır. Bax, bu «başqa məsələ» araşdırılmalıdır.
Gənc ana körpə ölümlərinə gəlincə… Əvvəllər hamilə qadın xəstəxanaya yollanarkən evlərdə bayram olardı, hər kəs şirinliyi hazırlayardı ki, evə təzə sakin gəlir. Amma indi gəlinin boynuna uşaq düşəndən ta azad olana kimi hamı qorxu içində olur. Elə bil ağır səfərə yollanır: ya qayıdar, ya qayıtmaz.
Necə ola bilər ki, 9 ay «uçotda» həkim nəzarətində olan sağlam qadın, uşaq dünyaya gələndə ya özü, ya körpəsi, ya da hər ikisi həlak olur. Deməli, səhiyyədə problem var. Bunun üçün ciddi tədbirlər görülməli, cəzalar artırılmalıdır. «Uçota» durmayan ana da ciddi şəkildə cərimələnməlidir.
Nə isə, yazdıqca bitən dərd deyil. Ancaq ümidvaram ki, demək istədiklərimi tam doğlunluğu ilə olmasa da, çatdıra bildim.
Əgər ciddi tədbir görülməzsə, sözün həqiqi mənasında gözümüzü bir də açacağıq ki, ölkəmizdə ancaq qocalar qalıb…

0 comments:

23 Aprel hərəkatı


23 Aprel hərəkatı ılə tanışlıq:
23 Aprel hərəkatı qeyrətli Azərbaycan xalqının 23 aprel 2012-ci il bazar ertəsi günü geniş və sensasiyalı gecə etirazlarının dəstəkləyicisi olmuşdur və ölkə də baş verən hadisələr və hakimiyyətin qanunsuz işlərinə görə və həmçinin xalqımızın haqqını tələb edən, gənclər vasitəsi ilə yaradılıb.
23Aprel hərəkatı ölkədə öz fəaliyyətini azadlıq ,islahat və bərabər insan hüquqları nail olana qədər davam edəcək.

23 aprel logosı

23 aprel